Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:48

Naxçıvanda işıq əvvəlki kimi uzun fasilələrlə verilmir


Tezliklə Naxçıvan elektrikə olan tələbatını daxili imkanlar hesabına ödəyə biləcək

Tezliklə Naxçıvan elektrikə olan tələbatını daxili imkanlar hesabına ödəyə biləcək

Ötən 15 ildə bu il ilk dəfədir ki, qış mövsümünə keçidlə bağlı Naxçıvan Muxtar Respublikasında (NMR) elektrik enerjisinin əhaliyə verilməsində qrafik sistemindən istifadə olunmur. Hər il noyabrın 15-dən başlayaraq NMR-də əhaliyə işıq iki saatdan bir verilirdi. Kənd yerlərində isə 5-6 saatdan bir, bəzi hallarda isə hətta günlərlə işıq yanmırdı. Hazırda əhaliyə verilən elektrik enerjisində arabir fasilələr olsa da, bu, uzun müddət çəkmir. Lakin dekabrın 1-dən MR-də fəaliyyət göstərən sex, mağaza, restoran və digər ictimai iaşə obyektlərinin iş sisteminə məhdudiyyətlər qoyulacaq. Bu haqda «Azadlıq» radiosuna məlumat verən restoran müdirlərindən birinin dediyinə görə, noyabrın 22-də bütün obyetlərin rəhbərlərinə artıq xəbərdarlıq da edilib.

Bölgədə hazırda inşa edilən və yaxın günlərdə tikintisinə başlanılacaq elektrik stansiyalarında istehsal ediləcək elektrik enerjisi hesabına yaxın gələcəkdə MR enerji sahəsində xarici ölkələrdən asılılığı aradan qaldıracaq
Energetiklər enerjinin hələ ki, fasiləsiz verilməsini bir tərəfdən, 15 illik fasilədən sonra bölgəyə təbii qazın verilməsi ilə əlaqələndirsələr də, digər tərəfdən, bunu elektrik enerjisindən istifadədə israfçılığa yol verilməməsi üçün keçirilən reydlərlə izah edirlər. Çünki reydlər zamanı evlərdən xeyli sayda qeyri-standart qızdırıcılar toplanılıb. NMR Energetika Agentliyinin direktor müavini Hüseyn Məmmədov deyir ki, əhali enerjidən qənaətlə istifadə etməsə, qrafik sisteminə yenidən keçiləcək. Onun sözlərinə görə, evlərdə elektrik sayğaclarının quraşdırılması işi də sürətlənib. Cənab Məmmədov bildirir ki, sayğac quraşdırılan evlərdə vətəndaşlar elektrik enerjisinə xeyli qənaət edirlər.


Evində elektrik sayğacı quraşdırılmayan vətəndaşlar şəhərdə 10-12 manat, kəndlərdə isə 16 manata yaxın ödəmə edirlər.


NMR Türkiyə və İrandan da elektrik enerjisi alır. Energetiklər bildirirlər ki, bölgədə hazırda inşa edilən və yaxın günlərdə tikintisinə başlanılacaq elektrik stansiyalarında istehsal ediləcək elektrik enerjisi hesabına yaxın gələcəkdə MR enerji sahəsində xarici ölkələrdən asılılığı aradan qaldıracaq. Hesablamalara görə, daxili imkanlarla 210-220 meqavatt elektrik enerjisi istehsal etmək mümkün olacaq ki, bu da il ərzində Muxtar Respublikaya kifayət edər.


Enerji qıtlığını aradan qaldırmaq üçün Ordubad rayonu yaxınlığındakı 87 meqavatt gücündə olacaq modul tipli elektrik stansiyasında quraşdırma işləri bu ilin sonunda başa çatacaq. Heydər Əliyev adına Su Anbarının üzərindəki 4,5 meqavatt gücündə olan Su Elektrik Stansiyası (SES) isə artıq şəbəkəyə qoşulub. 2006-cı ilin sonuna kimi, Araz çayı üzərində daha bir SES-in inşasına başlanılacaq. Həmin stansiyanın gücünün çayda suyun səviyyəsindən asılı olaraq 36-42 meqavatt arasında olacağı bildirilir. Bundan başqa, bölgədəki kiçik çaylar üzərində də az güclü olsa da, SES-lərin quraşdırılması planlaşdırılır. Üstəlik, mütəxəssislər NMR-də küləklə işləyən stansiyaların da tikilə biləcəyini bildirirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG