Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:08

«525-ci qəzet» dəki «Rusiya Azərbaycan qazını Türkiyə bazarına buraxmaq istəmir» başlıqlı məqalədə Rusiyanın «Qazprom» dövlət şirkətinin gələn ildən Azərbaycana qaz nəqlini 1,5 milyard kub metrə endirmək istəyi şərh olunub. Müəllif yazır ki, «Qazprom»un rəsmi nümayəndəsi Sergey Kupriyanov bunu açıq şəkildə söyləməsə də, əslində, Rusiyanın Azərbaycana qaz nəqlini azaltmaq qərarı yaxın vaxtlarda işə düşəcək Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə bağlıdır. Çünki Azərbaycan bu kəmərlə «Şahdəniz» yatağından çıxarılacaq qazı Gürcüstan və Türkiyəyə, perspektivdə isə Avropa ölkələrinə nəql etmək niyyətindədir. Bu isə hazırda Avropanın və postsovet məkanının qaz bazarında hakim olan Rusiyanın yerinin, az da olsa, daralması deməkdir. Odur ki, Rusiya tərəfi mövcud təsir imkanlarından istifadə edərək, Azərbaycanı faktiki seçim qarşısında qoyur: Bakı ya Rusiyadan aldığı qaza görə indikindən iki dəfə çox pul ödəməli, ya da Türkiyəyə qaz satışından vaz keçərək, «Şahdəniz»dən çıxardığı qazı öz ehtiyacları üçün istifadə etməlidir.


«Xalq Cəbhəsi» qəzetindəki «ARDNŞ şimal kəmərindən imtina etməyəcək» başlıqlı məqalədə bildirilir ki, 2007-ci ildə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıdan Novorossiysk limanına 2,5 milyon ton xam neft nəql edəcək. Şirkət Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsinə baxmayaraq, şimal marşrutundan imtina etmək fikrində deyil. Gələn il də şirkət 8,7 milyon ton neft hasil edəcək. Bunun əsas hissəsi daxili təlabatın ödənilməsinə, yerdə qalan 2,5 milyon ton isə ixraca yönəldilir. Növbəti illərdə də ARDNŞ-in illik hasilat həcmi dəyişməyəcək. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) isə 2007-ci ildə 23-25 milyon, 2008-ci ildə isə 35-40 milyon ton «qara qızıl» çıxarmağı planlaşdırır. Bu gedişlə ARDNŞ-lə birlikdə 2010-cu ilədək Azərbaycanda illik neft hasilatı 50 milyon tonu ötəcək. ABƏŞ hasil edəcəyi nefti Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan kəmərləri vasitəsilə Avropa bazarlarına ixrac edəcək.


«Yeni Müsavat» qəzetindəki «YAP tarixdə yaxşı xatırlanmayacaq» başlıqlı məqalədə müəllif yazır ki, hakimiyyətdə olduğu 13 il ərzində öz fəaliyyətində daim inzibati resurslara söykənən, sıralarını könüllülük yox, məcburi prinsiplərlə genişləndirən bu təşkilat Heydər Əliyevin vəfatından sonra demək olar ki, unudulub. Azərbaycan cəmiyyətində YAP-a münasibət birmənalı deyil. «YAP Azərbaycana nə verdi» sualı ətrafında danışanlar isə müsbət məqamları yada salmaqda çətinlik çəkirlər. Keçmiş YAP-çı, «Bakı-Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev hesab edir ki, YAP-ın Azərbaycanın ən yeni tarixində yeri var: «Amma YAP-ın tarixdə mütərəqqi rol oynamış partiyalarla bir sırada adı olmayacaq. Gələcək nəsillər YAP-ın adına mürtəce rol oynayan qüvvələrlə bir yerdə rast gələcəklər, - deyə cənab Quliyev vurğulayıb. Müsavat başqanının müavini Mehman Cavadoğlu da YAP-ın Azərbaycana müsbət mənada nəsə verdiyini düşünmür. O, hesab edir ki, bu təşkilatın yarandığı gündən siyasi yox, inzibati qurum olduğu dəfələrlə sübut olunub.


«Qobustan qapalı həbsxanasının keçmiş rəisi Sədaqət Ağayev vəzifəsindən uzaqlaşdırılsa da, həbsxanada vəziyyət dəyişməyib. 1995-ci ildə Bayıl həbsxanasında ölümə məhkum edilən məhbuslara işgəncə verən, habelə Qobustan həbsxanasında bu işi davam etdirən Şahkişi Bağırov onu əvəz edib». «Ayna» qəzeti adını açıqlamadığı mənbəyə istinadən belə yazır. Mənbənin verdiyi məlumata əsasən, Ş.Bağırovun rəhbərliyi ilə həbsxanada bir neçə məhbusa işgəncə verilib, habelə oktyabrın 30-da Cahangir adlı bir məhbusla insanlığa sığmayan rəftar edilib. Yəni sözügedən məhbus guya «dubinka»dan istifadə edilməklə zorlanıb.


XS
SM
MD
LG