Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:04

Arif Məlikov: 'İllərdir Bəstəkarlar İttifaqının qapısını açmıram'


Bəstəkar Arif Məlikov.
Bəstəkar Arif Məlikov.

83 yaşlı məşhur Azərbaycan bəstəkarı, xalq artisti Arif Məlikov "APA" xəbər agentliyinə müsahibə verib. Oxu Zalı müsahibəni ixtisarla təqdim edir.

Diktofon ortalıqda. Müsahibəyə başlayar-başlamaz sualım yarımçıq qalır. Əslində söhbətə mən yox, Arif Məlikov özü başlayır:

- “Məhəbbət əfsanəsi”ni bizimkilər 62-ci ildə Qriqoroviçin quruluşunda tamaşaya qoyublar. Əla quruluş idi. O vaxt ifaçılar da yaxşı idi. “Məhəbbət əfsanəsi”nin premyerası Leninqradda olub. 1961-ci ildə. Sonra Novosibirskdə, Praqada tamaşaya qoyuldu. Təsəvvür edin, 60 dəfə premyerası keçirilən əsər öz vətənində tamaşaya qoyulmayıb. Baxın, (stolunun üstündəki “Независимая газета”nı göstərir) qəzetdən oxuyuram ki, mənim əsərim, “Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburq Teatrında oynanılacaq. Demişəm: Bir milyon da gətirib qabağıma qoysalar ki, “Məhəbbət əfsanəsi”ni Bakıda səhnəyə qoyaq, icazə verməyəcəyəm.

- Yəni möhkəm incimisiniz və acığa düşüb icazə vermirsiniz...

- Necə yəni incimişəm? Bu qədər vicdansızlıq görməmişəm. Üçüncü, ya dördüncü quruluşu Azərbaycanda olmuşdu, onu apardıq Moskvaya. Çox gözəl çıxış oldu. Zalda Maya Plisetskaya oturmuşdu. Mənə dedilər ki, bu cür tamaşanı Azərbaycanda niyə öldürdülər?Nə bilim niyə öldürdülər? Çünki paxıllıq çəkirdilər. Çünki uzun illər Polad Bülbüloğlu mədəniyyət naziri oldu. Neçə dəfə tapşırıq verilib ki, “Məhəbbət əfsanəsi”ni Bakıda tamaşaya qoyun, premyerası keçirilsin, deyiblər, gözümüz üstə, nəticə yoxdur.

Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti Rusiyanın "Bolshoy" teatrının səhnəsində

- Yəni Opera və Balet Teatrı Arif Məlikova paxıllıq edir? Bu nə dərəcədə ağlasığan işdir?

- Bunu məndən yox, onların özündən soruşun. Bu tamaşa bizim Opera və Balet Teatrına layiq deyilsə, niyə bütün dünyada səhnəyə qoyulur? Layiqdirsə, niyə vətənimdə nümayiş olunmur? Mən bir dəfə bir azərbaycanlı jurnalistdən eşitmədim ki, onlardan soruşsun: niyə bu əsəri tamaşaya qoymursunuz?

Buna da bax: «Məhəbbət əfsanəsi» baleti Böyük Teatrda!

- Arif müəllim, bu çox soruşulub. Teatrın cavabı belə olub ki, “Məhəbbət əfsanəsi” mürəkkəb əsərdir, onu səhnələşdirmək imkanımız yoxdur...

- Əgər ifaçılar çatışmırsa, dəvət edin. Futbolçu dəvət etmək olur, teatr ifaçısı yox? Bu tamaşanı Qriqoroviçin quruluşunda öldürdülər. Qriqoroviç dahidir. İndi onun 90 yaşı var. Moskvada yaşayır. Və deyirlər ki, Qriqoroviçin quruluş verdiyi bütün əsərlər arasında ən yaxşı yeri “Məhəbbət əfsanəsi” tutur.

Baxın, son vaxtlar, 2-3 ayda altı dəfə premyerası keçirilib. Hamısında olmasa da, əksər premyeralarda iştirak etmişəm. İndi özümü pis hiss edirəm. Zəng edib yenidən dəvət etdilər, dedim, təəssüf ki, gələ bilməyəcəyəm. Yaponiyadan mənə zəng vurdular ki, sizin baletinizi hazırlamaq istəyirik. Mən də icazə verdim. İki gün sonra hesabıma qonorarı köçürdülər. Braziliyada, Nyu-Yorkda tamaşamı göstərirlər, bizim öz teatrımızda yox. Biz sadəcə, vicdansızıq. Nə edək ki, bizim teatrımız ölüdür.

- Azərbaycanda yaradıcılığını qiymətləndirdiyiniz bəstəkarlar kimdir?

Arif Məlikov.
Arif Məlikov.

- Vallah, bilmirəm. Dükanda da deyiləm ki, deyəm, 700 qram ondan ver, 500 qram o birindən. Biz dünyada yeganə dövlətik ki, 5-6 yüksək səviyyəli baletimiz var. “Yeddi gözəl”, İldırımlı yollarla”, “Babək” və s. Mən Konservatoriyada dərs deyirəm, cavanları tərbiyə edirəm. Hesab edirəm ki, böyük iş görürəm. Kimsə bunu başa düşmürsə, bu onun vicdanına qalsın.

- Tələbələriniz sizin ümidinizi doğruldurmu?

- Əlbəttə, istedadlı tələbələr var, onlar bu gün bəstəkar kimi yetişirlər. Bəlkə sorağı az yayılıb, amma yetişən, istedadlı tələbələrimiz çoxdan var. Bu sinifdə istedadlı insanlar yaranır. 27 il mənimlə ünsiyyətdə olan tələbəm olub. Dərs dediyim tələbələr dünyanın istənilən səhnəsində çıxış edə bilərlər.

Buna da bax: «Məktəb illəri» mahnısı kədərdən, ölümdən yaranıbmış - Müəllifi danışır

- Rektor Fərhad Bədəlbəylinin sizin 80 illik yubileyinizdəki çıxışını xatırlayıram. Fərhad müəllim dedi, 90-cı ildə siz həbsxanalardan onlarla günahsız insanı azad etdirmisiniz. İstəyirəm, bu haqda danışaq...

- Mən iki dəfə SSRİ Ali Sovetinin deputatı olmuşam. Bu status mənə açılmayan qapıları açmaq imkanı verib. O gün Anar da televiziyada dedi ki, Moskvada oturanlar əsasən sağıcılar idi və onlar SSRİ Ali Sovetinin tribunasından onsuz da heç nə demirdilər. Anar idi, mən idim, Tofiq İsmayılov idi... Biz millətimizi sevirdik və lazım olanda sözümüzü deyirdik. Mən müdafiə naziri Yazovun yanına getmişəm. Generallar görmüşəm və onların barəsində nə düşünmüşəmsə, onu demişəm. Heç nə edə bilmirdilər. Çünki onların arasında SSRİ Ali Sovetində deputat oturmurdu. SSRİ daxili işlər nazirinə dedim ki, Mərdəkan həbsxanasına döyülmüş, şikəst edilmiş 49 nəfər gənc azərbaycanlı gətirilib.

Nazir dedi, ola bilməz. Cavab verdim ki, mən faktı deyirəm və özüm orda olmuşam. Həbsdə olanlar məni görəndə dedilər, Arif müəllim, bizə siqaret lazımdır. Oturdum maşına, getdim Mərdəkan bazarına. Bir yeşik ucuz, filtrsiz siqaret aldım. Onlar yarım saata yaxın mənimlə danışmadılar, ancaq siqaret çəkdilər, siqaret tüstülətdilər. Ondan sonra açıq söhbət başladı və 49 nəfərin hamısını bir gündə həbsxanadan çıxartdırdım. Bir qoca mənə yaxınlaşdı ki, oğlum, sən Arif Məlikovsan? Dedim, hə. Dedi, gəl əlindən öpüm, sən mənim oğlumu həbsdən qaytardın. Kitab yazmışam: “Mən ittiham edirəm”. Orda çoxlu faktlar var. Həmin kitabda yüzdən çox soyad var. Hər soyadla ayrı-ayrılıqda məşğul olmuşam. Vaxt var idi, Bakıda yeganə adam idim ki, gecələr maşınla gəzirdim. Qadağa var idi. Siz bilirsiniz, fövqəladə vəziyyət nədir? Onlar sadəcə, məni güllələyə bilmədilər. Bu da ola bilərdi. Amma istəmirəm bu haqda danışam.

- Uzun illər Bəstəkarlar İttifaqına münasibətiniz yaxşı olmayıb. İndi necədir vəziyyət?

- Uzun illərdir Bəstəkarlar İttifaqının qapısını açmıram. Çünki ora ittifaq deyil. Bəstəkarlar İttifaqı vaxtilə ittifaq idi. Orda Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, biz gənclər var idik. Boş vaxtımızı Bəstəkar İttifaqında keçirirdik.

- Tofiq Quliyev sədr olanda necə, gedib-gəlirdiniz?

- Nadir hallarda gedirdim. Ondan sonra getmədim. Deyirlər, təmir ediblər.

- Bəli, təmir işləri aparılıb...

- Təmir çox yerdə gedir, deməli, hamısına heykəl qoyaq? İş görmək lazımdır. İş də getmir. Çünki eqoizm var.

Buna da bax: Ah, o nələrə qadir idi...

- Siz “Axırıncı aşırım”, “Sehirli xalat” və başqa filmlərə musiqilər yazmısınız. Yeni təkliflər varmı?

- Sizin adını çəkdiyiniz filmlərdən başqa “İyirmialtılar”, “Qərib cinlər diyarında” filmlərinə də musiqi yazmışam. Mən Orta Asiyada işləmişəm. Firdovsinin “Şahnamə” əsəri əsasında 6 seriyalıq film çəkirdilər, onun musiqisini mən yazmışam. Leninqrad studiyasında filmə musiqi yazmışam, indi onunla fəxr edirlər. O ki qaldı sualınıza, sözün düzü, film musiqisi məni yorub.

- Son sualım: sizi “Azərbaycan musiqinin canlı əfsanəsi” adlandırırlar. Necə hissdir bunları eşitmək?

Arif Məlikov və Heydər Əliyev.
Arif Məlikov və Heydər Əliyev.

- Mən tələbə yetişdirirəm, onlarla fəxr edirəm. Yəni öz işimlə məşğulam. Evimə, kabinetimə gəlsəniz, pianomun altında, üstündə mindən çox şəkil, afişa görə bilərsiniz. Dünyanın hər yerindən olan tanınmış insanlarla şəkillərim var. Bütün dünyanı gəzmişəm. Bir hadisəni xatırladım. Sonda onu danışım.

Tailand kralı üçün simfoniya çalınmalı idi. Məni də dəvət etdilər. Uçuşdan əvvəl Heydər Əliyevlə görüşdüm. Biz ümumiyyətlə, Heydər Əliyevlə tez-tez görüşürdük. “Məhəbbət əfsanəsi” Qazaxıstanda nümayiş olunanda Şərəf Rəşidov (Özbəkistan KP MK-nın I katibi – C. Zeynallı) və Heydər Əliyev tamaşaya baxıblar. Sonra “Bolşoy Teatr”da premyerası olanda Heydər Əliyev dedi, biz necə xoşbəxt xalqıq ki, mən lojada oturmuşam və Arif Məlikovun yazdığı əsərin alqışlanmasını görürəm. Hə, Tailanda getməzdən əvvəl Heydər Əliyev məni qəbul etdi, soruşdu ki, nə yenilik var? Dedim, Tailanddan dəvət almışam. Dedi ki, bəs niyə getmirsən? Dedim, gedəcəm. Yenə soruşdu: tək gedirsən? Düyməni basdı ki, qeyd edin, Arifə neçə adam lazımdırsa, bilet alın, Tailanda göndərin. “Bolşoy teatr”da premyeralar keçirilir. Adətən, vəzifəli şəxsləri dəvət edirlər. Mən demişdim ki, tamaşalarımın premyeralarına tələbələrimi dəvət edin. Zalda bir nəfər də olsun nazir, ya başqa vəzifəli şəxs yox idi. Yalnız tələbələrim idilər.

APA

Cavid Zeynallı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG