Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:28

«Bakı-Xəbər»: «ANS-in bağlanmasında Qarabağ faktoru ön plana çıxır»


«Xalq Cəbhəsi» qəzeti xəbər verir ki, gələn il Azərbaycanda yeni antikorrupsiya strategiyası hazırlanaraq təsdiqlənəcək. Bu barədə məlumat verən Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvü, millət vəkili Bəxtiyar Əliyevin sözlərinə görə, 2004-cü ildə qəbul edilmiş korrupsiya ilə mübarizə üzrə dövlət proqramının müddəti 2006-cı ildə sona çatır. Buna görə də gələn ildən etibarən yeni strategiyanın hazırlanması nəzərdə tutulub. «Yeni antikorrupsiya strategiyası keyfiyyətcə yeni mərhələ olacaq»,- deyən Bəxtiyar Əliyevin fikrincə, növbəti mərhələ iki il ərzində görülmüş işlərin əsasında təşkil ediləcək. Millət vəkili bildirib ki, hazırda antikorrupsiya ilə bağlı iki qanun layihəsi hazırlanır. Yaxın vaxtlarda «Maraqların toqquşması haqqında» və «Dövlət qulluqçularının etik davranış kodeksi haqqında» qanun layihələri parlamentin müzakirəsinə çıxarılacaq.


«Bakı-Xəbər» qəzetindəki «ANS-in bağlanmasında Qarabağ faktoru ön plana çıxır» başlıqlı məqalədə bildirilir ki, ekspertlərə görə, müstəqil və müxalif media orqanlarının susdurulması ilə hakimiyyət münaqişə ilə bağlı Ermənistana etdiyi bütün güzəştləri gizli saxlamaq üçün əlavə dividentlər əldə edir. Bununla da Azərbaycanın əleyhinə olan məqamların əslində, ölkənin mənafelərinə xidmət etdiyinə dair dövlətin nəzarətində olan kütləvi informasiya vasitələri də geniş təbliğat aparmaq imkanı qazanır. Bu mənada müxalifət mətbu orqanlarına qarşı hücumların gücləndirilməsini, ANS-in bağlanmasını doğurdan da Qarabağ münaqişəsinin həllində təslimçi sülhə hazırlıq getməsi ilə əlaqələndirmək olar. Müəllifə görə, İlham Əliyevin Robert Koçaryanla Minsk görüşündən az sonra ilin sonuna qədər yenidən Moskvada bir araya gəlmək niyyəti də Dağlıq Qarabağla bağlı ciddi proseslərin başlandığını göstərir ki, hakimiyyət hələlik bunları cəmiyyətdən gizli saxlamağa çalışır.


«Mərkəz» qəzetindəki «Şərtlər dəyişdi» başlıqlı məqalədə bildirilir ki, ipoteka krediti ilə bağlı qanuna dəyişikliklər edilib. Yeni layihə bu günlərdə Prezident Aparatına təqdim olunub. Qanun layihəsinin daha çox gənc ailələrin və hərbçilərin mənafeyinə xidmət edəcəyi bildirilir. Bundan başqa, layihədə Sosial İpoteka Fondunun yaradılması da qərara alınıb. İpoteka kreditləşməsi üzrə faiz dərəcələri yumşaldılıb. Və yeni güzəştlər də nəzərdə tutulub. Dəyişikliklər və güzəştlərə görə, sadə ipoteka kreditləşməsində kredit həcminin maksimal həddi 50 min manata qədər artırılıb. Sosial ipoteka kreditləşməsində isə bu məbləğ 35-60 min manat arasındadır. Sadə ipotekada ödəmə müddəti isə 25, sosial ipotekada isə 30 ilədək uzadılıb.


«Yeni Azərbaycan» qəzetinin əməkdaşı yazır ki, Dövlət Neft Şirkəti Xəzər dənizindəki mövcud qaz yataqlarının gündəlik hasilat gücünü artırmaq üçün platformalarda və qaz kəmərlərində texniki işləri gücləndirib. Şirkət artıq noyabr ayından başlayaraq «Günəşli» yatağına daxil olan platformalardan gündəlik qaz hasilatını təxminən 50 faiz artırmağa nail olub. Əgər həmin yataqda əvvəllər gündəlik qaz hasilatı 6,8 milyon kub metr təşkil edirdisə, hasilat hazırda 10,5 kub metrə çatıb. Qaz istehsalının artması ölkənin təbii qaza olan ehtiyacının ödənilməsində mühüm əhəmiyyət kəsb edir. Dövlət Neft Şirkətinin qazın yığılması və nəqli şöbəsinin rəisi Nəcəf Nəcəfquliyevin sözlərinə görə, qaz hasilatının artırılması üçün şirkət 2006-ci ildə müvafiq proqram hazırlayıb. Cənab Nəcəfquliyev bildirib ki, Dövlət Neft Şirkəti Rusiyadan qaz idxalının azalacağını nəzərə alaraq, proqramda yerli istehsalın artırılması tədbirlər planının həyata keçirilməsinə dair müddəalara əsas yer verib.


XS
SM
MD
LG