Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:42

Dekabrın 31-də əfv fərmanı imzalana bilər


Səməd Seyidov yeni məruzəçinin təyin olunması ilə bağlı təhlükənin sovuşduğunu deyir

Səməd Seyidov yeni məruzəçinin təyin olunması ilə bağlı təhlükənin sovuşduğunu deyir

Dekabrın 31-də əfv fərmanı imzalana bilər. Bunu dekabrın 4-də siyasi məhbuslarla bağlı hökumət təmsilçiləri və hüquq müdafiəçilərindən ibarət İşçi Qrupun toplantısında iştirak edən Çingiz Qənizadə deyir. Onun sözlərinə görə, hüquq müdafiəçiləri toplantıda ilk növbədə, səhhəti ağır olan altı nəfərin əfv olunmasını istəyiblər. Həmin şəxslərin arasında Azərbaycanın ilk Milli qəhrəmanı Rasim Əkbərov, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü Akif Hüseynov, AXCP fəalı Arif Əliyev, Demokrat Partiyasının üzvü Natiq Əfəndiyev də var. Bundan başqa, hüquq müdafiəçiləri dövlət çevrilişinə cəhddə ittiham olunmuş Pirəli Orucov, «Yeni Fikir» Gənclər Təşkilatının rəhbərləri Ruslan Bəşirli, Ramin Tağıyev, xüsusən də səhhəti ağır olan Səid Nurinin, «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun məsələsini müzakirə ediblər. Çingiz Qənizadə deyir ki, onların təqdim etdiyi siyasi məhbus siyahısında 50 nəfərin adı var.



Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görəsə, istər hüquq müdafiəçilərinin, istərsə də qurumun həmməruzəçilərinin siyasi məhbuslarla bağlı qaldırdıqları bütün məsələlər diqqət mərkəzində saxlanır. Və bu məsələlər prezident yanında yaradılmış Əfv Komissiyasında və başqa rəsmi qurumlarda araşdırılacaq. Növbəti toplantıda isə İşçi Qrupa məlumat veriləcək:


«Biz görürük ki, hüquq müdafiəçiləri yığışmaq naminə bir yerə toplaşmırlar. Dövlət rəsmiləri də, qeyri-hökumət təşkilatları da məsuliyyətlərini dərk edirlər. Bunun üçün də İşçi Qrup fəaliyyətini davam etdirməlidir»
«Qərara gəldik ki, növbəti iclasadək qaldırılan bütün məsələlər dövlət qurumları tərəfindən ciddi təhlil olunmalıdır. Əminəm ki, bu istiqamətdə aparılan iş hər bir qanun pozuntusunun aradan qaldırılmasına kömək edəcək. Əfv fərmanına gəlincə, bu, artıq bizim səlahiyyətimizə aid məsələ deyil».

Toplantıda iştirak edən hüquq müdafiəçilərinin sözlərinə görə, İşçi Qrupun toplantısı yanvarın əvvəllərinə təyin olunsa da, əfv fərmanı reallaşdığı halda, qrup yaxın günlərdə də toplana bilər.


İşçi Qrupun son toplantısı bu ilin noyabrın 2-də keçirilmişdi. O zaman hüquq müdafiəçiləri adətən toplantıların keçirildiyi Milli Məclisə getməkdən imtina edərək Avropa Şurasının Bakıdakı ofisində yığışmışdılar. Həmin iclasa AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri də qatılmışdılar. Hüquq müdafiəçilərinin narazılığı prezidentin imzaladığı əfv fərmanına İşçi Qrupun təklif etdiyi şəxslərin adlarının salınmaması idi. Onlar təkliflərinin nəzərə alınmadığı halda, bu qrupda fəaliyyət göstərməyin əhəmiyyətsiz olduğunu bildirir və hətta AŞ PA-nın ötən illərdə olduğu kimi, yenə də siyasi məhbuslar üzrə məruzəçi təyin etməsini təklif edirdilər. Amma o zaman toplantının iştirakçısı olan AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel problemlərin qrupda həllinin vacibliyini bildirmişdi. Eyni zamanda, əlavə etmişdi ki, bu problem dekabrın sonuna kimi həll olunmasa, o, özü şəxsən siyasi məhbus üzrə məruzəçinin təyin olunmasını tələb edəcək.


Ayda bir dəfə toplanmağa qərar verən İşçi Qrupun üzvləri dekabrdakı müzakirələrin konstruktiv ovqatda keçdiyini bildirirlər. Hətta növbəti dəfə Avropa Şurasının ofisində yox, adəti üzrə parlamentdə yığışmağa qərar veriblər.


Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə İşçi Qrupun fəaliyyətini dayandırması və yeni məruzəçinin təyin olunması ilə bağlı təhlükənin sovuşduğunu deyir və buna görə hüquq müdafiəçilərinə təşəkkür edir: «Biz görürük ki, hüquq müdafiəçiləri yığışmaq naminə bir yerə toplaşmırlar. Dövlət rəsmiləri də, qeyri-hökumət təşkilatları da məsuliyyətlərini dərk edirlər. Bunun üçün də İşçi Qrup fəaliyyətini davam etdirməlidir».


Hərçənd, hüquq müdafiəçiləri bildirirlər ki, növbəti toplantının taleyi daha çox hökumətin siyasi məhbus probleminin həllində nə dərəcədə maraqlı olmasından, prezidentin əfv fərmanı imzalayıb-imzalamamasından və bu halda sənədə kimlərin adlarının salınmasından asılı olacaq.


Hüquq müdafiəçiləri İşçi Qrupun nəinki fəaliyyətini davam etdirməsinin, hətta çevrəni genişləndirməsinin tərəfdarı olduqlarını deyirlər. Bu baxımdan da qrupun təkcə siyasi məhbus məsələsini deyil, ANS televiziyasının bağlanması, Xəqani 33-də yerləşən media vasitələrinin ofisindən və AXCP-nin qərargahından çıxarılmasını da müzakirə etməyi təklif ediblər. Hüquq müdafiəçisi Səidə Qocamanlıya görə, ölkədə siyasi məhbus məsələsinin qapanması üçün səbəblər aradan qaldırılmalıdır. Səməd Seyidovun qənaətincəsə, qrupun formatını genişləndirməyə ehtiyac yoxdur, lazımdırsa bu yöndə ayrıca qrup yaradıla bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG