Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:36

Cəmil Həsənli: 'Nə gizlədim...'


Cəmil Həsənli, noyabr 2014
Cəmil Həsənli, noyabr 2014

Bu günki media icmalında Milli Şura sədri Cəmil Həsənlinin seçkiyə münasibətindən, Azərbaycanın şahmat reytinqində geriləməsi və s. məsələlərdən söz açılır.

“Sağ qalsan özündən, qalmasan ruhundan soruşarlar: millətin başına gətirilən müsibətləri gördün, niyə susdun?” Bunu Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli Azadlıq.info-ya müsahibəsində deyib.

Qəzetinin yaydığı müsahibədə 65 yaşı yanvarın 15-də tamam olan demokratik qüvvələrin prezidentliyə keçmiş vahid namizədi Cəmil Həsənli deyir ki, hazırda o, Şanxay Universitetinin arxivində işləyir:

“ Mən burada soyuq müharibə dövrünün başlanması mövzusunda mühazirələr deyir və tədqiqatlar aparıram. Çox maraqlı müzakirələrimiz olur. Şanxay Universitetindəki Soyuq Müharibə Araşdırma Mərkəzi həmin dövrün sənədlərinin mükəmməl bir arxivini yaradıb. Onlarla tanış olmaq mənim üçün çox maraqlıdır”.

65 illik həyatını incələyən professor müsahibəsində siyasi fəaliyyətinə görə dərs dediyi universitetdən çıxarılmasını xatırlayıb, Milli Şuranın namizədi kimi prezident seçkisində xəyala qapılmadığını söyləyir:

Azərbaycanda parlament seçkiləri
Azərbaycanda parlament seçkiləri

“Nə gizlədim, seçkinin nəticələri ilə bağlı bir illüziyam yox idi. Bütün saxtalaşdırma mexanizmi qabaqcadan hazırlanmışdı və bu barədə məlumatlı idim. Kriminallaşmış güruhun seçki yolu ilə hakimiyyətdən gedəcəyini düşünmək sadəlövhlük olardı. Amma real mənzərəni nümayiş etdirmək, hakimiyyətin xalqın dəstəyini itirdiyini göstərmək, Milli Şuranın qələbə əzmində olduğunu və normal şərtlər daxilində seçkiyə çıxan əhalinin əksəriyyətinin səsinin qazandığını həm ölkənin içində, həm də beynəlxalq miqyasda nümayiş etdirmək mümkün oldu”.

Azərbaycanda qan pulla alınmalıdırmı?

“Bu günədək Mərkəzi Qan Bankına pulla qan verən olmayıb". Bunu “Report”a B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda donorluq da pulsuzdur:

"Əgər donor qan verirsə, qarşılığında heç nə almır. Bu hal yalnız özəl xəstəxanalarda ola bilər. Ancaq dövlət tibb müəssisələrinə verilən qan pulsuzdur. Əgər kimsə qanın alqısı-satqısı ilə məşğul olursa, bunun bizə heç bir aidiyyəti yoxdur. Yaxud da kimsə kənardan donora pul verib gətirə bilər. Bu da tamam başqa məsələdir. Təbii ki, pul qarşılığında qan verən şəxs öz xəstəliklərini gizlədə bilər. Ancaq təmənnasız donorun məqsədi təmiz olur və hansısa xəstəliyini gizlətmir”.

İlsturasiya
İlsturasiya

Ötən il Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına donor kimi 44 mindən çox adamqan verib. 2016-cı ilin 11 ayı ərzində ölkə üzrə donor sayı 77 minə yaxın, tədarük edilən qanın miqdarı isə 36 min litrdən çox olub.

“Azərbaycanda 7-ci sinifdə oxuyan oğlan niyə öldürüldü?”

Lent.az yazır ki, yanvarın 14-də Bərdə rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı yeni məqamlar üzə çıxıb. Saytın məlumatına görə, Mirzəcəfərli kəndi ərazisində 18 yaşlı Tapdıq Mustafalının 14 yaşlı Həsrət Mirzəməmmədovu otlaq sahəsi üstündə deyil, başqa səbəbdən qətlə yetirməsi məlum olub:

“Araşdırmalar zamanı müəyyən edilib ki, H.Mirzəmmədov hadisədən bir neçə gün əvvəl Tapdıqı bacısı ilə görüb. O, özündən 4 yaş böyük olan T.Mustafalıdan bir də bacısına yaxın durmamasını tələb edib. Bu səbəbdən onlar arasında dava-dalaş baş verib. 14 yaşlı oğlanın başına zərbələr endirib onu öldürən T.Mustafalı meyiti kanala ataraq qaçıb. Çox keçmədən polis əməkdaşları onu yaxalayıb. İlkin məlumatda Tapdıq Mustafalı ilə Həsrət Mirzəməmmədovun otlaq sahəsinə görə dalaşdığı bildirilirdi”

Sayt yazır ki, orta məktəbin 7-ci sinif şagirdi olan Həsrət xeyli vaxt imiş ki, dərsə getmirmiş və hadisə günü də məktəbə yollanmayıb.

“Azərbaycan Şahmat Federasiyası: hardan haraya?”

Eyni adlı sərlövhə ilə məqalə yayımlayan fanat.az saytı yazır ki, Azərbaycan şahmat reytinqində geriləyir: “Azərbaycan şahmatçıları şəxsi hesabdaFİDE-nin reytinq cədvəllərində sürətlə geriləyirlər. Elə bu yazını hazırlayarkən apardığımız araşdırmada məlum oldu ki:

Azərbaycan, 42-ci Şahmat Olimpiadası, Baku - 2 sentyabr 2016
Azərbaycan, 42-ci Şahmat Olimpiadası, Baku - 2 sentyabr 2016

- 2016-cı ilin dekabr ayına görə kişilər arasındakı ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdur (12-ci yer). Bir neçə il əvvələdək isə Azərbaycan şahmatının ən ümidverici ismi olaraq göstərilən, hazırda həmin ümidləri doğrultmasına böyük şübhələr yaranan Teymur Rəcəbov siyahıda nə az, nə çox, düz 34-cü yerə yuvarlanıb.

- Qadınlar arasında vəziyyətə gəlincə, vəziyyət daha acınacalıdır. İlk 30-luqda üç gürcü qadın şahmatçısı varkən, Azərbaycandan ən yaxşı göstərici Gülnar Məmmədovaya aiddir- nə az, nə çox düz 71-ci yer! Halbuki ermənilər ilk 50-likdə 2 şahmatçı ilə təmsil olunurlar.

Buna da bax: Şahmat Olimpiadası bitdi, Azərbaycan qadınları 8-ci, kişiləri 12-ci oldu​

Bütün bu və digər faktlar Azərbaycan Şahmat Federasiyasının son illərdəki fəaliyyətinin səmərəliliyini kölgə altına alır. Federasiya prezidenti Elman Rüstəmovun qurumdakı işinə ikinci dərəıcəli münasibətini bəlkə də başa düşmək olar:

"Yəqin ki, indi onu daha ciddi problem – ucuzlaşmaqda olan Azərbaycan manatının taleyi daha çox düşündürür, narahat edir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG