Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:01

İranın rəsmi mətbuatının daha bir karikaturası etirazlara səbəb olub


Etirazlara səbəb olan karikatura

Etirazlara səbəb olan karikatura

Tehranda nəşr olunan «Keyhan» qəzetinin əlavəsi olan «Keyhan Karikatura» jurnalının oktyabr sayında dərc edilən karikatura İranın cənub-qərbində yaşayan lorların etirazına səbəb olub.


Karikatura avam xalqın yeni texnologiyalarla tanış olmamasını gülüş hədəfinə çevirir. Burada qeyri-müəyyən uçuş obyekti xan və rəiyyəti təmsil edən milli geyimli iki lorun qarşında yerə enir. Həmin lorlar isə naməlum obyekti çomaq və tüfənglə qarşılayır.

Loristan vilayətinin mərkəzi Xürrəmabad şəhərində nümayişlərin hələ də davam etməsinə baxmayaraq, paytaxtda çıxan «Doxtəran» (Qızlar) jurnalı və «Sipas» nəşrində də lor xalqını təhqir edən eyni məzmunlu karikaturalar dərc edilib.


İranın rəsmi teleradio şirkətinin məsələyə münasibət bildirməsinə baxmayaraq, dövlət nümayəndələrinin birbaşa üzr istəməməsi etirazların dada da vüsət almasına səbəb olub. İran parlamentinin sədri Qulaməli Həddad Adilin Loristan vilayətinin Nurabad şəhərində çıxışı zamanı «lor xalqı» əvəzinə «qeyrətli tayfa» məfhumunu işlədib. Bu isə lorları inkişaf etməmiş xalq kimi təsvir edən karikaturalardan sonra yerli əhalini daha da qəzəbləndirib.


Etirazları sakitləşdirmək istəyən İran hökuməti adıçəkilən jurnalların fəaliyyətini dayandırsa da, sərt-xətt tərəfdarı olan «Keyhan» qəzetinə toxunmayıb.


2006-cı ildə artıq ikinci dəfədir ki, İranın rəsmi mətbuatının dərc etdiyi karikaturalar milli azlıqların etirazına səbəb olur. Bundan əvvəl may ayında «İran» qəzetinin dərc etdiyi karikaturalar İran Azərbaycanının bütün şəhərlərində kütləvi nümayişlərin keçirilməsi, 10-dan çox insanın ölümü və yüzlərlə fəalın həbsi ilə nəticələnmişdi.


Xuzistan vilayətinin lor nümayəndələri noyabrın 30-da yaydıqları açıq məktubda Azərbaycan xalqının may aksiyalarını alqışlayaraq, bundan ibrət almayan İranın rəsmi orqanlarını pisləyib. Məktubun müəlliflərinin fikrincə, milli azlıqları təhqir edən bu kimi karikaturaların rəsmi mətbuat orqanlarında dərc edilməsi heç də təsadüfi deyil və vəzifə başında olanların bəd niyyətini əks etdirir. «Keyhan» qəzetinin lorlardan üzr istəməsi və karikaturaları dərc edən redaksiya heyətinin cəzalandırılması tələb edilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG