Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:43

Atavizm


Aqşin YENİSEY


Yaxamızın Kaddafilərin əlində qaldığı – gəlin, Kaddafi-ABŞ qırğınına qarışmayaq, bu, ata-oğul arasına girmək kimi bir şeydir, bu qırğın, sadəcə, ABŞ atanın növbəti nankor diktator oğlu ilə haqq-hesab çürütməsidir - bu bekar bayram günlərində yekəliyinə görə heç də arktik, subarktik hava kütlələrindən geri qalmayan, hər axşamüstü şəhərin göylərini bürüyən, artıq fəxrlə milli hava tsiklonumuz adlandıra biləcəyimiz kabab tüstüsü milli mətbəximizin rəmzi sayılsa da, bu tüstü həm də milliliyimizin tarixi simvoludur.

Kabab dünya mətbəxində baş verən heç bir dəyişikliyi, eksperimenti, yeniliyi vecinə almayaraq, min ildir ki, mətbəximizin qədimliyinin keşiyini çəkir.

Pizza, hamburger, xaçapuri kimi soyu-kökü bilinməyən yadelli yavanlığın qənşərində dayanıb cızhacız tüstüləyir.

Filosof dostum Ağalar Məmmədov demiş, sivilizasiyaya və feminizasiyaya meyilli olan küftəninin, dolmanın namusu, isməti uğrunda, sözün həqiqi mənasında, özünü oda, közə atır.

Elə bəlkə, kababın zəhminin nəticəsidir ki, küftəmizin, dolmamızın, səbzi-plovumuzun sorağı Dubaydan, İstanbuldan gəlmir, yəni yeməklərimiz milli mətbəximizə yeməkbişirənlərimizdən daha sədaqətlidir.

Kababımızın zəhmi kişilərimizin zəhmindən daha effektlidir.

Bu günlərdə kafelərin birində iştirakçısı olduğum mübahisədən sonra kabab haqqında bu fikirlərə gəldim. Yanıq ətin qoxusunu dağ havası kimi ciyərlərinə çəkən masadakı qonaqlardan biri barmağını cızhacızla tüstülənən, üstündə, az qala, iri bir naxırı birdəfəyə şişə çəkmək mümkün olan beştonluq manqala tuşlayıb nə desə yaxşıdır: “Atavizm! Əcdada qayıdış!”

Mübahisə soyuqqanlılıqla deyilmiş bu «Atavizm» sözündən sonra başladı.

Tərəflərdən biri, yalnız həyət-bacada, dar dairədə vətənpərvərliklə məşğul olanı azadlığı başqa xalqların dəftərindən köçürdüyümüzü, özü də yaxşı köçürə bilmədiyimizi israr edir və türk oğluna ünvanlanan «Özünə qayıt, sən özünə qayıdanda böyük olursan!» tarixi şüarının kütlə tərəfindən düz başa düşülmədiyini və bu şüarı tez-tez səsləndirməklə səhvə yol verildiyini sübut etməyə çalışırdı:

«Budur, türk oğlu özünə qayıdıb, hər yerdə alaçiy ət yeyir, böyük olmağı da yekəqarınlılıq, avtomobilini qurdsayağı ulatmaq, atsayağı kişnətmək kimi başa düşür».

Başına örtdüyü qara mentalitet çadrasının altından ancaq gözləri görünən ikinci tərəf isə istənilən xalqın azadılıqsevərliyində mədəniyyətdən daha çox vəhşiliyin rolunun olmasından üyüdüb tökürdü.

Atavizm üstündə başlayan mübahisə ənənəvi olaraq dava-dalaşla, yəni atavizmlə də qurtardı. Yenə Freyd qalib gəldi: «Mentalitetin sonu vəhşilikdir!».

XX əsrdə doğulub yaşamasına baxmayaraq, dünyaya baxışı, gündəlik həyat tərzi, geyim-kecimi etibarilə IX əsrdən bəri keçməyən, heç keçmək fikrində də olmayan babamın kabab haqqında dediyi bir fikri yazıb, keçirəm əsas məsələyə.

Ətyeyən babam həmişə kababxanalarda, restoranlarda verilən kababdan şikayətlənirdi ki, indiki kişilər kabab bişirə bilmir, «Əti uzaqdan bir balaca ocağa göstərdin, bəsdir».
Bizim milli-mənəvi dəyərlər sistemində atavizm əlamətləri həmişə mövcud olub və biz buna həmişə adi hal kimi yanaşmışıq.

Məsələn, birini deyim, şifahi, daha sonra isə yazılı ədəbiyyatımızda, az qala, bütün xalq mahnılarımızda kişini ətyeyənlərə - şirə, pələngə, onun qıyqacı baxışlı xanımını isə otyeyənlərə - ceyrana, cüyürə bənzətmək şüuraltımızdakı atavizmin, hətta gizlin hannibalizmin üzə çıxmasıdır. Şir ceyranla yalnız onu parçalayanda münasibətə girir.

Məsələnin estetik tərəfini bir qırağa qoysaq - hərçəd kişini vəhşi şirə bənzətmək nə qədər estetikdir, deyə bilmərəm - xalqımızın yaratdığı milli ədəbiyyatda kişi qadına şikar kimi baxır.

Bu yanaşma yırtıcı əcdadın öz genləriylə bizə ötürdüyü milli şüuraltı mirasıdır.

Atavizmin ədəbiyyatda üzə çıxmasıdır. Görünür, əsir götürülmüş qəbilənin qadınlarını həmişə ağzının dadını bilən ən güclü qədim kişilər yeyirmiş.

Bu gün, doğurdan da, yan-yörəmizdə atavizmin əlamətləri şiddətlənir və bu, təkcə manqal başında deyil, hər şeyin başında baş verir.

Ancaq proseslərə antropoloji, geneloji, paleoloji və s. ...lojilərdən baxsaq, bu gün nəinki atavizmin, həm də yetişməkdə olan, az qala, hannibalizmin tumurcuqlarını görə bilərik.

Hannibalizmi tədqiq edən kitablarda qeyd olunur ki, ilkin hannibalizmdən (qisas məqsədi ilə düşməni öldürüb yemək) fərqli olaraq, sonrakı adamyeyənliyin məzmunu dəyişdi.

Əsir götürülmüş düşməni qul edib işlətməyin, onu basıb yeməkdən daha faydalı olduğunu anlayan qədim insanlar – onlar ilk kapitalistlər idi - sonralar yalnız iki halda hannibalizmə qurşanırdılar - ifrat toxluq və ifrat aclıq nəticəsində.

İfrat toxluq nəticəsində yediyi qidadan daha heç bir həzz almayan doymuş insanın yeni qidalanma həzzi axtarışı onu hərləyib axırda adam ətinə gətirib çıxardı və o zamanlar bu cür həzz xatirinə adamyeyənlik cəmiyyətin yuxarı kastalarına xas idi.

Aşağılar isə daha çox müharibələr, mühasirələr zamanı bir-birinin ətinə göz dikirdilər.

Kitablar yazır ki, Rusiyada Boris Qodunovun dövründə karvansaralarda gecələmək təhlükəli idi. Səhər ayılıb özünü kiminsə qarnında görə bilərdin. XI yüzillikdə Fransada adam yemək toyuq yemək qədər geniş yayılmışdı.

Valideyinlər acından ölməmək üçün sevimli balalarını bişirirdilər, yolçuları ovlamaq adət halını almışdı. Leypsiq döyüşündən sonra mühasirəyə düşmüş əlcəzairlilər qonum-qonşunun ətini yeməklə dolanırdılar.

XVI Lüdoviqin dövründə Fransada adam ətinin qiyməti bizim pulnan havayı idi. Bütün bu misalları sadalamaqda məqsədim diqqəti ölkənin adi toy süfrələrindəki lülə, tikə, qaban, danabasdırması bolluğuna yönəltməkdir. Bu cür şüursuz inkişaf edən qida bolluğunun mütləq davamı olmalıdır.

Xeyir-şər məclislərində yalnız şöhrət, başqasına öz var-dövlətini göstərmək xatirinə İnsandan başqa hər şeyin bişirilib sürəyə qoyulması adamda bir gün, hətta ilkin hannibalizmin dirçələcəyi, ac çoxluğun tox azlara hücum çəkəcəyi qorxusunu yaradır.

Ancaq ümid edək ki, biz gələcəkdə heç vaxt köz üstündə sızıldayan insan tikələrinin şahidi olmayacayıq, sonrası? Sonrası, Əli Səmid Kür demiş, nə ola, ola..

QAFQAZİNFO

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG