Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:31

Həkim Qənimət Zahidovun vəziyyətinin ölümlə nəticələnə biləcəyini deyir


Baş redaktorun nə qədər davam gətirəcəyini heç özü də bilmir
Baş redaktorun nə qədər davam gətirəcəyini heç özü də bilmir
«Azadlıq» qəzetinin baş redaktoru, azad mətbuata təzyiqlərə son qoyulması və Xəqani küçəsi 33-də yerləşən KİV-lərin binadan çıxarılması məsələsinə etiraz olaraq artıq 14-cü gündür aclıq aksiyası keçirən Qənimət Zahidov noyabrın 22-də ziyalılara, partiya liderlərinə və ondan aclığı dayandırmağı xahiş edən digər tanınmış adamlara müraciət edib. Cənab Zahidov deyir ki, hörmət etdiyi insanların xahişlərindən imtina etmək ona çətin olduğu üçün onlara müraciət etmək məcburiyyətində qalıb: «Onlar mənə yox, hökumətə müraciət etsələr, daha yaxşı olar. Çünki problemi hökumət yaradıb».

Qənimət Zahidova müraciət edənlər arasında siyasi partiya liderləri, hüquq müdafiəçiləri, KİV rəhbərləri ilə yanaşı, şair Bəxtiyar Vahabzadə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə və digər tanınmış şəxslər də var.


Hələlik ortada məhkəmə qərarı yoxdur. Ancaq Redaktorlar Birliyinin üzvləri və ayrı-ayrı jurnalistlər hesab edirlər ki, məhkəmə KİV-lərin binadan çıxırılmasını rəsmiləşdirəcək. Bu fikirdə olanlar deyirlər ki, rəsmi dairələrdən «Azadlıq» qəzeti və «Turan» İnformasiya Agentliyinin yerlə təmin olunacaqlarını bildirmələri də bunu təsdiqləyir.



Həkim əlavə edir ki, Qənimət Zahidovun bu vəziyyətdə nə qədər yaşaya biləcəyi onun bədəninin müqavimətindən asılıdır
Günün birinci yarısı parlamentdə spiker Oqtay Əsədovun məsələyə münasibətini soruşduq. O, plenar iclasların birində Milli Məclisin ANS TV-lə bağlı yaranan problemi araşdıracağını deyərkən Xəqani küçəsindəki 33 saylı bina ilə bağlı vəziyyətə də biganə qalmayacaqlarını bildirmişdi. Spiker də problemin qanun çərçivəsində həll olunacağını dedi: «Bina ilə bağlı məsələlər qanun çərçivəsində həll olunacaq. Güman edirəm ki, hər şey normal olacaq».

Məhkəmənin məsələyə ədalətlə baxacağına inamsızlıq fikri redaktorlar arasında dəfələrlə səslənib. «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu isə Mətbuat Şurasının problemin həlli ilə bağlı uğurlu iş görəcəyinə inanmır. O, deyir ki, indiyə qədər bu qurum jurnalistlərlə bağlı yaranmış problemlərin həllində konkret hər hansı bir nəticə əldə etməyib. Mətbuat Şurası buna çalışsa da, onun ciddi dəyişikliyə nail olacağı inandırıcı deyil: «Ancaq jurnalistlərin özlərinin təzyiqi ilə hansısa uğurlu nəticə əldə etmək olar».


Hökumətlə KİV arasında vasitəçiliyi təmin etmək məqsədilə Mətbuat Şurasının yaratdığı komissiyanın rəhbəri Hacı Sabir isə deyir ki, komissiya məhkəmənin işinə qarışa bilməz. Əgər məhkəmə qərar çıxartsa ki, bina boşaldılmalıdır, onlar barışıq komissiyası olaraq hakimiyyətin daha hansı variantları təklif edə biləcəyini öyrənəcəklər. Və çalışacaqlar ki, məhkəmədən sonrakı prosesdə məsələni qarşılıqlı anlaşma ilə sona yetirsinlər.


Vaxtın uzanmasının fəsadları isə əlbəttə ki, daha çox «Azadlıq» qəzetinin baş redaktorunun səhhətində özünü büruzə verir.


Gün ərzində Qənimət Zahidovu müayinə edən 3 saylı köməkçi-yardım stansiyasının həkimi Məhəmməd Qurbanov deyir ki, baş redaktorun vəziyyəti yaxşı deyil və getdikcə ağırlaşacaq. Ona görə də o, hətta gecələr də davamlı şəkildə həkim nəzarəti altında olmalıdır: «Getdikcə onun vəziyyəti ağırlaşacaq və bu hal ölümlə nəticələnəcək».


Həkim əlavə edir ki, Qənimət Zahidovun bu vəziyyətdə nə qədər yaşaya biləcəyi onun bədəninin müqavimətindən asılıdır.


Hələlik baş redaktorun nə qədər davam gətirəcəyini nə həkim, nə jurnalistlər, nə də onun özü bilir.


Qənimət Zahidov: «Cəmiyyətin vicdanı oyanmalıdır. İctimai vicdan deyilən şey çox əhəmiyyətlidir».


XS
SM
MD
LG