Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:05

«Yeni Müsavat»: «Minskdə təslimçi saziş imzalana bilərmi?»


«Yeni Müsavat» qəzetindəki «Minskdə təslimçi saziş imzalana bilərmi?» başlıqlı məqalədə MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü şərh olunub. Müəllif yazır ki, Rambuye və Buxarest görüşlərindən sonra sayca üçüncü olan bu görüşün neytral ölkədə keçirilməsini, üstəlik Minsk Qrupunun 14 il öncə məhz Belarus paytaxtında yaradılması faktını önə çəkən bəzi ekspertlər danışıqlarda irəliləyişin olmasını mümkün sayırlar. Təbii ki, indiki siyasi situasiya və şərtlər daxilində imzalanacaq istənilən razılaşmanın Azərbaycanın mənafeyinə uyğun olmayacağı əvvəlcədən aydındır. Xüsusilə də beş və yaxud yeddi rayonunun qaytarılmasının müqabilində Azərbaycanın referendumla bağlı razılaşmaya getməsi təhlükəsi daha çox narahatçılıq doğurur. Lakin ekspertlər fərqli fikirdədirlər. Politoloq Rasim Musabəyov inanmır ki, bu görüşdə hansısa razılaşma imzalansın.

«Yeni Azərbaycan» qəzetindəki «Quş qripi»nin yayılması ehtimalı böyükdür» başlıqlı məqalədə bildirilir ki, dekabr-yanvar aylarında xarici dövlətlərdən Azərbaycana köçəri quşların miqrasiyasının artması «quş qripi» virusunun yayılması ehtimalını çoxaldır. Artıq bütün ölkələrin baytarlıq orqanları səfərbər olunaraq virusun kifayət qədər az yayılması, eləcə də köçəri quşlardan ev quşlarına təmasın qarşısının alınması yönündə profilaktik tədbirləri gücləndirib. Azərbaycanın baytarlıq xidməti də gücləndirilmiş iş rejiminə keçib. Dövlət Baytarlıq Xidmətinin rəhbəri İsmayıl Həsənovun dediyinə görə, «quş qripi» ilə mübarizə tədbirləri çərçivəsində nəzərdə tutulmuş bütün qaydaların yerinə yetirilməsi üçün baytarlıq orqanlarına təlimatlar verilib.


Bu gün Belarusun paytaxtı Minsk şəhərində MDB dövlət başçılarının növbəti sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə keçiriləcək növbəti görüşü «525-ci qəzet»in də əsas mövzularından biridir. Müəllif yazır ki, budəfəki görüş öncəsi ATƏT-in Minsk Qrupunun həmsədrləri dövlət başçılarının müzakirəsinə nizamlama prinsiplərinə dair layihənin «modifikasiya olunmuş variantı»nı təqdim edəcəklərini bildiriblər. Qeyd olunur ki, bu, sözügedən layihənin Rambuye və Buxarest danışıqlarından sonra redaktə edilmiş üçüncü variantıdır və mahiyyət etibarilə tərəflərin iki prinsipial məqam - Dağlıq Qarabağın statusu və işğal olunmuş rayonların azad edilməsi prinsipləri ilə bağlı mövqelərini nisbətən uzlaşdırmağı hədəfləyir. Ümumilikdə isə prezidentlərin təsdiqinə 20-dək layihənin veriləcəyi qeyd olunur. Onlardan bir qismi ötən cümə Minskdə keçirilmiş MDB hökumət başçılarının toplantısında paraflanıb və prezidentlər tərəfindən müzakirəsiz təsdiqlənəcək.


«Xalq Cəbhəsi» qəzetindəki «Siyasi don» başlıqlı məqalədə müəllif yazır ki, ANS-in yayımının dayandırılması ilə bağlı bəzi prosedur xarakterli məqamlar var ki, müəyyən suallar doğurur. Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli APA-ya verdiyi müsahibəsində bildirir ki, «ANS telekanalı və ANS ÇM radiosu 2003-cü ildən başlayaraq, «Televiziya və radio yayımı haqqında» qanunun bir neçə maddəsinin pozulması ilə əlaqədar şura tərəfindən edilmiş 11 rəsmi xəbərdarlığa və cərimə sanksiyasına məhəl qoymayıb». Müəllif yazır ki, maraqlıdır, nə üçün son qərar qəbul edilənədək Azərbaycan ictimaiyyəti ANS-in 11 dəfə xəbərdarlıq alması və cərimələnməsi ilə bağlı ətraflı məlumatlandırılmayıb? Cərimə və xəbərdarlıqla bağlı məlumatlar isə ictimaiyyətin diqqətinə, əsasən maraqlı tərəf, konkret halda ANS tərəfindən çatdırılıb. Müəllifə görə, Teleradio Şurası hər hansı bir televiziyaya qarşı tətbiq etdiyi cəza və bunu şərtləndirən səbəblər haqqında geniş məlumat verməlidir.


XS
SM
MD
LG