Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:21

Azərbaycandan olan israillilərin vahid assosiasiyası yaradıla bilər


«Azərbaycandan gələn İsrail sakinləri vətənlərinə xüsusilə xoş münasibət bəsləyirlər»

«Azərbaycandan gələn İsrail sakinləri vətənlərinə xüsusilə xoş münasibət bəsləyirlər»

Bu günlərdə Təl-Əvivin «Sheraton Towers» otelində İsrail Knessetinin deputatı keçmiş Azərbaycan sakini Yosef Şaqalın təşəbbüsü ilə keçirilən görüşdə peşə, yaş və millət baxımından çox müxtəlif olmalarına baxmayaraq, hamısı 10-15 il əvvəl Azərbaycandan İsrailə köçən adamlar iştirak edib. Deputatın dediyinə görə, görüşdə məqsəd, Azərbaycandan olan israillilərin vahid assosiasiyasını yaratmaq olub.

Cənab Şaqal «Azadlıq» radiosuna bildirib ki, Azərbaycan mənşəli mühacirlərin ümum İsrail təşkilatını yaratmaq ideyası onu çoxdan düşündürür və Təl-Əvivdəki həmin görüşü də o, məhz həmvətənlərinin bu barədə ümumi rəyini öyrənmək məqsədilə təşkil edibmiş. Deputatın dediyinə görə, görüşə gələ adamlar hamılıqla bu ideyanı alqışlayıb. Yeni assosiasiyanın təşkili artıq bu yaxınlarda başlanacaq. Azərbaycan icmasının bir qrup nümayəndəsi onun nizamnaməsi üzərində işə başlayıb. Görüşdə Azərbaycan mühacir cəmiyyətləri, eləcə də icmanın İsrail KİV-ində işləyən 20-dən çox nümayəndəsi öz həmvətənlərini bu assosiasiya haqda məlumatlandırmağı söz veriblər.


Yosef Şaqal tezliklə yeni təşkilatın təsis qurultayı keçiriləcəyini bildirib: «Gec-tez biz bunu etməli idik. Görüşdük, bu barədə danışdıq və mənim üçün ən vacib şey odur ki, adamlar bunu istəyirlər. Fikrimcə, biz ilk növbədə təhsil, mədəni mübadilə, qarşılıqlı iqtisadi əlaqələri nizamlamaq üçün daimi komissiyalar, layihələr yaratmalıyıq. Azərbaycanın hava yolları şirkətindən başqa İsraildə heç bir nümayəndəliyi yoxdur.

Keçmiş Sovet İttifaqının başqa respublikalarından olan icmalardan fərqli olaraq Azərbaycandan gələn İsrail sakinləri vətənlərinə xüsusilə xoş və səmimi münasibət bəsləyirlər
Buna görə biz heç olmasa ticarət-sənaye palatasını yaratmalıyıq. Bizim Azərbaycanla əlaqələrimiz kəsilməsə də sistem xarakteri daşımır. Biz istəyərdik ki, bura teatr və musiqi xadimləri, simfonik, estrada kollektivləri daha çox gəlsin. İndiki vəziyyət bizi qane etmir. Azərbaycandan olan icma mədəniyyətə çox meyllidir. Misal üçün keçən il Rus Dram Teatrı qastrola gələndə zallar ağzına kimi dolmuşdu. Axı Azərbaycanda, Bakıda, çox yaxşı yaradıcı kollektivlər var».


Cənab Şaqal İsrail mədəniyyət işçilərinin də Azərbaycana getməkdə maraqlı olduğunu bildirdi:

Yosif Şaqal: «Bu gün bizim problemimiz informasiya və ünsiyyət qıtlığı ilə bağlıdır»
«Bizdə də çox yaxşı musiqi kollektivləri, teatr truppaları var və böyük məmnuniyyətlə Azərbaycana gedərlər. Daha bir sahə peşəkar mütəxəssislərlə mübadilədir. Məsələn, Moskvada bu gün yüksək texnologiyalar, KİV, tibb və mədəniyyət sahələrində 60 minə yaxın İsrail vətəndaşı işləyir. Niyə axı Azərbaycandan olan İsrail vətəndaşları məsələn, Bakıda işləməsin? Axı bu gün Bakıda hətta Moskva ilə müqayisədə yaxşı mütəxəssislərə çox böyük tələbat var. Bütün bunlarla sözü gedən daimi komissiyalar məşğul ola bilər. Yanvarda yaxud fevralın ortalarında yeni assosiasiyanın təsis qurultayını planlaşdırmışıq. Onun adını hələ dəqiq bilmirəm, amma işçi variant olaraq biz onu İsrail-Azərbaycan Dostluq Assosiasiyası adlandırırıq».


Deputat Şaqalın dediyinə görə, onun bu ideyası Azərbaycanda da çox böyük maraqla qarşılanıb, rəsmi nümayəndələr mənəvi dəstəkdən əlavə konkret yardım edəcəklərini də təklif edirlər. Deputat Bakıya üç səfəri əsnasında ən müxtəlif səviyyələrdə olan görüşlərində belə rəy və vədlərin səsləndiyini bildirib: «Xarici İşlər naziri cənab Elmar Məmmədyarovla, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Nazim İbrahimovla biz bu məsələni müzakirə etdik. Azərbaycandan olan israillilərin assosiasiyasını yaratmaq ideyası bəyənildi və hətta onlar bu işə kömək etməyə hazır olduqlarını bildirdələr. Bütün bunlar bizi olduqca sevindirir və ümidvaram ki, biz birlikdə işləyəcəyik».


Yosif Şaqal onu da qeyd etdi ki, keçmiş Sovet İttifaqının başqa respublikalarından olan icmalardan fərqli olaraq Azərbaycandan gələn İsrail sakinləri vətənlərinə xüsusilə xoş və səmimi münasibət bəsləyirlər: «Azərbaycan icması bu mənada çox istiqanlıdır, bu illərdə bircə dəfə də Bakı haqqında nəyinki pis, hətta ikimənalı söz eşitməmişəm. Onların hamısı bu ölkə üçün darıxır, barəsində informasiya almağa çalışırlar. Bu gün bizim problemimiz informasiya və ünsiyyət qıtlığı ilə bağlıdır. İsraildə Azərbaycan səfirliyi, ticarət nümayəndəliyi açılmayana kimi həmin vakuumu bizim assosiasiya müəyyən qədər doldura bilər və iki ölkənin yaxınlaşmasına kömək edə, xüsusilə də bunda hər iki tərəfin maraqlı olduğunu nəzərə alsaq».


Günün bütün mövzuları

XS
SM
MD
LG