Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:21

Xaricdəki azərbaycanlılar son proseslərə necə baxırlar?


Yaponiyada Azərbaycanın milli müsiqi və mədəniyyətinə həsr olunmuş tədbir keçirilib

Yaponiyada Azərbaycanın milli müsiqi və mədəniyyətinə həsr olunmuş tədbir keçirilib

Azərbaycanda media ətrafında baş verən son prosesləri xaricdəki azərbaycanlılar da diqqətlə izləyir və onların dediyi kimi, ANS-in bağlanması, «Azadlıq» qəzeti və başqa kütləvi informasiya vasitələrinin yerləşdiyi binadan çıxarılması narahatlıq doğurur.

Fəxri Kərimli Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədr müavini, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin komissiya sədridir. O, deyir ki, media ilə bağlı belə hadisələr xaricdə Azərbaycanın imicinə zərbə vura bilər. Amma cənab Kərimli əmindir ki, Azərbaycan hökuməti məsələ ilə bağlı düzgün addım atacaq və narazılıqlar qanun çərçivəsində aradan qaldırılacaq.


Avropa İnsan Haqları Təşkilatının Qafqaz üzrə təmsilçisi, Almaniyada yaşayan İntiqam Məmmədov isə deyir ki, Almaniyada yaşayan azərbaycanlıların bir qrupu media ətrafında baş verən proseslərlə əlaqədar etiraz aksiyası keçirməyi planlaşdırırlar: «Xaricdə yaşayan azərbaycanlıların hamısı istəyir ki, Azərbaycanda demokratiya, söz azadlığı bərqərar olsun. Əgər jurnalistlərin təqib olunması bundan sonra da davam etsə, biz başqa Avropa ölkələrində yaşayan soydaşlarımızla aksiyalar keçirməyi planlaşdırmışıq».


Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri, Rotterdamdan Elsevər Məmmədov isə bildirir ki, media ilə bağlı proseslər, xüsusilə ANS-in bağlanması onu kədərləndirib, amma Azərbaycandan uzaqda olduğu üçün bu məsələlərin mahiyyəti ilə tam tanış deyil, buna görə də hansısa fikir söyləməkdə çətinlik çəkir: «ANS bizim ən sevimli kanalımızdır. Amma deyilənə görə, ANS-in lisenziya, ya da vergi ilə bağlı problemi olub. Qanun qanundur. Və onlar qanun çərçivəsində işlərini görməlidirlər».


«Yeni Müsavat» qəzetinin keçmiş əməkdaşı Şahnaz Mətləbqızı Norveç hökumətindən siyasi sığınacaq alıb və hazırda bu ölkədə yaşayır. O, deyir ki, baş verənlər onu göstərir ki, Azərbaycanda media, demokratiya sahəsində vəziyyət nəinki düzəlir, əksinə getdikcə daha da pisləşir: «Bu proseslər yalnız hakimiyyətlə müstəqil mətbuat arasında qarşıdurmaya və körpülərin yandırılmasına gətirəcək». Xanım Mətləbqızının fikrincə, belə vəziyyət jurnalistlərin və siyasətçilərin ölkəni tərk etməsinə gətirib çıxara bilər.


Norveçdə «Karvansaray. Azərbaycan- odlar ölkəsi» adlı sərgi keçirilir


Norveçin Stavanger şəhərinin Arxeologiya Muzeyində «Karvansaray. Azərbaycan- odlar ölkəsi» adlı sərgi keçirilir. Noyabrın 12-də açılan sərgi aprelin 15-dək davam edəcək. Norveç-Azərbaycan Mədəni Cəmiyyətinin sədri İrac İsmayıllı deyir ki, sərgidə qədim dövrlərə aid əl işləri, xalçalar və müasir rəssamların rəsmləri nümayiş etdirilir. Onun sözlərinə görə, Azərbaycanla bağlı belə böyük sərgi ilk dəfə Norveçdə keçirilir: «Xaricilər də sərgiyə böyük maraq göstərirlər. Onların diqqətini ən çox qədim əl işləri cəlb edir».


Yaponiyada Azərbaycanın müsiqi və mədəniyyətinə həsr olunmuş tədbir keçirilib


Ötən şənbə günü Yaponiyanın Osaka şəhərində Azərbaycanın milli müsiqi və mədəniyyətinə həsr olunmuş tədbir keçirilib. Tədbiri Azərbaycan –Yaponiya Dostluq Cəmiyyəti Qafqaz-Xəzər Salonu layihəsi çərçivəsində təşkil edib. Bu, layihə çərçivəsində keçirilən sayca dördüncü tədbirdir. Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin sədri Rəhman Şahhüseynli deyir ki, əvvəlki tədbirlər seminar və konfranslar şəklində keçirilirdi, axırıncı tədbir isə bayram əhval-ruhiyyəsində olub. Tədbirdə beş ilə yaxındır Yaponiyada yaşayan azərbaycanlı professional rəqqas Ramil Cəfərov da iştirak edib.


XS
SM
MD
LG