Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:14

«Yeni Müsavat» qəzetindəki «Hüseyn Arabulun həbsinə hazırlıq gedir» başlıqlı məqalədə bildirilir ki, hakimiyyət «Barmek» prezidentini həbs etməyə hazırlaşır. Müəllif adını açıqlamadığı mənbəyə istinadən yazır ki, son günlər Az.TV-də nümayiş etdirilən və şirkətin Azərbaycandakı 5 ilə yaxın müddət ərzində fəaliyyətini pisləyən materiallar, Arabulun artıq neçənci dəfədir ki, ölkədən buraxılmaması da məhz bu prosesin tərkib hissəsidir. Mənbə onu da bildirir ki, Hüseyn Arabul hələ xeyli əvvəl həbs olunmalıymış. Sadəcə olaraq, Türkiyə hökumətinin ən yuxarı səviyyədə məsələyə qarışması prosesi müəyyən qədər ləngidib. Mənbənin bildirdiyinə görə, Arabula qarşı iqtisadi yox, siyasi iddia qaldırılacağı gözlənilir. Belə ki, şirkət prezidenti dövlət çevrilişinə cəhddə iştirakda suçlandırılaraq həbs olunacaq.


«Bakı-Xəbər» qəzetindəki «Dağlıq Qarabağ probleminin müharibə yolu ilə həlli arxivə göndərilir» başlıqlı məqalədə bildirilir ki, uzun müddətdən bəri Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər sırasında yerinə yetirmək istəmədiyi məsələlərdən biri də «Alternativ hərbi xidmət haqqında» qanun layihəsinin hazırlanaraq qəbul edilməsilə bağlı olub. Hakimiyyət rəsmiləri Azərbaycanın müharibə şəraitində olduğunu əsas gətirərək, sözügedən qanunun qəbulunun qeyri-məqbul olduğunu başlıca arqument kimi irəli sürürdülər. Lakin bir müddət əvvəl mediada Milli Məclisdə «Alternativ hərbi xidmət haqqında» qanun layihəsinin hazırlanmasına dair məlumatlar dolaşmağa başladı. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev nəinki sözügedən qanun layihəsinin parlamentdə hazırlanma prosesinin getdiyini təsdiqləyib, həm də artıq onun Avropa Şurası ekspertlərinə göndərildiyini vurğulayıb. Müəllif yazır ki, bu qanunun qəbulunun Ermənistan və Azərbaycan prezidentlərinin Minsk görüşündən sonra gündəmə gətirilməsini ekspertlər hakimiyyətin təslimçi sülh sazişinə hazırlaşması ilə bağlayırlar.


«Yeni Azərbaycan» qəzeti xəbər verir ki, dünən Dövlət Neft Şirkəti (DNŞ) ilə «MakDermot» arasında sualtı qaz xətlərinin çəkilişinə dair saziş imzalanıb. Sənəd Xəzər dənizinin Azərbaycan sektorundakı «Günəşli» yatağından qaz kəmərlərinin çəkilişini nəzərdə tutur. Belə ki, sazişin müddəalarına görə, «MakDermot» «Günəşli»dən «Neft Daşları»na kimi uzunluğu 14 km olan qaz kəmərini inşa edəcək. Bundan əlavə, qaz kompressor stansiyasından «Neft Daşları»na kimi olan 24,5 km-lik 123 metr dərinlikdə yerləşən sualtı kəməri çəkəcək. Mərasimdə iştirak edən DNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib ki, sualtı qaz xətlərinin çəkilişini nəzərdə tutan layihə xarici şirkətlərlə müştərək həyata keçiriləcək.


«Mərkəz» qəzetinin əməkdaşı yazır ki, Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən və böyrək almaq üçün növbəyə dayananların sayı 115-ə çatıb. Ümumiyyətlə isə ölkədə xroniki böyrək çatışmazlığından 601 nəfər əziyyət çəkir. Ürəyi yaşamaq eşqi ilə döyünən xəstələri bu bəladan qurtarmaq üçün dializ köçürülsə də, uzun müddət həyat vermək üçün transplantoloji əməliyyatın keçirilməsi vacibdir. Amma xəstələr Azərbaycanda transplantoloji mərkəzin olmamasından da əziyyət çəkirlər. Respublika Uroloji Xəstəxanasının baş həkimi Kamal Abdullayevin fikrincə, ölkədə bu işə başlamaq üçün ən azı 5-6 müxtəlif ixtisas sahələrini bilən həkim briqadası yaratmaq lazımdır.


XS
SM
MD
LG