Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:01

Prezidentin səlahiyyətinin 7 ilə uzadılması parlamentin müzakirəsinə çıxarılacaq


Müxalifətçilər təşəbbüsün hakimiyyətin «mətbəx»indən ictimai rəyi öyrənmək üçün ötürüldüyünü düşünür
Müxalifətçilər təşəbbüsün hakimiyyətin «mətbəx»indən ictimai rəyi öyrənmək üçün ötürüldüyünü düşünür
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının prezident səlahiyyətlərinin 5 ildən 7 ilə kimi uzadılması təşəbbüsü müxalifət düşərgəsində demək olar ki, sükutla qarşılanıb, hələ ki, ona ciddi reaksiya verilməyib. Əksər müxalifətçilər bu qənaətdədirlər ki, həmin fikir hakimiyyətin «mətbəx»indən ictimai rəyi öyrənmək üçün ötürülüb. Hərçənd bunun gerçəkləşəcəyinə inanmaq istəyənlər də azdır. Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə görə, bu, Azərbaycanı Türkmənistan və ya Tacikistan kimi görmək istəyən hakimiyyətin arzusudur və elə arzu olmaqdan da o yana keçməyəcək: «Ölkədə monarxiya üsulu ilə idarəetməyə meylli olan hakimiyyət olduğundan seçkiləri də ləğv etməyi düşünə bilər. Ancaq həm Azərbaycanın, həm də dünyanın reallıqları bu arzunun reallaşmasına imkan verməyəcək».

Müsavat Partiyası Divanının üzvü Vurğun Əyyub isə bu təklifə ciddi yanaşmadığını, sadəcə, Fəzail Ağamalının hakimiyyətə xoş görünmək üçün belə təşəbbüs irəli sürdüyünü deyir: «Azərbaycan hakimiyyətinin nələr düşündüyünü, nələr planlaşdırdığını demək çətindir. Azərbaycan cəmiyyəti o qədər müqavimətsizdir ki, hakimiyyətdəkilər düşünürlər ki, nə istəsələr, yeridə bilərlər. Konkret deyə bilmərəm, nələr nəzərdə tutulur. Hərçənd inanmaq istəmirəm ki, hakimiyyət belə bir addım ata bilər».


Bakı küçələrində söhbətləşdiyim vətəndaşlarının düşüncələri də maraqlıdır:


- Mən indiki prezidentlə razıyam. Səlahiyyət müddətinin uzadılmasına da razıyam;


- Qətiyyən bu təkliflə razı deyiləm. Beş ildə neyləyib ki, yeddi ildə də neyləsin?


- Mənim üçün təfavütü yoxdur. İstəyir iyirmi il hakimiyyətdə olsun. Pulumuzu artırsın;


- Mən təklif edirəm ki, prezidentlik müddətini yeddi il yox, dörd il edək.


Siyasi icmalçı Rauf Mirqədirova görə də, Azərbaycan Avropaya inteqrasiya olunmaq istəyirsə, belə addımlardan çəkinməlidir.


Amma peşəkarlar ona diqqət çəkirlər ki, Konstitusiya iqtidarda təmsil olunan siyasi qüvvələrin istəyinə uyğun olaraq dəyişdirilməməlidir. Çünki bu pis bir ənənənin başlanğıcını qoya bilər, xüsusən də son dəyişikliklər cəmi dörd il öncə edilib və hakimiyyətin maraqlarına uyğunlaşdırılıb. Hüquqşünas Fuad Ağayev: «Konstitusiyaya dəyişiklik hakim partiyanın mövqeyini bərkitmək üçün keçirilməməlidir».


2002-ci ildə keçirilən referendumla Konstitusiyada bəzi dəyişikliklər edilib. Həmin dəyişikliklərlə ölkədə parlamentə seçki sistemi dəyişib, prezidentdən sonra ikinci səlahiyyətli şəxs vəzifəsi parlamentin sədrindən alınaraq Baş nazirə verilib.


Siyasi icmalçı Rauf Mirqədirova görəsə, Azərbaycanda indiyədək beynəlxalq qurumların və toplumun narazılığına baxmayaraq çox mümkünsüz görünənlər reallığa çevrilib. Bu ideya bir nəfərin uzunmüddətli hakimiyyətdə qalmasına xidmət edir.


YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı isə deyir ki, hələlik hakim partiya bu təklif üzərində düşünmür:


«Biz Konstitusiyaya dəyişiklik üzərində düşünmürük. Ana Vətən Partiyası ictimai rəyə təsir göstərə bilən partiyalardandır, özü təşəbbüslə çıxış edib. YAP-ın isə hələlik bu yöndə müzakirə aparmaq niyyəti yoxdur».


Təşəbbüs müəllifi Fəzail Ağamalı isə bu dəyişikliyin sosial sifariş olduğunu düşünür və parlamentdə müzakirəyə çıxarılacağını deyir. Bir neçə il öncə İlham Əliyevin prezidentliyə namizədliyinin verilməsi də Ana Vətən və başqa iqtidaryönlü partiyalar tərəfindən səslənmişdi.


XS
SM
MD
LG