Məsələ ilə bağlı Mirşahinin vəkili Aslan İsmayılov bildirib ki, təhlükənin konkret hansı səviyyədə olduğunu proqnozlaşdırmaq mümkün deyil: «Amma ANS telekanalının bağlanması göstərdi ki, ölkədə istənilən özbaşınalıq baş verə bilər və istənilən hərəkəti etmək olar. Ona görə də həbs təhlükəsi istisna deyil», - deyə vəkil bildirib. Cənab İsmayılov ANS-in fəaliyyətinin dayandırılmasından dərhal sonra M.Ağayevin, habelə telekanalın prezidenti Vahid Mustafayevin prokurorluğa çağırılmasını təsadüf saymır. Onun fikrincə, nəyin bahasına olursa olsun, bu insanları sındırmaq istəyirlər.
«Bakı-Xəbər» qəzetindəki «Prezidentlərin Minsk görüşü nə vəd edir?» başlıqlı məqalədə bildirilir ki, MDB dövlət başçılarının Minskdə keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşünün hər hansı nəticə verəcəyi inandırıcı görünmür. Buna əsas səbəb isə tərəflərin hələ də konkret ziddiyyət predmetinə çevrilən məsələlər ətrafında razılıq əldə edə bilməməsidir. İndiyə qədər bu ziddiyyətlərin həll edilməməsi prezidentlərin Minsk görüşünün nəticəsiz başa çatacağını şərtləndirən əsas amillər hesab edilir. Belə şəraitdə prezidentlərin yenidən görüşməsinə nə dərəcədə ehtiyac duyulmasına gəlincə, ekspertlər bunu, daha çox, ATƏT-in Minsk Qrupunun maraqları ilə izah edir. Belə ki, dövlət başçılarının görüşü bir tərəfdən, Minsk Qrupunun ciddi fəaliyyət göstərdiyinə dair mənzərə yaradırsa, digər tərəfdən, qrupun təklif etdiyi həll variantlarının reallıqda həyata keçirilməməsinin məsuliyyətini Azərbaycan və Ermənistanın üzərinə qoymağa əsas yaradır.
«Rusiya hökumətinin qərarının tətbiqi nəticəsində bu ölkədə işləyən soydaşlarımızın üzləşə biləcəkləri problemlərin öyrənilməsi və aradan qaldırılması üçün yaradılmış komissiya bir çox işləri görə bilər. Ümidvaram ki, komissiya qarşıya qoyulmuş vəzifələri vaxtında yerinə yetirəcək və müvafiq təkliflər hazırlayacaq ki, Rusiyada yaşayan azərbaycanlıların problemləri həll olunsun». Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev «Yeni Azərbaycan» qəzetinin əməkdaşı ilə söhbətində belə deyib. Rusiyada yaşayan azərbaycanlıların vəziyyətini öyrənmək məqsədilə ötən həftə Moskvada ezamiyyətdə olan Rauf Tağıyev bazarlarda sosioloji sorğu keçirdiyini və hazırda nəticələrin təhlil olunduğunu bildirib. Onun sözlərinə görə, sorğunun nəticələri əsasında təkliflər hazırlanacaq. Dekabrın əvvəllərində isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti yenidən Moskvaya ezam olunacaq və ilkin məsləhətləşmələr aparacaq.
«Şərq» qəzetindəki «Rusiya bizi enerji böhranı ilə üz-üzə qoya bilməz» başlıqlı məqalədə bildirilir ki, Rusiyanın «PAO EES» Açıq Tipli Səhmdar Cəmiyyəti ilə «Azərenerji» Qapalı Səhmdar Cəmiyyəti arasındakı müqavilə təzələnməsə, bu ölkə Azərbaycana elektrik enerjisinin ixracını dayandıra bilər. Artıq «Azərenerji» Qapalı Səhmdar Cəmiyyəti bu məsələ ilə bağlı öz narahatçılığını bildirib. Qurumun vitse-prezidenti Marlen Əsgərov qeyd edib ki, Rusiyadan verilən elektrik enerjisi dayandırılsa, Azərbaycan öz imkanları hesabına enerji böhranını aradan qaldıra bilməyəcək. Müəllif yazır ki, Rusiyanın Azərbaycana satdığı qazın qiymətini iki dəfə baha qiymətə təklif etməsindən sonra bu addımı atması Azərbaycana təzyiq vasitəsi kimi qiymətləndirilir. Bəzi ekspertlər düşünür ki, Rusiya Azərbaycanı enerji böhranı ilə üz-üzə qoyaraq öz təsiri altında saxlamaq istəyir.