Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:01

Körpülər tıxac problemini aradan qaldıracaqmı?


Yeni tikilən körpünün yanında tıxac, 7 dekabr 2006-cı il

Yeni tikilən körpünün yanında tıxac, 7 dekabr 2006-cı il

Dekabrın sonunda Bakıda ilk körpü istifadəyə veriləcək. Dörd cərgəli hərəkət üçün nəzərdə tutulan və uzunluğu 329 metr olan bu körpü Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişdiyi yerdə tikilib. Prezidentin sərəncamına uyğun olaraq bu körpü ilə eyni vaxtda tikintisinə başlanan digər 8 körpünün və 13 piyada keçidinin inşası isə hələ də davam edir. Bu tikintiləri hələ gələn ilin sonuna tam başa çatdırmaq nəzərdə tutulur.

Körpü və keçidlərlə yanaşı Bakıda tikilən saysız-hesabsız binalar, bu tikintilərin ətraflarındakı kələ-kötür yollar-bütün bunlar isə hər kəsdən çox sürücülərin probleminə çevrilib.


Tikintilərin hamısının eyni vaxtda başlaması paytaxtda bir çox yolların ya bağlanmasına, ya da hərəkətin məhdudlaşmasına səbəb olub. Nəticədə axşam saatlarında Bakının mərkəzi hissəsində piyada 10-15 dəqiqəyə gedilməsi mümkün olan yolu avtomobillə ən tezi 30-40 dəqiqəyə qət etmək olur.


Dekabrın sonunda Bakıda ilk körpü istifadəyə veriləcək
Nəqliyyat Nazirliyindən isə deyirlər ki, körpülərin tikintisi gedərkən yollarda sıxlığın yaranacağı hələ əvvəldən nəzərə alınıbmış. Amma, yollarda tıxac problemi kritik həddə çatdığından körpülərin tikintisinə eyni zamanda başlamaq məcburiyyəti yarandı. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənovun dediyinə görə, yaxın günlərdə Ayna Sultanova heykəlinin yanındakı körpünün də tikintisi yekunlaşacaq. Gələn ilin ilk üç ayında isə daha 2 və ya 3 körpü istifadəyə veriləcək. Namiq Həsənov hesab edir ki, bu ilin sonunadək bir neçə keçidlərin tamamlanmasıyla şəhərin mərkəzindəki yüklənmə aradan qaldırılacaq.


Amma, Azad Nəqliyyatçılar Birliyindən Səyavuş İsmayılov deyir ki, körpülər və qovşaqlar tikiləndən sonra da tıxac problemi aradan qalxmayacaq. Çünki, tıxacın yaranmasına əsas səbəb paytaxta olan əhali axını və avtomobillərin sayının gündən-günə artmasıdır: «Rəsmi məlumata görə Bakıda 2 milyon sakin var, amma əslində 4 milyondur, onlarında əksəriyyətinin maşını var».


Bəzi ekspertlərə görə isə, körpülər istifadəyə veriləndən sonra sürücülər başqa bir problemlə üzləşəcəklər. Çünki, şəhərin mərkəzinə doğru yollarda tikilən körpülər nəqliyyatın hərəkətini sürətləndirib mərkəzdə yaranan tıxacları daha da artıracaq. Dövlət Yol Polisindən isə deyirlər ki, bu problemin qarşısını almaq üçün əlavə tədbirlər görüləcək. Bakıda hərəkəti nizamlayan mərkəzləşdirilmiş svetofor və buraxıcı sistemin qurulmasına artıq başlanıb. Bu, avtomobillərin hərəkətini nizamlayacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG