Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:00

MSK tam tərkibdə formalaşacaqmı?


Hazırda MSK-nın 18 üzvündən 5-i yoxdur
Hazırda MSK-nın 18 üzvündən 5-i yoxdur
Milli Məclisin ötən iclasında spiker Oqtay Əsədov bildirmişdi ki, Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin formalaşdırılmasına dair müzakirələr dekabrın 8-ə planlaşdırılır. Ancaq, elə indidən MSK-da boş qalan yerlərlə bağlı bir çox müxalifət partiyaları parlamentdə aparılacaq müzakirələrdən çox az şey gözləyirlər. Çünki, müxalifətdə olan Müsavat partiyası komissiyaların paritet əsasda formalaşması tələbində israr etdiyindən ona ayrılan yerə namizəd verməyib. 4 müxalifət partiyasının birləşdiyi «Azadlıq» blokundan isə heç kim deputat seçilə bilmədiyindən bu blok ümumiyyətlə formalaşdırılma prosesindən kənarda qalıb. Mövcud qanunvericiliyə görə MSK-dakı 18 yerdən 6-sı hakim Yeni Azərbaycan Partiyasına (YAP), 6-sı bitərəflərə, 6-sı da parlamentdə azlıqda qalan partiyalara verilir. Artıq YAP MSK-da ona ayrılan bütün yerləri tutub. Bitərəflərin isə yalnız 5 üzvü hələ ki, bu qurumda fəaliyyət göstərir. Onlara məxsus yerlərdən biri azlıqda qalan partiyalarla razılaşdırılmalı olduğundan onlar hələ ki, MSK-ya 6-cı nümayəndələrini göndərə bilməyiblər. Ana Vətən, Sosial Rifah və Vətəndaş Birliyi partiyasının 3-ü birlikdə bir, Böyük Qurluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Demokratik İslahatlar Partiyası da öz növbələrində bir namizəd müəyyən edərək MSK-ya göndəriblər. Beləliklə, hazırda MSK-nın 18 üzvündən 5-i yoxdur, amma 13 üzvlə də Komissiya fəaliyyət göstərə bilir. Boş qalan 5 yerdən 4-ü parlamentdə azlıqda olan digər 4 partiya Müsavat, Ümid, Ədalət və Vətəndaş Həmrəyliyi Partiyası arasında bölüşdürülməli, bir yerə isə onlarla razılaşdırılmaqla bitərəflər namizəd verməlidirlər.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyir ki, Müsavat namizəd verməkdən imtina etdikdən sonra qalan yerlərin necə tutulacağı müzakirələrin gedişindən asılı olacaq. Ancaq, o nəzəri baxımdan bu məsələnin həllində hər hansı bir problem görmür: «Əgər belə davam etsə, yəni Müsavat öz namizədini verməsə onda bu yer də digər azlıqda qalan partiyalar arasında razılıq əsasında tutulacaq».

«Bizim MSK-da iştirak edib-etməməyimiz mahiyyəti dəyişmir. Çünki, onsuzda komissiyalar YAP-ın nəzarətində olacaqdı, sədrlər də ancaq bu partiyadan seçiləcəkdi»
Müsavat partiyasında da MSK-da boş qalan yerlərin onların iştirakı olmadan tutulacağını istisna etmirlər. Ancaq, bu partiyanın icra aparatının rəhbəri Arif Hacılı deyir ki, itki böyük olmadığından bu onları o qədər də təəssüfləndirmir: «Yəni bizim iştirak edib-etməməymiz mahiyyəti dəyişmir. Çünki, onsuzda komissiyalar YAP-ın nəzarətində olacaqdı, sədrlər də ancaq bu partiyadan seçiləcəkdi».


Arif Hacılı deyir ki, komissiyaların paritet əsasda formalaşması ilə bağlı təkliflərini hələ bu ilin əvvəllərində parlament rəhbərliyinə göndərsələr də bir cavab almayıblar. Ancaq, onun sözlərinə görə, bu ara parlament rəhbərliyi ilə müəyyən şifahi danışıqlar da aparıblar. Arif Haclının sözlərinə görə hətta Müsavat partiyasından olan millət vəkilləri vasitəsilə onlara parlament rəhbərliyi adından müəyyən təkliflər də çatdırılıb. Yəni bildirilib ki, əgər Müsavat komissiyaların işinə qatılırsa onlara iki yer də verilə bilər. Müsavatın ayrı-ayrı funksionerləri onlara parlament rəhbərliyindən bu tip təkliflərin gəlməsiylə bağlı qəzet səhifələrində də müxtəlif bəyanatlar versələr də, qarşı tərəf indiyə qədər deyilənləri nə təkzib, nə də təsdiq edib. Arif Hacılı deyir ki, həmin təklifin rədd edilməsindən sonra hakimiyyətin MSK-da boş qalan yerlərlə bağlı məqsədi onlara məlum deyil. Ancaq nəzərə alsaq ki, Ümid, Ədalət və Vətəndaş Həmrəyliyi Partiyası artıq öz namizədlərinin adını Milli Məclisə göndəriblər onda Müsavata cəmi 1 yerin qaldığı məlum olur. Çünki boş qalan 5 yerdən biri bitərəflərə məxsusdur.


Arif Hacılı deyir ki, hakimiyyət Müsavatı da MSK-ya gətirməklə bu qurumun başlıca müxalifət partiyalarının iştirakı ilə formalaşdığını beynəlxalq birliyin nəzərinə çatdırmaq istəyirdi. Ancaq, onun sözlərinə görə Müsavat hakimiyyətin bu siyasətinin iştirakçısına çevrilmək istəmir.


Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyir ki, Müsavat ilə parlament arasında yaranan bu problemə onlar qarışmaq istəmirlər. İqbal Ağazadənin sözlərinə görə, MSK-nın işinə qatılmamaq haqda müxalifət partiyaları arasında vahid qərar olmadığından Milli Məclisə öz namizədlərinin adını verdiklərinə görə onları heç kim qınaya bilməz: «Bütün müxalifət partiyaları birgə mübarizə ilə bağlı vahid bir sənəd ortalığa qoysunlar, bizdə MSK-dan imtina edək».


Azərbaycan hökuməti seçki komissiyaları ilə bağlı Avropa Şurasının Venesiya komissiyası ilə də danışıqlar aparır. Venesiya komissiyasının Azərbaycan hökumətinə ünvanlanan təkliflərində həm komissiyaların paritet əsasda formalaşması, həm də komissiyaların işində daha çox peşəkarlara üstünlük verilməsi tövsiyə edilirdi. Azərbaycan hökumətinin təmsilçiləri isə dəfələrlə bildiriblər ki, onlar komissiyaların paritet əsasda formalaşması təkliflərini ədalətli saymırlar. Hətta prezident bildirib ki, komissiyalar bərabər əsasda formalaşsa, bu vəziyyət komissiyanın işləməsi mümkün olmayacaq.


Ancaq, Azərbaycanın Venesiya komissiyasındakı nümayəndəsi Lətif Hüseynov isə deyir ki, hazırkı danışıqlar pozitiv məcrada davam edir. Ancaq, komissiyaların paritet əsasda formalaşmasıyla bağlı Azərbaycan hakimiyyətinin mövqeyində hansısa dəyişikliyin olması indilikdə məlum deyil.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG