Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:45

«Mən allaha yönəlməsəydim həyat dözülməz olardı»


Xalq artisti Alim Qasımov: «Gərək mənim çəkdiyim əziyyətlər öz qiymətini ala»

Xalq artisti Alim Qasımov: «Gərək mənim çəkdiyim əziyyətlər öz qiymətini ala»

«Danışmaqdan xoşum gəlmir. Məni oxumaqdan daha çox, danışmağa çağırırlar. Danışmaq üçünsə gərək çoxlu qəzet, jurnal oxuyasan…» Xalq artisti Alim Qasımov deyir ki, sözü olmadığından həmişə müsahibə verməkdən qaçır. «Tanınmışlar» proqramında İlqar Rəsulun qonağı olan muğam ifaçısı sənətə gəlməyindən, fəaliyyətindən, fəlsəfədən, bir sözlə onun sənətinin heyranlarının bilmək istədiyi hər şeydən danışdı.

-Sənətkarlar var ki, neçə illər sənətlə məşğul olmalarına baxmayaraq heç də populyar deyirlər amma, mənə elə gəlir ki, siz birdən məşhurlaşdınız…


-Lap əvvələr oxumağa başlayanda qohum-əqrabam, kəndlilərim məni səsi olan adam kimi tanıyırdı. Mən təzə-təz musiqini, muğamı öyrənəndə tələbə yoldaşlarım çörək pulu qazanırdı, yəni toylara gedirdilər. O, vaxt əsil sənət toylarda olurdu. Mən də çalışırdım ki, sənəti yaxşı öyrənim ki, birdən toylarda hansısa ritmik muğam sifariş verərlər, oxuya bilmərəm. Görünür ki, qismət imiş böyük sənətkarımız Hacı Məmmədov məni dinlədi və o vaxtdan sənətdə ilk addım atmağa başladım. Sonra toylara çağırdılar, baş qarışdı…


-Sizi yaxşı qazanan, qiymətləndirilən sənətkarlardan hesab edirdilər?


-Düzdür. Məni tarla, kamança ilə toylara dəvət edəndə elə populyar müğənnilərin qiymətini danışırdım. Amma, necə deyərlər «hayla gələn vay gedər», sonra hər şey uçdu getdi.


-Deyirsiniz rayonlara toylarda olurdunuz, daha çox hansı rayona can atırdınız getməyə?


-Dəvət edildiyim toylar içərisində Bakı kəndləri fərqlənir. Bakı kəndlərində toylarda oynayan olmurdu, toy da ki saat 6-dan 12-yə qədər getməlidir. Əgər toyda oynayan yoxdursa onda vaxtı doldurmaq üçün muğam dəsgahları oxuyurduq.


Bir dəfə rayonların birində mənə dedilər ki, sən gərək «modnu» mahnı oxuyasan. Mən də başladım öz bildiklərimi oxumağa. Elə oldu ki, onların sifarişləri yaddan çıxdı. Bizim ifamızı bəyəndilər və razı qaldıq. Ümumiyyətlə, hansı toya getmişiksə xaltura etməmişik, camaat da baxıb, qiymətləndirib…



«Bəzən deyirlər ki, Alim hallıdır, o, ancaq, narkotik maddə qəbul etməklə bu hallara gələ bilər. Bəzən toylarda mənə narkotik də təklif edirlər, mən də xətirlərinə dəymirəm, deyirəm «əşi, varımdı narahat olmayın»
-Muğam nədir sizin üçün?

-Onu elmi cəhətdən izah edə bilmərəm, bunu musiqiçilər deyə bilərlər. Mənim fikrimcə, muğam mənəvi bir zövqdür, mənəvi qidadır.


-Siz oxuyanda özünüz-özünüzü görmürsünüz, amma, biz sizi görürük. Mənə elə gəlir ki, siz səhnədə deyilsiniz, başqa yerdəsiniz. Harda olursunuz?


-Çalışıram ki, mən də öz ifama bir tamaşaçı gözü ilə baxım. Həm də bacardıqca real dünyadan uzaq olmaq istəyirəm ki, camaat real problemlərini unudub mənim halıma gəlsinlər. Məsələn, bir dəfə Fransada konsertdən sonra bir qadın yaxınlaşdı və kağızın üzərinə adam və səma şəkli çəkdi. Tərcüməçi bildirdi ki, o demək istəyir ki, sən onları göylərə qaldırdın.


-Xətrinizə dəyən olub heç?


-Çox dəyiblər.


-Bəzi yaşlı sənətkarlar ifanıza görə sizi qınayırdılar. Sonra onlardan bəzilər deyirdilər ki, Alimi tanımamışıq. Sizə elə hücumlar olanda özünüzü necə hiss edirdiniz?


-O hücmlar zamanı təxminən bir gecə içimdə təlatüm oldu, sonra heç əhəmiyyət vermədim. Əgər mən də cavab versəydim, özümüzü ucuzlaşdırardım. Cavab vermədiyimə görə, bir rahatlıq tapdım. Amma, necə deyərlər qatar gedir, mən onu mənzil başına çatdırmalıyam.


-Belə fikir var ki, muğam tarixdən gəlir və müəyyən kamil səslərdə özünü göstərir. Bu baxımdan sizin ifa tərziniz başqalarından tam fərqlənir. Necə oldu ki, siz başqalarını təkrar etmədiniz?


-Mən başlayanda Seyid Şuşinskdən qidalanmışam. Hacıbaba Hüseynovdan dərslər almışam. Başqalarından fərqlənməyə gələndə isə mən əvvəllər camaatın istədiyi kimi oxuyurdum, sonradan isə özüm zövq almaq üçün oxudum. Gördüm ki, elə belə oxuyanda da dinləyicilərin xoşuna gəlir və öz üslubumda oxumağa davam etdim.


-Necə olur ki, siz həmişə ümumi şou mühitindən kənarda qala bilirsiniz?


-Əvvəllər məni hara çağırırdılar gedirdim. Çünki, mənim dolanmaq yerim toyxana idi. Mən də müsabiqələrdə iştirak etmişəm, mükafatlar almışam. Konsertlər vermişəm. Elə indidə öz üzərimdə işləyirəm, hansısa xalq mahnısını hazırlayanda istəyirəm ki, onu sevdirə bilim. Xaricdə də tez-tez konsertlər verirəm. Yəni mən boş dayanmamışam. Amma, gərək mənim çəkdiyim əziyyətlər də öz qiymətini ala.


-Sizi dərviş adlandırmaq olar?


-Mənə çox deyirlər nə bilim sufi, dərviş. Mən onun elmi əsasların bilmirəm, heç müəllimim də olmayıb. Bəzən deyirlər ki, Alim hallıdı, o, ancaq, narkotik maddə qəbul etməklə bu hallara gələ bilər. Bəzən toylarda mənə narkotik də təklif edirlər, mən də xətirlərinə dəymirəm, deyirəm «əşi, varımdı narahat olmayın». Çünki insanlar görüb ki, müğənni dik oturmalıdır və s. Mənim oxunuş tərzim ola bilsin ki, qəribə gəlsin, buna görə mən heç kimi qınamıram. Amma, bu da bir eşqdir, özü də ilahi bir eşqdir. İndi insanıq ola bilər ki, o şeylərdən hardasa qəbul eləmişik, amma ondan sonra mənim nəinki oxumaq heç söhbət etməyə də amanım olmayıb. İçkini, hamı içir. İçəndən sonra muğam oxumaq yox, heç meyxana da deməyə bilməmişəm. Yəni şükür allaha məndə belə şeylər alınmır.


-Tanrıyla münasibətiniz necədir?


-Düz yol getmək üçün insanda birinci insaf lazımdır. Şükür allaha ki, məndə belə xüsusiyyət var. Bəlkə də, son illər mən allaha yönəlməsəydim həyat dözülməz olardı. Əgər ömrü allaha doğru yönəltməsən bu 50- il, 60 il elə uçrumda yaşamaq kimi bir şey olardı.


XS
SM
MD
LG