Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:13

«Yeni Müsavat» qəzetindəki «Əliyevlə Koçaryan arasında anlaşma» başlıqlı məqalədə müəllif yazır ki, İlham Əliyevin Minskdə Robert Koçaryanla görüşdən sonra danışıqlar prosesinin sona yaxınlaşdığı haqda açıqlamasından sonra erməni tərəfi də pozitiv bəyanatlar verib. Ötən gün Ermənistan prezidentinin müşaviri Viqen Sarqsyan bildirib ki, Minsk görüşündə irəliləyiş əldə olunub. Bununla belə, Sarqsyan həmin irəliləyişin nədən ibarət olduğunu açıqlamayıb və deyib ki, danışıqların məzmunu hələlik gizli saxlanılır. Onun sözlərinə görə, danışıqlar prosesində hərəkətlilik var və hər iki dövlət başçısı görüşləri davam etdirməkdə qərarlıdır: «Ancaq münaqişənin həlli uzun prosesdir və bu, hansısa bir razılaşmanın əldə edilməsi ilə həllini tapa bilməz». Xarici İşlər naziri Vartan Oskanyan isə deyib ki, hər iki dövlət başçısı Minsk görüşünü müsbət qiymətləndiriblər. Bu görüşdə konstruktiv yanaşma və müsbət atmosfer hökm sürüb. Oskanyanın sözlərinə görə, danışıqlardan sonra İlham Əliyev və Robert Koçaryan görüşün konstruktiv xarakter daşıdığını vurğulayıblar.


«525-ci qəzet» dəki «ANS tezliklə bağlı keçiriləcək tenderə buraxıldı» başlıqlı məqalədə bildirilir ki, dünən Milli Televiziya və Radio Şurasında ANS televiziyası və ANS ÇM radiosunun tezliyi üzrə tenderin şərtlərinə dair iclas keçirilib. İclasda ANS TV və ANS ÇM radiosunun tenderdə iştirakına dair qərar qəbul olunub. Şuranın sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu məsələ iclasda çox gərgin müzakirələrə səbəb olub: «Şura üzvləri bu məsələdə yekdil qərara gələ bilmirdilər. Onların əsas gətirdiyi arqument bu idi ki, Şuranın bir müddət öncə verdiyi qərarın əksinə qərar çıxarması düzgün deyil. Ancaq Şura Azərbaycan prezidenti İlham Əliyevin ANS-lə bağlı dediyi fikirləri, xoş niyyəti nəzərə aldı»,- deyən Nuşirəvan Məhərrəmli tenderin elan olunduğu müddət ərzində ANS-in fəaliyyətinin bərpasının mümkünsüz olduğunu da qeyd edib.


«Ayna» qəzetindəki «Riqa sammiti; müəmmali yekun» başlıqlı məqalədə bildirilir ki, Riqa sammiti ərəfəsində müşahidəçilər daha çox alyansın genişlənməsi ilə bağlı yaranmış NATO-Rusiya narazılığından söz açırdılar. Sammit bu narazılığın həlli yollarına müəyyən aydınlıq gətirsə də, bir çox məsələlərlə bağlı namüəyyənlik davam etməkdədir. Riqa sammitindən sonra məsələyə münasibət bildirən ABŞ Dövlət katibinin Avropa və Avrasiya ölkələri üzrə müavini Daniel Frid vurğulayıb ki, NATO-nun genişlənməsi Rusiya üçün də əhəmiyyətli ola bilər. Çünki Rusiyadan qərbdə yerləşən ölkələrin NATO-ya üzv olması onun üçün daha sülhsevər və sabit ətraf deməkdir. Müəllif yazır ki, paradoksal görünsə də, Riqa sammitinin nəticələrindən daha çox Rusiya məmnun qala bilər. Cənubi Qafqaz ölkələri və Moldovanın ərazi bütövlüyünü təsdiqləməklə yanaşı, münaqişələrin dinc üsullar və intensiv danışıqlar prosesi çərçivəsində həlli zərurətini vurğulayan NATO Kremlin mövqelərini daha da gücləndirib.


«Bakı-Xəbər» qəzetindəki «İnhisarçı qüvvələr hökumətdən güclü olduqlarını təsdiqləyir» sərlövhəli məqalədə bildirilir ki, hazırda bazarlarda satılan sementin bir kisəsinin qiyməti bir müddət əvvəl olduğu kimi, yenə də 9 yeni manata bərabərdir. Halbuki, bir neçə gün əvvəl hökumət sementin hər kisəsinin 6 manatdan yuxarı qiymətə satılmasının qeyri-mümkün olduğunu bəyan etmiş və bu istiqamətdə konkret işlər görəcəyini bildirmişdi. Hadisələrin real inkişafı, hökumətin əhaliyə verdiyi vədlərə baxmayaraq, sement bazarında qiymətləri tənzimləməkdə aciz olduğunu, inhisarçılarla bu məsələdə bacarmadığını təsdiqləyir. Müəllif qeyd edir ki, Azərbaycanda sementin bahalaşmasına şərait yaradan əsas amillərdən biri də alıcıların yeganə sement zavodu olan «Qaradağ-Sement» Açıq Səhmdar Cəmiyyətindən, bilavasitə, bu məhsulu almaq imkanından məhrum olmalarıdır. «Qaradağ-Sement»dən verilən açıqlamaya görə, zavod müqavilə əsasında yalnız 700-ə yaxın müştərini sementlə təmin edə bilir. Konkret olaraq, bu məhsulun qiymətinin artmasına gəlincə, zavodda sementin bahalaşmasını müştərilər və bazar dəllallarının fəaliyyətilə izah edirlər.


XS
SM
MD
LG