Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:40

Gəncədə məcburi qaz pulu toplanması noyabrın sonunda başa çatacaq


Gəncədə qaza görə son on ay ərzində 7 milyon manata qədər borc yığılıb
Gəncədə qaza görə son on ay ərzində 7 milyon manata qədər borc yığılıb

Gəncə şəhərində büdcədən maliyyələşən təşkilatlarda çalışanların inzibati qaydada qaz pulu verilməsinə cəlb olunmasından 10 gün keçir. Bu vaxt ərzində şəhərdə vəziyyət necədir? Yenə də Gəncə şəhər Qaz İstismarı İdarəsinin Abonent şöbəsinin qarşısı büdcə təşkilatlarında işləyənlərlə doludur. Onlar qaz pulu ödənişiylə bağlı arayış almağa gəliblər. İş vaxtı olmasına baxmayaraq, onlar deyirlər ki, bu göstərişi onlara idarə və müəssisə rəhbərləri verib və onları bura göndərib.


Sakinlərlə söhbət zamanı bəlli oldu ki, məsələn bir ünvanda yaşayan, ayrı-ayrı məktəblərdə işləyən 3 müəllimə qaz borcunun məbləği fərqli göstərilib. Başqa bir sakin, Abbas Səhhət adına xəstəxanada çalışan Rəna Nağıyeva isə deyir ki, 2005-ci ildə yaşadığı evi özəlləşdirərkən qaz pulu borcu olmadığıyla bağlı arayış alıb, amma bu gün məlum olub ki, sən demə, borcluymuş.


Bəzi sakinlər bildirirlər ki, evlərində hətta hamam olmadığı halda onların ünvanında «samovar» qeydə salınıb. İsrafil Məmmədov küçəsində yaşayan Svetlana Həsənova deyir ki, onlarda yalnız bir radiator var, qaz idarəsi isə onların ünvanına 2 radiator yazıb. Xanım Həsənovanın sözlərinə görə, 2005-ci ilin avqust ayında onların qaz sərfiyyatı 240 kub metr göstərilib, amma, 2006-cı ilin eyni ayında işlədilən qaz sərfiyyatı sayğacın göstəricisinə əsasən 25 kub metr olub. Svetlana Həsənova iddia edir ki, onlara təqdim olunan qəbzdə şişirtmə rəqəmlər var və buna görə də o, Qaz İstismarı İdarəsini artıq məhkəməyə verib.


Amma, öz hüquqlarını məhkəmədə qorumaq istəyənlər o qədər də çox deyil. Bunun da bir neçə səbəbi var. İnsanlar iş yerlərini itirmək istəmirlər, həm də rəhbərliyin qəzəbinə tuş gəlməkdən çəkinirlər. Amma, elə sakinlər də var ki, məhkəməyə üz tutublar və onların da iddiası təmin edilərək qaz borcu silinib. Gəncənin Nizami Rayon Məhkəməsindən bildirdilər ki, artıq ona qədər şikayətçinin ərizəsinə baxılıb və qaz borcunda şişirtmə rəqəmlər olduğunu müəyyən edilib.


Gəncə Şəhər Qaz İstismarı İdarəsinin rəisi Ramiz İsmayılov dövlət büdcə təşkilatlarında çalışanların rəhbərliyin təzyiqiylə qaz pulu ödənişi aparmasını təkzib edir. Onun sözlərinə görə, idarə və müəssisə rəhbərləri yalnız təbliğat aparırlar ki, camaat qaz pulu borcunu ödəsin. Məsələ ilə bağlı bəzi rəsmilər müsahibə verməkdən imtina etsələr də, qeyri-rəsmi bildirdələr ki, inzibati üsula əl atmağa məcburdurlar, çünki dekabr ayında Gəncənin qazsız qalmaq təhlükəsi var. Onu da bildirdilər ki, bu proses-yəni işçilərə təzyiqlər, inzibati yolla pul toplanması noyabrın axırıncı günü başa çatacaq. Ramiz İsmayılov deyir ki, əhalinin son on ay ərzində 7 milyon manata qədər borcu yığılıb. Keçən ay əhaliyə 457 min manat həcmində qaz satılıb, onun isə 137 min manatı ödənilib.


Hüquqşünas Sahib Babayev deyir ki, Gəncə Şəhər Qaz İstismarı İdarəsiylə abonentlər arasında müqavilə bağlanmalıdır, öhdəlik və vəzifələr müəyyənləşməlidir. İdarə və müəssisə rəhbərlərinin işçinin qaz və ya işıq pulu borcuna qarışmağa isə heç bir haqqı çatmadığını deyən Sahib Babayevin sözlərinə görə, abonent borcunu ödəməkdən imtina edirsə, onda qaz idarəsi onu məhkəməyə verməli və məhkəmə yoluyla borcun ödənişini təmin etməlidir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG