Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:42

«Azərenerji» enerjinin qiymətini artırmaq üçün müraciət etməyib


Azərenerji»nin prezidenti Etibar Pirverdiyev, 20 dekabr 2002
Azərenerji»nin prezidenti Etibar Pirverdiyev, 20 dekabr 2002

«Azərenerji» Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan hökumətinə elektrik enerjisinin satış qiymətlərini artırmaqla bağlı müraciət etməyib. Qurumun prezidenti Etibar Pirverdiyev bir gün əvvəl vitse-prezident Marlen Əsgərovun hökumətə müraciətlə bağlı jurnalistlərə verdiyi məlumatı inkar edir. Eyni zamanda, o, hazırda elektrik enerjisinin 1 kilovatının şirkətə 4 qəpiyə başa gəldiyini, amma əhaliyə verilən enerjinin satış qiymətlərinin bundan iki dəfə aşağı olduğunu da bildirir. Digər tərəfdən, Rusiya da gələn il üçün Azərbaycana satacağı elektrik enerjisinin qiymətlərini 13 faiz artıracağını bildirib. Cənab Pirverdiyevin sözlərinə görə, Moskva Azərbaycana hər il verdiyi 300 meqavatt əvəzinə, cəmi 60 meqavatt təklif edir. Bu isə qış aylarında Azərbaycanda enerji çatışmazlığına səbəb ola bilər. E.Pirverdiyev deyir ki, bu hal baş verməsin deyə, Azərbaycan İran və Gürcüstanla enerji mübadiləsiylə bağlı razılaşma əldə edib: «Noyabrın 12-də İranda səfərdə olarkən İran və Azərbaycan enerji sistemlərinin paralel işlənməsi haqqında razılaşma əldə etdik. Razılaşmada heç bir vəsaitin ödənilməsindən söhbət getmir. Yay aylarında biz İrana enerji verəcəyik. Onlar isə bunun əvəzini bizə qış aylarında qaytaracaq. Belə bir razılaşma Gürcüstanla da əldə edilib. Biz onlardan axşam saatlarında enerji alacağıq, əvəzini isə gündüz saatlarında qaytaracağıq».


Etibar Pirverdiyevin sözlərinə görə, «Barmek»in quraşdırdığı sayğaclar standartlara uyğun olmadığından həmin qurumu əvəz edən «Bakıelektrikşəbəkə» və «Sumqayıtelektrikşəbəkə» gələn ildən yeni sayğacların quraşdırılmasına da başlayacaq. «Bakıelektrikşəbəkə»nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İsgəndər Fərzarlı isə deyir ki, yeni elektrik sayğaclara müdaxilə qeyri-mümkün olacaq: «Yanvar ayından başlayaraq sayğacların məsafədən oxunan elektrik sayğaclarla kütləvi əvəzlənməsinə başlanacaq. Əvvəlkilərdən fərqli olaraq bu sayğaclara müdaxilə qeyri-mümkündür. Bu sayğaclarda xətalar da yox dərəcəsindədir».


«Turan» enerji məcmuəsinin redaktoru İlham Şaban isə hökumətin sayğacları dəyişdirməklə bağlı qərarını düzgün addım hesab etmir. Onun fikrincə, hər şeydən əvvəl enerji itkisinin qarşısı alınmalıdır: «Birinci mərhələdə enerjinin elektrik stansiyalarından paylayıcı şəbəkələrə verilməsinədək olan hissədə itki azaldılmalıdır. Ondan sonra bu addım atılmalıdır. Onda hamı istifadə etdiyi enerjiyə görə, pul ödəyəcək. Nə qədər yüklədisə, o qədər də istifadə edə biləcək».


Cənab Şaban deyir ki, sayğacların dəyişdirilməsi həm də küllü miqdarda pul tələb edir. O, indiki mərhələdə bu pulların məhz sayğacların quraşdırılmasına xərclənməsini münasib bilmir. «Bakıelektrikşəbəkə»dən isə bildirirlər ki, sayğacların dövlətin və ya abonentlərin hesabına quraşdırılacağı hələ ki məlum deyil.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG