Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:54

ANS-siz efir məkanı necə görünür?


Vətəndaşlar da, mütəxəssislər də ANS-in yoxluğunu hiss etdiklərini deyirlər
Vətəndaşlar da, mütəxəssislər də ANS-in yoxluğunu hiss etdiklərini deyirlər
Bu gün regional televiziyalarla yanaşı paytaxtdan bir neçə dövlət və özəl televiziyalar yayımlanır. Düzdür, Qafqazdakı digər ölkələrlə müqayisədə Azərbaycanda televiziyaların sayı çox azdır. Amma, mütəxəssislərin qənaətincə, məsələ hətta sayda yox, onların obyektivliyində və nə dərəcədə müstəqil olmasındadır. Onların qənaətincə, indi televiziya məkanındakı bütün kanallar iqtidaryönlüdürlər. Bu üzdən də Bakı küçələrində söhbətləşdiyim vətəndaşlar da, mütəxəssislər də ANS-in efirə çıxmadığı dörd gündə onun yoxluğunu hiss etdiklərini deyirlər. Rəyini soruşduğum paytaxt sakinləri də ANS-in xəbərlərinin obyektiv olduğunu bildirilər.

Mütəxəssislər isə ANS televiziyasının heç də həmişə obyektiv və qərəzsiz olmadığı qənaətindədirlər. Televiziya jurnalisti Çingiz Sultansoy: « Qənaətbəxş olmasa da, obyektivliyə yaxınlaşırdılar. Amma, düşünürəm ki, bu obyektivlik 2003-cü il prezident seçkilərində özünü göstərmədi…»


Bu şübhələrə rəğmən və üstəlik vaxtilə «Realnıy Azerbaydjan» qəzetində ANS-lə bağlı silsilə tənqidi məqalələrin müəllifi olan Çingiz Sultansoy da bu televiziyanın peşəkar üstünlüklərini də, başqalarından fərqləndiyini də inkar etmir: «Azərbaycandakı televiziyalar arasında tam müstəqili yoxdur. Amma ANS ən irəlidə gedəniydi».


«ANS həmişə tamaşaçının yaxşı mənada saqqızını oğurlamağa çalışırdı. İnformasiya buraxılışlarında yaxşı mənada sensasiya axtarışı vardı. Tamaşaçıya işləyirdilər. O başqa məsələ ki, tam müstəqil deyildilər və məhdudiyyətlər vardı».
Çingiz Sultansoy bunun sirrini ANS-in həmişə tamaşaçının xoşuna gəlmək meyli və cəhdləriylə bağlayır: «ANS həmişə tamaşaçının yaxşı mənada saqqızını oğurlamağa çalışırdı. İnformasiya buraxılışlarında yaxşı mənada sensasiya axtarışı vardı. Tamaşaçıya işləyirdilər. O başqa məsələ ki, tam müstəqil deyildilər və məhdudiyyətlər vardı».


Mətbuat Şurasının sədr müavini, televiziya üzrə mütəxəssis Qulu Məhərrəmli deyir ki, cəmi bir neçə gündə ANS-in yoxluğunu hiss etdirən kanalın həmişə fərqli hava yarada bilməsindəydi. Bundan başqa, bu televiziya xəbərlərini balanslaşdırılmış şəkildə çatdırmağa çalışırdı.


Mütəxəssislərin fikrincə, ANS televiziyasının bağlanmasının təhlükəli tendensiya olduğunu düşünürlər. Xəbər buraxılışlarında fərqlənməyə çalışan kanal başqalarını da axtarışa vadar edirdi. Amma, cəmi bir neçə gündə başqa telekanallarda siyasi yüklü xəbərlərin azaldığı və daha çox sosial yönümlü reportajlara meyl etdiyi hiss olunur. Ekspertlərə görə, bu meyl getdikcə güclənəcək. Yerli məkanda gün-gündən «realiti-şouların», əyləncəli proqramların, serialların sayı artacaq. Mütəxəssislərin qənaətincə, hökumət bununla «Amerika» kəşf etməyib. Əksinə həmişə mövcud olan bir fikri işə salıb. Əhaliyə yenə tamaşa və çörək verilir ki, siyasi məsələlər haqda düşünməsin. Bu üzdən də ekspertlər hesab edirlər ki, onsuz da yox dərəcəsində olan siyasi tok-şoular televiziyalardan yığışdırılacaq. Çingiz Sultansoy: «Siyasi proqramlar və tok-şoularla bağlı rəqabət bir az da gerilədi. «Nəzər nöqtəsi»nin güclü vaxtları vardı. İndi mənə ona uyğun şou göstərin. Özü də canlı yayımda getsin. ANS canlı yayıma daha meylli idi. İndiki telekanallar isə bundan qorxur…»


Qulu Məhərrəmli isə düşünür ki, yenə də telekanallarda ictimai-siyasi, ədəbi-bədii, analitik proqramlar əvvəlki axarda davam edəcək, nə azalacaq, nə çoxalacaq. Amma, problem xəbər buraxılışlarında hiss oluna bilər. Balanslaşdırılmış xəbər verə bilən, hadisə haqda fikir formalaşdıran ANS-siz televiziya məkanı solğun görünəcək. Qulu Məhərrəmli etiraf edir ki, başqa televiziyalardakı xəbərlər azalmayıb. Sadəcə, yanaşma tərzi oxşar olduğundan xəbər yoxsulluğu yaranıb. Yerdə qalanlar informasiyanı ANS qədər peşəkar və canlı təqdim edə bilmirlər: «ANS psixoloji hava yaratmışdı. Bu tərzi görməyəndə bizə elə gəlir ki, böyük boşluq yaranıb».


O ki qaldı, «realiti-şoulra», seriallara və ya əyləncəli verilişlərə, Qulu Məhərrəmli deyir ki, bütün dünyada buna meyl var və olacaq. Sadəcə, inkişaf etməkdə olan Azərbaycan kimi ölkələrdə bu tip verilişlərin çoxluğu və onların mənfi-müsbət cəhəti başqa söhbətin mövzusudur.


XS
SM
MD
LG