Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:54

'Məhəlləmizi zəbt ediblər'


Ağacları qırıb "izini" itirirlər
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Ağacları qırıb "izini" itirirlər. Arxiv

«Məhəlləmizi sanki müharibə vaxtı düşmənin bir kəndi ələ keçirdiyi kimi zəbt ediblər. Bu biabırçılığı dayandırmasalar, yolu kəsəcəyik, etiraz aksiyaları edəcəyik. Bircə ağacın da kəsilməsinə imkan verməyəcəyik. Məmurlar tamahlarına sahiblənə bilmirlər, cibləri dolsun deyə, insanların yaşayış şəraitini əlindən almaqla onları dövlətə qarşı qaldırırlar».

Biləcərinin Rəşid İsmayılov küçəsi, 12 ünvanında yaşayanlar AzadlıqRadiosuna şikayət göndəriblər. Yazırlar ki, ərazidə qəfil başlanan hasarlama işləri binaya giriş-çıxışı məhdudlaşdırıb. Sakinlər bu hasarlama işlərinin səbəbi ilə maraqlananda əvvəlcə onlara bildirilib ki, Binəqədi rayon İcra Hakimiyyəti ərazidə abadlaşma işləri aparır.

«ŞİRKƏT ADINI DA GİZLƏDİR»

Sakinlər yazır: «Dedilər, guya yollara asfalt döşəyəcəklər, əlavə ağaclar əkəcəklər. Uşaqların oyun meydançasını genişləndirəcəklər. Ancaq bir də gördük ki, məhəlləyə hansısa şirkət işçiləri gəlib gedir, qulağımıza söhbət çatdı ki, həmin adamlar ərazidə bünövrə qazıntıları aparmağı planlaşdırırlar. Artıq binanın tikintisinə hazırlıq işləri görülür. İcra hakimiyyətinə, bələdiyyəyə yazdıq, indi də gözləyirik görək, nə cavab verəcəklər».

Həmin ünvanda yaşayan Musa Zamanovsa «Qaynar xətt»ə danışır ki, hələ də adını öyrənə bilmədikləri şirkətin işçiləri çox arxayındırlar:

«Özbaşınalığa baxın ki, şirkət adını da gizlədir. Deyir, «kimsən ki, sənə hesabat verim». Deyirlər, «əlimizdə daşdan keçərli hər sənədimiz var». Biz də bilirik ki, arxalarında dayanan, o sənədi onlara verən olmasa, özbaşına daşı daş üstə qoya bilməzlər. Bizi maraqlandıran odur ki, azı əlli ailənin üstündən keçib, bu qədər insanın rahatlığını əlindən alıb o şirkətə razılıq verən məmur nə yeyib içib həyatda yaşayır?..».

Sakinlərin deməsinə görə, əraziyə giriş-çıxış o qədər məhdudlaşıb ki, bir qəza baş versə, nə təcili yardım, nə də yanğınsöndürən maşınına yol qalmayıb. Onlar tikinti aparılmasına imkan verməməkdə israrlıdırlar.

«BİR TİKİLİ DİGƏRİNƏ MANE OLMAMALIDIR»

Qeyri-iş günləri olduğundan Binəqədi rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Hüquqşünas Vaqif Alıyev «Qaynar xətt»ə bildirib ki, insanların sıx yaşadığı ərazidə tikinti aparılarkən, ilk növbədə bu tikilinin gələcəkdə ətrafda yaşayanların rahatlığına təsiri nəzərə alınmalıdır:

«Qanunvericilikdə göstərilir ki, tikinti aparılarkən binalar arasında müəyyən məsafələr gözlənilməlidir. Bir tikili digərinə mane olmamalıdır. Bir sözlə, qanunla müəyyənləşmiş bütün normativlərə əməl olunmalıdır. Əgər sakinlərin dediyi kimi, bir binanın tikintisi qonşu binalara yaxınlaşmaya məhdudiyyət yaradırsa, qonşu binalarda yaşayanların rahatlığını pozursa, sakinlər kütləvi şəkildə məhkəməyə müraciət edib həmin sahibkara verilmiş sərəncamı ləğv etdirə bilərlər».

Hüquqşünas onu da qeyd edir ki, sakinlər sifarişlə idarə olunan mövcud yerli məhkəmələrlə buna nə dərəcədə nail olacaqlar, bu, başqa söhbətin mövzusudur.

XS
SM
MD
LG