Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:20

SOCAR qazpulunu yenə artıracağına eyham vurur


"SOCAR nə işə baxır". Karikatura. Gündüz Ağayev.
"SOCAR nə işə baxır". Karikatura. Gündüz Ağayev.

SOCAR rəsmisi deyib ki, manatın dollara nisbətdə dəyərsizləşməsi sürərsə, “SOCAR aidiyyəti qurumlara müraciət edəcək”.

Dövlət Neft Şirkəti (SOCAR) yenə qazın qiymətini artıracağına eyham vurub. Şirkətin vitse-prezidenti Süleyman Qasımov deyib ki, manat dollara nisbətdə ucuzlaşdığından, SOCAR-ın zərəri yaranır:

"Biz təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin edirdik. Bildiyiniz kimi, daxili tələbat SOCAR-ın hasilatı ilə yanaşı, Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir".

Buna da bax:​ Qazın qiyməti yenə qalxa bilər

O, təbii qazın indiki qiymətinin SOCAR-ı ziyana saldığını bildirib: “Manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək".

SOCAR manatın hər dəyərdən düşməsi ilə qazın qiymətini artıracaq?

Təbii qazın qiyməti son dəfə ötən il noyabrın 28-də qaldırılmışdı. Tarif Şurasının qərarına görə, yanvarın 1-dən illik 1500 kubmetrdən çox qaz işlədənlər hər artıq kubmetrə görə 20 qəpik ödəyəcəkdi. Göstərilən həddi keçməyənlər hər kubmetrə görə yenə 10 qəpik qazpulu verəcəkdi. Daha sonra Tarif Şurasının qərarı bir qədər dəyişdi. Əhali həmin tarixdən 1500 deyil, 1700 kubmetr qaz tükədərsə, əvvəlki qədər – 10 qəpik qazpulu ödəyəcək.

Buna da bax: SOCAR-ın büdcəyə ödənişi azalıb

Qərar veriləndən bəri mövcud qiymətlərin SOCAR-a sərfəlilik dərəcəsi dartışılmağa başlandı. Nəticədə, bəlli oldu ki, qazın maya dəyəri SOCAR-ın satış qiymətindən xeyli ucuz başa gəlir. Başqa sözlə, qaz öz maya dəyərindən qat-qat baha satılır. İndi SOCAR rəsmisinin açıqlaması səngimiş müzakirələri yenə körükləyir. Digər tərəfdənsə, “SOCAR manatın hər dəyərdən düşməsi ilə qazın qiymətini artıracaq” sualı ön plana keçir.

“SOCAR qiymət artımı qərarı verəcəksə...”

İqtisadçı ekspert Qubad İbadoğlu SOCAR rəsmisinin açıqlamasını “maraqlı və iqtisadi cəhətdən məntiqli” sayır. Ekspertin sözlərinə görə, bazarın tələblərini əsas götürən və korporativ maraqları güdən şirkət kimi SOCAR-ı anlamaq olar: “Amma nəzərə almaq lazımdır ki, SOCAR belə qərarlar verəndə, həm də dövlət maraqlarını, əhalinin alıcılıq qabiliyyətini və sosial durumunu da gözdən qaçırmamalıdır”.

Buna da bax:​ Gürcüstan enerji sorağındadır

Ekspertin fikrincə, SOCAR qiymət artımı qərarı verəcəksə, yalnız korporativ maraqları əsas götürməməlidir.

“SOCAR... qəpik-quruş xərcləyir”

İqtisadiyyat eksperti Natiq Cəfərli Hasilatın Pay Bölgüsü Sazişlərindən alınan qazın pulsuz olduğunu xatırladır: “Hörmətli Süleyman müəllim nədənsə unudur ki, elə həmin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (BP) müqaviləyə əsasən, “Azəri-Günəşli-Çıraq” platformalarında neftlə birgə çıxan səmt qazını ölkəyə, yəni SOCAR-a pulsuz verir. Bu isə ildə 2,5-3 milyard kubmetr qaz deməkdir. SOCAR bu qazın ancaq daşınmasına və saxlanılmasına qəpik-quruş xərcləyir, amma vətəndaşlara 1700 kubmetr qazı il ərzində 10 qəpiyə, normadan artıq hissəsini isə 20 qəpiyə satır”.

Buna da bax:​ İqtisadçı: 'Dövlət qurumları açıqlama verməlidirlər'

Ekspertin sözlərinə görə, əhali elə ildə 3 milyard kubmetr civarında qaz tükədir – olsa-olsa, pulsuz qaz həcmindən bir az artıq: “SOCAR başqa məqsədlərlə xaricdən aldığı qazın (məsələn, Gürcüstanın artan tələbatını ödəmək üçün) dəyərini niyə vətəndaşların cibindən çıxmağa çalışır ki?!”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG