Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:53

Müxalifət fəaliyyətini dondursa nə udar, davam etdirsə nə?


İsa Qəmbər və Əli Kərimli, 24 iyun 2004
İsa Qəmbər və Əli Kərimli, 24 iyun 2004

Noyabrın 24-də ANS telekompaniyası bağlanandan, AXCP, «Azadlıq» qəzeti, «Turan» İnformasiya Agentliyi və bir sıra başqa mətbu orqanlar yerləşdikləri binadan çıxarılandan sonra mətbuata və fikir azadlığına təzyiqlərə etiraz olaraq müxalifət təşkilatlarının fəaliyyətini bir müddətə dayandırmaları təklifi müzakirə olunur.


«Panorama» radio-icmalında da bu təkliflə bağlı arqumentləri müzakirə edirik. Qonaqlarımız müxalifət təşkilatlarının fəaliyyətini dayandırması təklifinin əleyhinə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər və bu təklifi müdafiə edən Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir. Onlarla müsahibəni ixtisarla təqdim edirik.


Sual : Prezident İlham Əliyev «Azadlıq» qəzetinin binadan çıxarılması, həm də ANS televiziyası və radiosunun fəaliyyətinin dayandırılması məsələsinə toxunarkən bildirdi ki, bəzi qüvvələr məsələni siyasiləşdirmək istəyirlər. Ancaq o, məsələnin siyasiləşməsinin tərəfdarı deyil, bütün problemlər hüquq çərçivəsində həll edilməlidir. Bu fikrə münasibətiniz necədir?


Əli Kərimli : Əvvəla, «bu məsələləri siyasiləşdirmək lazım deyil» demək məndə ironik təbəssüm yaradır. Bəs, nə deyək buna? Məişət, iqtisadi məsələmi? Nə deyək ki, ölkənin 1 nömrəli kanalı bağlanır, bir nömrəli agentliyi küçəyə atılır, ölkənin ən böyük partiyalarından biri, iki qəzet birdən öz qərargahından məhrum olur?

«Aydın məsələdir ki, bu, sırf siyasi məsələdir. Siyasi hadisə deyilsə, niyə Müsavat, Xalq Cəbhəsi kimi partiyalar şəhərin mərkəzində yox, şəhərin ucqarlarında, xarabalıqlarında fəaliyyət göstərməlidirlər?»
Bu siyasi məsələ deyil, bəs nə məsələdir? Hə, hüququn tətbiq olunması ilə bağlı sözlər çox gəlişigözəl səslənir. Axı təkcə biz yox, bütün müxalifət liderləri, ictimai təşkilatların nümayəndələri «Azadlıq» qəzetinin məhkəməsindəydik. Orada hüququn heç bir əlaməti yox idi. Nəinki məhkəmə hüquq çərçivəsində aparılmadı, bizim Konstitusiyayla təsbit olunmuş apelyasiya hüququmuz təmin olunmadı. Niyə həmin qərarı polis icra etdi? Normalda hətta biz haqsız idiksə, «Azadlıq» qəzetinin apelyasiya hüququndan istifadə edib, apelyasiya şikayəti verməsini gözləməliydilər. Apelyasiya şikayətinə baxılandan sonra, məhkəmənin qərarı qəzetin əleyhinə olardısa və qəzet bu qərarı icra etməkdən imtina edərdisə, Ədliyyə Nazirliyinin məhkəmə qərarlarının icrası idarəsi təklif etməliydi ki, gəlin, bu qərarı yerinə yetirək. Amma bütün daxili qoşunları, çevik polis alayını töküblər şəhərin mərkəzinə. Sonra da «bunlar hüquq çərçivəsində baş verir» demək bir qədər qeyri-səmimilikdir. Və nəhayət, İlham Əliyevin məlum bəyanatında heç Xalq Cəbhəsinin adı da çəkilmədi. Xalq Cəbhəsi bu ölkəyə istiqlal gətirmiş bir təşkilatdır. Amma bu təşkilatın öz mənzil qərargahından məhrum edilməsi, şəhərin kənarına, xarabalığa sürgün edilməsi, sanki, onun diqqətini cəlb etmir. Bunu edib, eyni zamanda müasir, hüquqi, demokratik, siyasi plüralist Azərbaycan qurmaqdan danışmaq doğrudan da, böyük məharət tələb edir. Mən təbrik edirəm ki, o, bu məharətə sahibdir.


İsa Qəmbər : İlham Əliyevin söylədiyi arqumentlərin hamısının zəifliyini, ciddi arqumentlər olmadığını sübut etmək olar. Mən sadəcə olaraq buna vaxt itirmək istəmirəm. Həqiqətən də, ANS-lə məsələlərin bəzi iradları aradan qaldırmaqla həlli mümkündürsə, bunu ANS çalışa-çalışa edə bilməzdilərmi? Eləcə də «Azadlıq» qəzeti, «Turan», AXCP ilə bağlı məsələləri. Aydın məsələdir ki, bu, sırf siyasi məsələdir. Siyasi hadisə deyilsə, niyə Müsavat, Xalq Cəbhəsi kimi partiyalar şəhərin mərkəzində yox, şəhərin ucqarlarında, xarabalıqlarında fəaliyyət göstərməlidirlər? Ancaq Yeni Azərbaycan partiyası şəhərin mərkəzində bir neçə tarixi binada məskunlaşmalıdır? Bu cür qeyri-ciddi arqumentlərə mən bilən, heç kim inanmaz.


Sual :

«Bu gün bizim edə bildiyimiz ancaq kabinetlərdə bəyanatlar, müsahibə vermək, münasibət bildirməkdən ibarətdir»
Söz Azadlığının Müdafiəsi üzrə Koordinasiya Şurasında belə bir fikir səslənib ki, etiraz əlaməti olaraq müxalifət öz fəaliyyətini müvəqqəti olaraq dayandırsın. Necə hesab edirsiniz, bu etiraz forması hər hansı effekt verə bilərmi?


Əli Kərimli : Əvvəla mən dəqiqləşdirmək istəyirəm ki, bəzi həmkarlarımızın irəli sürüdüyü bu təklif ictimaiyyətə bir az bəsitləşdirilib, müxalifət fəaliyyətini dayandıracaq şəklində çıxarılır. Bu təklifin mahiyyətində o durur ki, bizim fəaliyyətimizi onsuz da məhdudlaşdırıblar. Müxalifət partiyası bir demokratik ölkədə hansı işləri görməlidir, yaxud görə bilər? Çox uzaq, daha demokratik ölkələrə getməyək. Məsələn, qardaş Türkiyəyə baxaq. Seçki hazırlıqları aparmaq, mitinqlər, yürüşlər keçirmək, televiziyada proqramlarını təqdim etmək, regional görüşlər keçirmək, regionlarda təşkilatlanmaq - bu hökumət bizə bunların heç birini görməyə imkan vermir. Bunu xalq bilməlidir. Biz nə regionlarda bir tədbir keçirə bilirik, nə seçicilərlə görüşə bilirik, nə mitinq keçirə bilirik. Bizim bir piketimizdə 70 adam həbs olunur. Mən məsuliyyət daşıyıram həm də axı. Növbəti dəfə mənim təyin edəcəyim mitinqdə 300 nəfər həbs olunacaq. Heç bir nəticə də vermir. Hökumət tərpənmir, beynəlxalq aləm indiki Azərbaycan hakimiyyəti ilə razılaşmış kimi görünür. Gerçəyi xalqa çatdırmaq lazımdır – bizim fəaliyyətimizi biz yox, de-fakto hökumət dayandırıb. Bu gün bizim edə bildiyimiz ancaq kabinetlərdə bəyanatlar, müsahibə vermək, münasibət bildirməkdən ibarətdir. O da artıq demək olar ki, əlimizdən alınıb, çünki indi əksəriyyətimizin o kabineti, ofisi də yoxdur. Niyə ümid, illyuziya yaratmalıyıq ki, bizim bu gün, sabah gördüyümüz tədbirlər ölkədə qlobal dəyişikliyə gətirib çıxaracaq?... Bizim belə bir illyuziyamız yoxdur ki, fəaliyyətimizi müvəqqəti dayandırmaqdan hakimiyyət nümayəndələri utanacaqlar, pərt olacaqlar. Çünki onlar demokratik təfəkkürə malik deyillər. Amma bizim məqsədimiz birinci, xalqın özünü tərpətməkdir – zəhmət olmasa, gəlin, vətəndaş olaq, hamımız taleyimizə sahib olaq. İkinci ünvanımız isə həmin Qərb dairələridir ki, guya Azərbaycanda demokratik proses gedir deyə, vaxtaşırı öz xalqlarına hesabat verirlər. Onlara çətinlik yaratmaq istəyirik.


İsa Qəmbər : Mən bu fikirlə qətiyyətlə razılaşmıram. Hesab edirəm ki, nə cür adlandırılmasından asılı olmayaraq, fəaliyyətin dayandırılması qərarı kökündən yanlış olar. Bu qərar hakimiyyətə təsir etməyəcək. Hakimiyyət demokratik partiyaları sıradan çıxarmaq, ya məhdudlaşdırmaq istəyirsə, müxalifətin fəaliyyətini bu və ya başqa şəkildə dayandırması elə hakimiyyətə sərf edər. Xalq dilxor olacaq, çünki xalqın böyük əksəriyyəti bu hakimiyyətdən narazıdır və dəyişiklik istəyir. Bizim də vəzifəmiz xalqa izah etməkdir ki, siz bizimlə bir yerdə olanda dəyişiklikləri həyata keçirə bilərik. Beynəlxalq birlik isə mürəkkəb bir məcmudur. Buna müxtəlif yanaşmalar olacaq, ancaq hesab etmirəm ki, bizim belə bir qərar qəbul etməyimiz azad dünyanın Azərbaycanda fəallaşmasına səbəb olacaq...


XS
SM
MD
LG