Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:52

İcazəsiz aksiyada onlarla adamın saxlandığı bildirilir


Blok etiraz aksiyalarını davam etdirməkdə israrlıdır, 23 noyabr 2006
Blok etiraz aksiyalarını davam etdirməkdə israrlıdır, 23 noyabr 2006

Noyabrın 23-də dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» blokunun fəalları Prezident Aparatı qarşısında icazəsiz piket keçirməyə cəhd etdi. Onlar Azərbaycan Xalq Cəbhəsi Partiyası, «Azadlıq» qəzeti və daha bir neçə kütləvi informasiya vasitəsinin yerləşdiyi binadan çıxarılmasına etiraz edirdilər. Aksiya iştirakçıları Prezident Aparatına gedən yolda - metronun «Bakı Soveti» stansiyasının çıxışında şüarlarını səsləndirməyə başladılar.
Amma polis elə stansiyanın qarşısında aksiya iştirakçılarının qarşısını kəsib, piketi dağıtdı. Onlarla adam saxlandı.


Polisin çağırışlarına məhəl qoymayan aksiya iştirakçılarından bir neçə qadın və AXCP sədrinin müavini Həsən Kərimov döyüldü.


Azərbaycan Xalq Cəbhəsi Partiyasından yayılan məlumatda bildirilir ki, aksiyada 50 nəfərdən çox şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidlinin sözlərinə görə isə, saxlanılanlar cəmi 25 nəfərdir. Araşdırmadan sonra onların bəzilərinin işinin məhkəməyə göndəriləcəyi gözlənilir.


«Azadlıq» blokunun eyni tələblərlə bundan əvvəl keçirdiyi piketlərini də polis dağıtmışdı. Blok etiraz aksiyalarını davam etdirməkdə israrlıdır.


«Azadlıq» qəzetinin redaksiyasında isə söz azadlığının məhdudlaşdırılması və sözügedən binanın boşaldılması tələblərinə etiraz olaraq üç nəfər jurnalistin aclıq aksiyası davam edir. Onlardan biri - «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid artıq 15-ci gündür aclıq edir. Noyabrın 23-də 3 saylı Təcili-Tibbi Yardım Xəstəxanasının həkimləri müayinə zamanı ona səhhətində yaranan problemlərlə bağlı aclığı dayandırmağı, bədəninə qidalandırıcı dərman vurmağı təklif etsələr də, cənab Zahid bundan imtina edib.


Qənimət Zahid iki gün əvvəl ölkənin tanınmış ziyalılarının, din xadimlərinin də aclığı dayandırmaqla bağlı müraciətnə mənfi cavab vermişdi.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG