Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:32

İqtisadiyyat kiçilir, inflyasiya artır


İlham Əliyev
İlham Əliyev

Ölkə iqtisadiyyatında islahat tədbirləri, tikinti bazarında durğunluq, «qara bazar»lar və inflyasiyanı doğuran səbəblər bu gün medianın aparıcı mövzusudur...

AZƏRBAYCANIN HƏDƏFİ

«Azərbaycan» qəzetində «Məqsəd məlum, hədəf bəlli» sərlövhəli məqalədə ölkədə iqtisadi islahatların strateji mahiyyətindən bəhs edilir.

Müəllif dövlət başçısı İlham Əliyevin bu günlər təsdiqlədiyi «Milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorlarının inkişaf etdirilməsi haqqında» fərmanını yüksək dəyərləndirir: «Bəri başdan deyək ki, Azərbaycanda siyasi müstəqilliyin bərpasından sonra bu səviyyədə, bu həcmdə və bu dərəcədə reallıqlara söykənən, yaxın-uzaq perspektivə hesablanan iqtisadi sənəd qəbul edilməyib».

Daha sonra yazıda neftin kəskin ucuzlaşması, manatın iki dəfə devalvasiyaya uğraması xatırladılır. Müəllif yazır ki, haqqında bəhs edilən sənədin qəbulu mövcud iqtisadi reallıqlardan irəli gəlib: «Odur ki, Azərbaycanda ucuz neft şəraitində iqtisadiyyatı yeni təməllər üzərində qurmaqla daha yüksək artım tempinə nail olunmalıdır. Qəbul edilən «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi»nin qarşısında məhz bu məqsəd durur».

Müəllifin fikrincə, qarşıya qoyulan hədəfə çatmaqdan ötrü ilk növbədə investisiya və resursların səfərbər edilməsi tələb olunur: «Hesablamalara görə, təkcə 2020-ci ilədək nəzərdə tutulan prioritetlərin yerinə yetirilməsi üçün təxminən 27 milyard manat investisiya lazımdır və bu məbləğ bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində tələb edilən ümumi vəsaitdir».

Bakıda tikinti bazarı
Bakıda tikinti bazarı

SAHİBKAR DA BEKARDIR, FƏHLƏ DƏ

Azadliq.info saytında dərc edilən «Dərnəgül bazarı çökür, obyektlər bağlanır» sərlövhəli məqalədə ölkənin tikinti bazarındakı mövcud durum dəyərləndirilir.

Müəllif yazır ki, ölkə iqtisadiyyatının bir çox sahələrində olduğu kimi, tikinti sahəsində də böhran yaşanır. Paytaxt Bakıda iri tikintilərlə yanaşı, fərdi evlərin inşası da dayanıb.

Yazıda qeyd edilir ki, bu durğunluq tikinti bazarında da özünü göstərir: «Əgər manatın devalvasiyasından sonra qiymətlərin bahalaşması tikinti bazarında durğunluq yaratmışdısa, indi baş verən durğunluğun səbəbi insanların iqtisadi durumunun kəskin zəifləməsidir».

Müəllif vurğulayır ki, tikinti bazarında son bir neçə ayda əksər materiallar 30 faizdən çox bahalaşıb. Bunun özü də, istər-istəməz, alış-verişə təsir göstərir.

Yazıda qeyd edilir ki, bazarda alıcılığın aşağı səviyyədə olması sahibkarları da bir-bir sıradan çıxarır.

Müəllif yazır ki, bazarda tikinti materialları satışı bölməsində tək-tük müştəri gözə dəysə də onlar da heç nə almırlar. Yan-yana dayanan boş yük maşınları, bir yerə toplaşan fəhlələri və bekar sahibkarlar bazarın tam mənzərəsini canlandırır.

Yazıda bildirilir ki, bazarda ciddi dönüş olmasa, sahibkarlar bu sahədən çəkiləcəklərini açıqca dilə gətirirlər.

Müəllifə vurğulayır ki, bazarda fəhlə işləyənlərin isə əksəriyyəti rayonlardan gəlib. Onlar isə hara gedəcəklərini bilmirlər.

Əkrəm Həsənov
Əkrəm Həsənov

«QARA BAZAR»LARI DOĞURAN SƏBƏB

«Exo» qəzeti «Azərbaycanda valyutadəyişmə məntəqələrinin bərpası lazımdırmı?» sualına ekspert Əkrəm Həsənovla cavab axtarıb.

«Bu gün əsas problem ondan ibarətdir ki, bir çox banklar, sadəcə, valyuta satmırlar»,-Ə.Həsənov qəzetə bildirib.

Ekspert qeyd edib ki, bir çox inkişaf etmiş ölkələrdə valyutadəyişmə məntəqələri yoxdur. Üstəlik, bank filialları da valyuta dəyişməklə məşğul olmurlar. İnsanlar nağd haqq-hesaba üstünlük vermirlər.

Ə.Həsənov deyib ki, Azərbaycanda isə valyutadəyişmə məntəqələri bağlandıqdan və bank filialları valyuta satmaqdan imtina etdikdən sonra onların yerini «qara bazar»lar tutub.

Ekspertin fikrincə, əslində bu ilin əvvəlində valyutadəyişmə məntəqələrinin bağlanması düzgün addım idi. Ə.Həsənova görə, həmin qurumlar daim fəaliyyət göstərdikləri sahədə qaydalara əməl etməyiblər. Onların fəaliyyəti indiki «qara bazar»lardan heç də köklü fərqlənməyib.

Ə.Həsənovun deməsinə görə, problem aşağılardakı xırda fırıldaqçılarda yox, bütünlükdəki sistemdədir. O, hesab edir ki, ölkədə valyuta qıtlığı qaldıqca, oxşar problemlər yaşanmaqda davam edəcək.

İnhisar
İnhisar

İNFLYASİYANIN SƏBƏBİ-İNHİSAR

«Novoye Vremya» qəzetində «Hər şeyi bürüyən inflyasiya sürət götürür» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, hətta rəsmi etirafa görə, Azərbaycanda inflyasiya ikirəqəmlidir. Halbuki, hökumət inflyasiyanın bir rəqəmli olmasını qarşısına hədəf qoymuşdu: «Əksinə, inflyasiya bütün rekordları üstələyir. İstehlak mallarının qiymətləri və xidmət tarifləri 2016-cı ilin yanvar-noyabr aylarında 12.1 faiz artıb».

Yazıda ehtimal edilir ki, Azərbaycanda inflyasiya reallıqda daha yüksəkdir. Üstəlik, bayram öncəsi qiymətlərin daha da qalxacağı gözlənilir. Müəllif hesab edir ki, ilin son günlərinə kimi inflyasiyanın həddi yüksələ bilər: «Bu da məlumdur ki, bayram öncəsi qiymət sıçrayışı uzun müddətə davam edir. Bir çox məhsulların və xidmətlərin qiyməti elə də qalır və enmir. Qış fəslində meyvə-tərəvəzin kəskin bahalaşması müşahidə edilir. Qiymət artımı artıq var gücü ilə işə düşüb».

Müəllifin fikrincə, inhisar inflyasiyanın artmasının əsas səbəblərindən biridir.

Yazıda vurğulanır ki, tütün bazarındakı qeyri-sabit qiymət durumu da inhisarçıların və kartellərin sövdələşməsinin nəticəsidir. Müəllifə görə, onlar istədikləri halda qiymətləri endirə bilirlər. Bu isə bazarın diktə ilə formalaşdığının göstəricisidir.

Müəllif yazır ki, ölkə iqtisadiyyatını böhran bürüsə də, inhisarçılar özlərini çox rahat hiss edirlər.

Müəllif iqtisadiyyatın kiçilməsini, işsizliyin artmasını, əhalinin gəlirlərinin azalmasını, kiçik və orta biznesin zəifləməsini ölkədə inflyasiyanı sürətləndirən səbəblər sayır.

XS
SM
MD
LG