Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:48

'Azərbaycanı ağır illər gözləyir'


İlham Əliyev
İlham Əliyev

Strateji Yol Xəritəsi, Qlobal Maqnitski Qanunun Azərbaycana mümkün təsirləri, iqtisadi böhran və «qara bazar»ı doğuran səbəblər bu gün medianın aparıcı mövzusudur…

YENİ İQTİSADİ ARTIM STRATEGİYASI

«Azərbaycan» qəzetində «Yeni iqtisadi artım strategiyası: dayanıqlı sosial-iqtisadi inkişaf əsas məqsəddir» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, Azərbaycanda iqtisadi dirçəliş 1994-cü ildən «əsrin müqaviləsi» adlı neft kontraktlarının imzalanması ilə başlayıb. Azərbaycan Cənubi Qafqazın bugünkü iqtisadi-sosial gücünə çevirib.

Bununla belə, məqalədə Azərbaycandakı iqtisadi inkişaf modelinin müəllifi kimi indiki dövlət başçısı İlham Əliyev göstərilir: «Prezident İlham Əliyevin müəllifi olduğu inkişafın Azərbaycan modeli uğurların əsasını təşkil etməklə yanaşı, həm də bu nailiyyətlərin konseptual məcmusunu şərtləndirir. Təsadüfi deyil ki, bu model dünyanın nüfuzlu «beyin mərkəzləri» tərəfindən yüksək dəyərləndirilib».

Məqalədə deyilir ki, qlobal böhran şəraitində iqtisadi baxımdan çevik qərarlar verən ölkələr böhrandan sonra ən çox inkişaf edən yerə çevrilir. Müəllifə görə, Azərbaycanda hazırda belə siyasət yürüdülür: «Bu baxımdan son dövrlərdə prezident İlham Əliyev tərəfindən həyata keçirilən yeni iqtisadi kurs, aparılan səmərəli islahatlar və ardıcıl imzalanan 10-larla sərəncam, fərman, qanun ölkə iqtisadiyyatının yeni dövr üçün xilas əsasına çevrilib».

Müəllif bu sırada dövlət başçısının bu günlərdə imzaladığı «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə yol xəritələrinin təsdiq edilməsi haqqında» fərmanı xüsusi olaraq qeyd edir. Bunu qarşıdakı 10 ildə əsas fəaliyyət məramnaməsi adlandırır.

Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

AZƏRBAYCAN MÜXALİFƏTİ ÜMİDLİDİR

Azadliq.info-da «Hakimiyyətə sanksiya tətbiq ediləcəyi realdır» sərlövhəli məqalədə ABŞ prezidentinin imzalayacağı gözlənilən Qlobal Maqnitski Qanununun Azərbaycana mümkün tətbiqi dəyərləndirilir. Yazıda, əsasən, Milli Məclisin keçmiş deputatı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin fikirlərinə yer verilib.

G.Hacıbəyli mövzu ilə bağlı gözləntilərini belə ifadə edir: «Qlobal Maqnitski Qanunu layihəsi bütövlükdə dünyada insan haqlarının qənimlərini hədəf seçib. Bu gün dünyada insan hüquqlarının vəziyyətinə nəzər salsaq, görərik ki, həmin qanunun əhatə dairəsinə düşmək baxımından Azərbaycan ilk yerdədir».

G.Hacıbəyli hesab edir ki, ABŞ-la strateji tərəfdaşlıq münasibətləri olan ölkələr arasında heç şübhəsiz ki, insan hüquqlarının pozulmasına, demokratiyanın vəziyyətinə görə ən acınacaqlı durumda olan ölkə Azərbaycandır.

Onun fikrincə, hətta indiyədək Avropada diktatura rejimi kimi qəbul edilən Belarusun özündə belə, insan haqlarının durumu Azərbaycandan daha yaxşıdır: «Ən azı bu ölkədə siyasi məhbus yoxdur. Azərbaycanda isə 150-yə yaxın siyasi məhbus var. Bu baxımdan qanunun təsir dairəsi ilk növbədə Azərbaycana şamil ediləcək».

G.Hacıbəyli düşünür ki, bu qanunun icrası ilə bağlı Azərbaycan ictimaiyyətini ümidləndirən başqa məqamlar da var. Keçmiş deputata görə, bu qanun imkan verir ki, senator və konqresmenlərlə yanaşı, nüfuzlu beynəlxalq insan haqları qurumları da bu məsələdə söz sahibi olsunlar: ««Freedom House», «Amnesty International», «Human Rights Watch» Azərbaycanda insan haqlarının vəziyyətinə görə həyəcan təbili çalırlar. Bu baxımdan düşünürəm ki, biz yaxın zamanlarda bu istiqamətdə ciddi addımların şahidi olacağıq».

Dollar
Dollar

«QARA BAZAR»I DOĞURAN SƏBƏBLƏR…

«Exo» qəzetində «Virtual «qara bazar» Azərbaycanda - günahkar banklardırmı?» sərlövhəli məqalə oxumaq olar. Yazıda xarici valyutanın «qara bazarı» ilə bağlı durum hüquqşünas Elçin Qəmbərovla dəyərləndirilir.

«Azərbaycanın hüquq-mühafizə orqanları valyuta alqı-satqısı ilə bağlı virtual «qara bazar»a qarşı səmərəli mübarizə aparmırlar. İndiki situasiyada məsələ möhtəkirlərin məsuliyyətə cəlb olunmasından daha çox, onların fəaliyyətinin qarşısının alınmasına yönəldilməlidir. Bankların daxili bazarın tələbatını ödəmək istəməmələri «qara bazar»ın fəallaşmasına ciddi təsir edib»,-deyə hüquqşünas qəzetə deyib.

E.Qəmbərov deyib ki, internet vasitəsilə xarici valyutanın qanunsuz satışı geniş şəkildə yayılıb: «Sadə vətəndaşlar və biznes adamları xarici valyutaya ehtiyacı olan kəsimdir. Bir çoxlarının övladları xaricdə təhsil alır, övladlarının təhsil haqlarını və gündəlik ehtiyaclarını ödəmək üçün valyuta əldə etməyə məcburdurlar. Hüquq-mühafizə orqanları, sosial şəbəkələrdəkilər də daxil olmaqla, bütün «qara bazar»ları ləğv etməli, hökumət isə bankların əhaliyə valyuta satmaları üçün tədbirlər görməlidir».

Hüquqşünas qeyd edib ki, «qara bazar»ların ortaya çıxması hər şeydən öncə kommersiya banklarının günahıdır. Onun fikrincə, bank sektorundakı nüfuzlu şəxslər mövcud situasiyada manipulyasiya edirlər.

E.Qəmbərova görə, tarix və eləcə də keçmiş illərin təcrübəsi göstərir ki, hökumət köklü iqtisadi tədbirlərə əl atmayınca, «qara bazar»la mübarizə istənilən nəticəni verməyəcək.

Böhran
Böhran

BÖHRANIN EPİSENTRİNDƏ

«Novoye Vremya» qəzetində isə «Azərbaycan maliyyə böhranının episentrində» sərlövhəli məqalə diqqəti cəlb edir.

Müəllif yazır ki, son iki ildə ölkənin valyuta ehtiyatlarının azalması, neftin qiymətinin enməsi Azərbaycanı iqtisadi böhranın episentrinə sürükləyib: «Mərkəzi Bankın ehtiyatlar hələ 2014-cü ildə 15 milyard dollardan yuxarı idi. 2016-cı ildə isə artıq 5.1 milyard dolar həddinə enib».

Müəllifə görə, manatın məzənnəsini müəyyən qədər tənzimləmək mümkündür. Ancaq reallıqda inflyasiyanı cilovlamaq mümkün deyil: «Bütün məhsul və xidmət növləri bahalaşır. Burada Mərkəzi Bankın hər hansı planı ilə nəyəsə yardım etmək mümkün deyil».

Yazıda vurğulanır ki, Dövlət Neft Fondu banklara valyuta satsa da, banklar bunu əhaliyə satmır və bu ticarət sahəsində problemlər yaradır. Valyuta vəsaitləri qıtlığı üzündən ölkəyə yetərincə mal gətirilmir: «Nə qədər ki, yüksək inflyasiyanı cilovlamaq mümkün olmayıb, yeni devalvasiya təhlükəsi qalmaqda davam edir».

Yazıda beynəlxalq maliyyə institutlarının Azərbaycanla bağlı proqnozlarına da yer verilir. Müəllif həmin proqnozlara söykənərək yazır ki, Azərbaycanda qarşıdakı 3 ildə çox ağır olacaq.

O, 2016-2018-ci illərdə yoxsulluğun artacağını əsas problem adlandırır: «Qiymətinin aşağı düşməsinə baxmayaraq, neftdən, hələ də, güclü asılılıq ölkədə yoxsulluğun artmasına səbəb olacaq. İnflyasiya da qorxulu hal ala bilər».

Yazıda deyilir ki, bu halda işsizlər, təqaüdçülər, əlillər və ailə başçılarını itirənlər daha çox əziyyət çəkə bilərlər: «İstənilən halda bizləri ağır illər gözləyir».

XS
SM
MD
LG