Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:40

Təbrizdə Azərbaycan dilinin tədrisi tələb edildi


Təbrizdə Xiyabaninin xatirəsini yad etmə mərasimi keçirilib

Təbrizdə Xiyabaninin xatirəsini yad etmə mərasimi keçirilib

Noyabrın 27-də Təbrizin Azad Universitetinin «Tələbə Məramı» təşkilatının təşəbbüsü ilə Şeyx Məhəmməd Xiyabaninin xatirəsini yad etmə mərasimi həmin universitetin Ustad Şəhriyar adına auditoriyasında keçirilib.


XX əsrin əvvəllərində Araz çayının hər iki sahilində gedən demokratik hərəkatda fəal iştirak və 1920-ci ildə İran Azərbaycanında yaranan «Azadistan Muxtar Cümhuriyyəti»nə başçılıq edən Şeyx Məhəmməd Xiyabani İran İslam Respublikası tərəfindən də mübariz ruhani və milli qəhrəman kimi tanınır. Lakin, Təbrizdə Xiyabaninin yad etmə mərasimi rəsmi dövlət səviyyəsində yox, bir neçə fəal tələbənin yerli orqanlardan çətinliklə aldığı icazə nəticəsində keçirilib.


Buna baxmayaraq İran parlamentində Təbrizdən seçilən millət vəkili doktor Əkbər Ələmi, tanınmış din xadimi Höccət-ül-İslam Müslih və İran Azərbaycanının bir çox məşhur alim, yazıçı və şairi də bu mərasimdə iştirak edib.


Şeyx Məhəmməd Xiyabaninin tarixi xidmətləri haqda çıxış edən məşhur Azərbaycan alimi Hüseyn Məhəmmədzadə Sədiq Təbriz Universitetində Azərbaycan dili kurslarının bərpa olunmasının vacibliyini vurğulayıb. Professor Sədiqin bu təklifi zaldakı tələbələrin həyəcan və alqışları ilə qarşılandıqdan sonra Təbriz Universitetinin rektoru cənab Cavanpur Azərbaycan dili və ədəbiyyatı kurslarının bərpası üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Xatırladaq ki, professor Sədiqin vaxtı ilə Təbriz universitetində tədris etdiyi bu kurslar artıq ləğv edilib.
Mərasimdə çıxış edən natiqlərdən Həsən Əlizadə Xiyabani şəxsiyyətinin dərindən öyrənilməsi üçün müəyyən bir qurumun yaradılmasını təklif edib.
İran Azərbaycanının məşhur saz ustası Çingiz Mehdipurun ifasında aşıq havaları ilə müşayiət edilən bu mərasimin sonunda İran parlamentinin üzvü doktor Ələmi çıxış edib. Azərbaycanın böyük şəxsiyyətlərinə həsr edilən bu kimi toplantıların daha çox keçirilməsini təklif edən millət vəkili Azərbaycan fəallarının təqib və təzyiqinə kəskin etiraz edib. O, bildirib ki, son vaxtlar Azərbaycan fəallarını azadlıqdan məhrum etmək üçün onlara xüsusi pasport vermək və ya doğum vəsiqələrinə ştamp vurmaq fikirlərini irəli sürən başqa deputatlarla ciddi mübarizə aparacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG