Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:33

Münasib yer verilməyincə, «Azadlıq» qəzeti səyyar fəaliyyət göstərəcək


40 kv.metr otaq, 4 kompüter və 30 nəfərə yaxın işçi-«Azadlıq» «Yeni Müsavat»ın ofisində, 29 noyabr 2006

40 kv.metr otaq, 4 kompüter və 30 nəfərə yaxın işçi-«Azadlıq» «Yeni Müsavat»ın ofisində, 29 noyabr 2006

«Uşaqlar hələ də öyrəşə bilmirlər. «Xəqani-33» hamımız üçün doğma bir ünvana çevrilmişdi. Bu gün bizim üçün qəbul etmək çətindir ki, biz ora bir daha qayıtmayacağıq». Bu, 5 ildən çoxdur ki, imzasını «Azadlıq» qəzetində gördüyümüz jurnalist-Gültəkin Hüseynovadır. Artıq 5 gündür ki, «Azadlıq» qəzetinin əməkdaşları, o cümlədən Gültəkin «Yeni Müsavat» qəzetinin yerləşdiyi binada qonaqdır. Sahəsi təxminən 40 kv.metr olan bir otaq, 4 kompüter və 30 nəfərə yaxın işçi. İndi «Azadlıq» qəzeti hər gün belə bir şəraitdə çapa hazırlanır.


Gültəkin deyir ki, redaksiya boşaldılarkən heç onlar əşyalırını yığmağa da vaxt verməyiblər: «Münasibət olduqca pis idi. Sanki elə bir adadaydıq ki, orada polislər özümüzünkülər deyildi. Hesab edirəm ki, ən pis halda bir neçə saat vaxt verə bilərdilər ki, əşyalarımızı toplayaq».


1 saylı İqtisad Məhkəməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Azadlıq» qəzetinə iddiasıyla bağlı qərarını noyabrın 24-də verdi. Qəzetin əməkdaşları binanı boşaltmalı idi. Qərarın elanından təxminən 1 saat sonra artıq «Xəqani-33» ünvanı polislərin əhatəsində idi.


«Dövlət Komitəsi «Azadlıq»a daha münasib yer təklif edəcəyinə söz verib. Biz hazırda həmin münasib yeri gözləyirik. Təklif gələnədək səyyar fəaliyyət göstərəcəyik. Bir həftə «Yeni Müsavat»ın binasında, növbəti həftə «24 saat» qəzetinin redaksiyasında fəaliyyətimizi davam etdirəcəyik»
İndi hər səhər işçilər 14 ildir ki, çalışdıqları ofisə yox, 7-ci mikrorayondakı Süleyman Sani Axundov küçəsinə üz tuturlar. İşçilər arasında isə hələ də marşrutu səhv salıb köhnə ünvana gedənlər var. Xəyal Şahinoğlu kimi: «Həmin günün səhəri adət etdiyim kimi «Bakı Soveti» istiqamətində gedən qatara minmişdim. Sonra yadıma düşdü ki, «Sahil»də yox, «Gənclik» stansiyasında düşməliyəm və 10 nömrəli marşrutla Müsavat Partiyasının yerləşdiyi ünvana getməliyəm.


Qəzetin əməkdaşları ilə söhbət edərkən gözüm Nicat Dağların masasının üstündəki kiçik kompyüterə-noutbooka sataşdı. Dedim bəlkə şəxsi noutbookudur, gətirib ki, işini rahat görə bilsin. Sən demə, bu noutbook da «Yeni Müsavat»a aiddir və digər 4 kompüter kimi bu avadanlıqda işləmək üçün də jurnalistlər növbə tuturlar. Nicat Dağlar isə bu noutbookda elə bu avadanlığın özü haqqında və «Yeni Müsavat» qəzetinin əməkdaşlarının qonaqpərvərliyi barədə qəzetin növbəti sayı üçün köşə yazısı yazırdı.


«Son bir neçə gündə burda bizə qarşı olan münasibət barədə köşə yazısı yazıram.


Necədir bu münasibət?


Jurnalistlər kompyuterdə işləmək üçün növbə tuturlar
Münasibət istidir. Çox razıyıq. Qəzetimizin fəaliyyətində fasilə yaranmasın deyə imkanları daxilində kömək edirlər. Burda özümüzü yad hesab etmirik, amma, öz evimizdə olsaq daha yaxşı olardı».


«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov isə deyir ki, Əmlak Komitəsi qəzetə yerləşmək üçün münasib yer təklif etməyincə qəzet səyyar fəaliyyət göstərəcək: «Dövlət Komitəsi «Azadlıq»a daha münasib yer təklif edəcəyinə söz verib. Biz hazırda həmin münasib yeri gözləyirik. Təklif gələnədək səyyar fəaliyyət göstərəcəyik. Bir həftə «Yeni Müsavat»ın binasında, növbəti həftə «24 saat» qəzetinin, bir sözlə «Azadlıq» qəzetinin məhrəm saydığı qəzetlərin binasında fəaliyyətimizi davam etdirəcəyik.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi isə «Azadlıq» qəzetinə «Azərbaycan» Nəşriyyatının 9-cu, daha sonra isə 4-cü mərtəbəsində yer təklif edib. Azər Əhmədov deyir ki, məhkəmənin qərarı ilə onlara «Azərbaycan» nəşriyyatında ayrılmış otaqlarda başqa qəzetlər fəaliyyət göstərirlər. Nəşriyyatın direktor müavini Allahverdi Məmmədovun sözlərinə görə, «Azadlıq» qəzeti onlara təklif olunan otaqlarda fəaliyyət göstərməyə razılıq verərlərsə, həmin qəzetlər nəşriyyatdan çıxarılacaqlar.


«Yeni Müsavat» qəzetinin əməkdaşları isə öz binalarını «Azadlıq»la bölüşməkdən narahat deyillər və onlara istədikləri müddətədək burda qalmağı təklif edirlər. Ən azından ona görə ki, 2003-cü ilin oktyabr ayında «Yeni Müsavat» qəzetinin əməkdaşları da öz yerləşdikləri binadan çıxarılanda «Azadlıq» qəzeti öz qapılarını onların üzünə açmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG