Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:14

Elektrik almaq üçün yeganə yol mazutdan istifadədir?


«Qazprom» şirkətindən gələn il üçün Azərbaycana yalnız 1,5 milyard kubmetr qaz satıla biləcəyi bildirilib
«Qazprom» şirkətindən gələn il üçün Azərbaycana yalnız 1,5 milyard kubmetr qaz satıla biləcəyi bildirilib

Rusiyanın gələn ildən Azərbaycana qaz satışının həcmini üç dəfə azaltması və qiyməti iki dəfə qaldırması ölkədə elektrik stansiyalarında qazdan deyil, mazutdan istifadə edilməsi məsələsini gündəmə gətirib. Dekabrın 1-də prezident İlham Əliyev enerji problemləri ilə bağlı keçirilən müşavirədə də bildirib ki, əgər növbəti il üçün Rusiyadan qaz almaq mümkün olmasa, elektrik enerjisi mazut hesabına istehsal oluna bilər. Prezident hökumətə tapşırıq verib ki, ölkəni elektriklə təmin etmək üçün müxtəlif variantlar kimi bu imkanı da nəzərdən keçirsin.


Ötən il Rusiyadan alınan dörd milyard kub metr qaz əsasən elektrik stansiyalarına yönəldilib. Amma, Rusiyanın «Qazprom» şirkətindən gələn il üçün Azərbaycana yalnız 1,5 milyard kubmetr qaz satıla biləcəyi bildirib və qazın hər min kubmetrini 230 dollara təklif edilib. «Azərenerji» Qapalı Tipli Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov deyir ki, Rusiyanın təklif etdiyi qazın nə həcmi, nə də qiyməti Azərbaycana əlverişli deyil. Ona görə də yeganə yol elektrik enerjisinin istehsalında mazutdan istifadə etməkdir: «Bizdə elektrik enerji istehsal etmək üçün əsasən istilik elektrik stansiyalarından istifadə olunur. Onlar da yanacaqla işləyir, yəni ya qazla, ya da mazutla. Biz onları mazut rejimində işləməyə keçirdəcəyik və bu məsələ ilə bağlı heç bir problem yoxdur».


Enerji problemləri üzrə ekspert İlham Şaban isə mazut rejiminə keçidin elektrik enerjisi sahəsində heç bir problem yaratmayacağı fikri ilə razı deyil. Onun fikrincə, Azərbaycan Bakı- Novorossiysk boru kəməri ilə ixrac olunan neftin satışından əldə olunan gəlirlə hətta min kubmetri 230 dollara olan qazı da almaq iqtidarındadır. Bu, elektrik enerjisini mazut hesabına istehsal etməkdən daha sərfəli yoldur: «Mazutun istilik verimi mavi yanacağa nisbətən azdır, həm də ekoloji baxımdan zərərlidir. Ona görə də, hətta qazın qiyməti iki dəfə artırılarsa belə, elektrik enerjisinin istehsalı üçün mavi yanacaqdan istifadə iqtisadi baxımdan daha sərfəlidir».


Keçmiş millət vəkili Səttar Səfərov isə deyir ki, mazutdan istifadə etməklə elektrik enerjisinin əldə olunması yeganə çıxış yolu deyil. Səttar Səfərovun fikrincə, bu yolla əhalinin elektrik enerjisinə olan tələbatını tam ödəmək də mümkün deyil: «Təkcə bu yol özünü doğrultmur. Hər bir regionun özündə yerli ehtiyatlardan, alternativ enerji mənbələrindən istifadə olunmalıdır. Su elektrik stansiyalarından tutmuş külək enerjisinədək–bu cür stansiyaların tikilməsi enerjiyə olan tələbatın ödənilməsi üçün sərfəli olardı».


Mazut rejiminə keçidlə bağlı mütəxəssislər və məmurlar arasında fikir ayrılığı mövcud olsa da, bunun əhaliyə təsiri barədə həm ekspertlər, həm də «Azərenerji»nin bir fikri var: Elektrik enerjisinin istər qaz, istərsə də mazut hesabına əldə edilməsi əhaliyə verilən elektrik enerjisində nə artıma, nə də azalmaya gətirib çıxarmayacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG