Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

«525-ci qəzet»: «Qarabağ məsələsinin BMT-də müzakirəsi təxirə salınıb»


«Yeni Müsavat» qəzeti yazır ki, ANS öz fəaliyyətini dayandırsa da, telekanalla bağlı söz-söhbətlər hələ də səngiməyib. Tezliklə bağlı Milli Teleradio Şurasının keçirdiyi tenderə qatılmayan ANS rəhbərliyi iki gün əvvəl bütün kollektivin buraxıldığını elan edib. Müəllif ANS televiziyasının baş siyasi icmalçısı Sevil Nuriyeva ilə söhbətində bəzi suallara aydınlıq gətirməyə çalışıb. «Milli Teleradio Şurasının bəyanatları qənəatbəxş deyil. Onlar mənə daha çox bəhanə xarakterli təsir bağışladı», - deyən xanım Nuriyevanın sözlərinə görə, bir-iki ay bundan öncə Nuşirəvan Məhərrəmli özü ANS-in fəaliyyətinin nə qədər düzgün olduğunu, qanunlarda boşluqların olmasına baxmayaraq, bu boşluqların doldurulması ilə bağlı telekanala minnətdar olduğunu bildirmişdi. Sevil Nuriyeva dövlət başçısının ANS-lə bağlı mövqeyini hələ demədiyi qənaətindədir. Onun fikrincə, dövlət başçısı ANS-lə bağlı məsələyə müdaxilə edəcək və ANS-in fəaliyyəti bərpa olunacaq.


«Bakı-Xəbər» qəzetindəki «Azərbaycan Transxəzər kəmərləri seçimi qarşısında» başlıqlı məqalədə bildirilir ki, Xəzərin dibilə qaz kəmərinin çəkilişi yenidən dünya siyasətini müəyyənləşdirən qüvvələr tərəfindən diqqət mərkəzinə gətirilib. Buna əsas səbəb isə Avropa Birliyinin Xəzərin dibilə Qazaxıstandan Azərbaycana qaz kəmərinin çəkilişinə marağını nəzərəçarpacaq dərəcədə artırmasıdır. Müəllif yazır ki, Xəzərin dibilə Qazaxıstandan, perspektivdə Türkmənistandan Azərbaycan ərazisinə qaz kəmərinin çəkilişi və beləliklə, Orta Asiya dövlətlərinin «mavi yanacağ»ının Avropaya çatdırılmasına ABŞ da xüsusi maraq göstərir. Ancaq Rusiya, Avropa üzərində enerji hegemonluğunu itirməmək məqsədilə, aydındır ki, belə bir kəmərin çəkilişinə icazə verməyəcək. Lakin o da faktdır ki, Qərb ölkələri də, Rusiyanın enerji hegemonluğuna son qoymaq məqsədilə, adları çəkilən postsovet ölkələrinə daha effektiv təsir göstərməyə çalışacaqlar. Elə bu da, ekspertlərə görə, Azərbaycan və Qazaxıstanı Transxəzər boru kəmərlərinin çəkilişində konkret seçim etməyə vadar edəcək. Bu seçimin isə, daha çox, Xəzərin hüquqi statusu əsas gətirilərək, Moskvanın lehinə ola biləcəyi istisna edilmir.


«525-ci qəzet» dəki «Qarabağ məsələsinin BMT-də müzakirəsi təxirə salınıb» başlıqlı məqalədə müəllif yazır ki, GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələrindəki «dondurulmuş» münaqişələrlə bağlı məsələnin BMT Baş Assambleyasının sessiyasında bu günə nəzərdə tutulan müzakirəsi təxirə salınıb. Bu barədə dörd ölkənin Xarici İşlər nazirlərinin Brüsseldə ATƏT XİN başçılarının illik iclası gedişində keçirilmiş görüşündə qərar qəbul olunub. Sözügedən məsələ çərçivəsində Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələrindəki vəziyyət müzakirə olunmalı idi. Baş Assambleyadakı müzakirənin ertələnməsi faktını təsdiqləyən Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin bildirdiyinə görə, GUAM ölkələri son günlər bu barədə məsləhətləşmələr aparıblar və nəticədə məsələnin müzakirəsinin bir qədər təxirə salınmasına dair yekdil qərar qəbul olunub. O, nəzərə çatdırıb ki, GUAM ölkələri «gələcək müzakirələrə daha yaxşı hazırlaşmaq və bu təşəbbüsü irəli sürərkən nəzərdə tutduqları nəticələri əldə etmək» məqsədilə belə qərar qəbul ediblər.


«Xalq Cəbhəsi» qəzetinin əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dekabrın 6-dan keçirməyə başladığı əmək yarmarkasında müşahidələr aparıb. «İş elanları» ilə tanış olan müəllif vəziyyətin heç də ürəkaçan olmadığını yazır. Belə ki, insanlara təklif olunan iş yerlərinin əksəriyyəti aşağı maaşlıdır - 80-100 manat. Lökbatanda yerləşən «Halal» mağasında fəhlə işləmək üçün aylıq 60 manat təklif olunur. Elektrik montyoru ayda 80, qaz qaynaqçısı isə 85 manata razılaşarsa, bu cür işçilərin işlə təmin olunmaq ehtimalı var. Müəllif yazır ki, yarmarkaya müraciət edənlər arasında təkcə işsizlər yox, həm də hazırda iş yeri olanlar da var. «Bakı Kondisioner» Açıq Tipli Səhmdar Cəmiyyətinin işçisi deyir ki, aylarla əməkhaqqı almadığına görə, yarmarkaya iş dalınca gəlib.


XS
SM
MD
LG