Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:23

Təriqət yaradan ilan və onun qurbağa davamçıları


Alov İnanna.
Alov İnanna.

"Qurbağaların yarısı özünü İlanın qoyduğu adla “yolçu” adlandırmağa başladı. İlana inanmayanlar isə “yolsuz” sayılırdılar və “yolçu”ların birinci vəzifəsi onları “Yola gətirmək” idi. “Yolçu” qurbağalar onları tutub zorla “qapı”dan “Yol”a salırdılar".

Alov İnanna

İlan yolu

(alleqorik nağıl)

Yayın ortaları olsa da, havalar quru və sərin keçirdi. Bundan ən çox meşənin qırağındakı Gölməçədə yaşayan qurbağalar əziyyət çəkirdi. Böcəklər, kəpənəklər, mığmığalar elə bil qəhətə çıxmışdı.

– Bu gün yeddicə mığmığa, ikicə cücü yemişəm. Acından ölürəm, deyə Çilçil qurbağa Anaş qurbağaya gileyləndi.

– Nə havalar istilənir, nə də rütubət var, axırımız noolacaq?

Anaş qurbağa yenə müdrik susqunluqla sualı cavabsız qoydu. Bu saat Gölməçənin bütün qurbağaları bu haqda düşünürdülər.

Gölməçənin yanındakı Meşədə, ağac koğuşunda bir İlan yaşayırdı. Bu yay İlan üçün də yaman çətin gəlmişdi, o da günlərini yarı ac-yarı tox başa vururdu. Ancaq İlanın ac qalmasının səbəbi yem qıtlığı yox, qocalıq idi. Qabaqkı qıvraqlığını itirmiş İlan indi tənbəl-tənbəl sürünür, yaxşı sıçraya bilmədiyinə görə çox vaxt ovunu əldən qaçırırdı.

Bu gün İlanın ağlına əla bir ideya gəlmişdi, əgər bu ideyanı gerçəkləşdirə bilsə, aclıqdan biryolluq qurtaracadı.

İlan yuvasının ağzına çıxıb quyruğunu içəridə saxlamış halda uzandı. Tərpənmədən xeyli beləcə qaldı. Cücü-mücü, bör-böcək axtarışıyla İlanın yuvasına qədər gələn iki qurbağa onu bu halda görüb əvvəl qaçmaq istədilər. Ancaq sonra İlanla bağlı son vaxtlar gəzən dedi-qodunu xatırlayıb dayandılar. Gölməçədə bir neçə qurbağa İlanın ağzından qurtulmuşdı, xəbər gəzirdi ki, İlan bugün-sabahlıqdır, daha qurbağa tuta bilmir.

– Ölüb? – Qurbağalardan biri o birindən soruşdu. – Bax, tərpənib eləmir.

– Bəlkə də ölüb. – O biri qurbağa sevinclə dedi. – Ölüyə oxşayır.

Qurbağalar İlana bir az da yaxınlaşdılar.

İlan hərəkətsiz idi.

Daha gənc və qoçaq olan qurbağa İlanın üstündən tullandı.

İlan yenə də hərəkətsiz idi.

O biri qurbağa dostunun tullanmağından ürəkləndi, həm də yaxşı deyildi, indi bu gedib birinin üstünə beşini qoya-qoya Gölməçədəki qurbağalara özünü qəhrəman kimi sırıyacaq, olmazmı ki, yanındakını şahid göstərməkdənsə, bu qəhrəmanlığı ikisinin də elədiyini desin?

İkinci qurbağa da İlanın üstündən tullandı.

İlan heç qımıldanmadı da.

Qurbağalar “qəhrəmanlıqlarını” unutdular, sürətlə tullana-tullana Gölməçəyə İlanın ölməsini xəbər verməyə getdilər. Gölməçə əhli İlanın ölüm xəbərini elə də xüsusi heyrət və coşğunluqla qarşılamadılar, sanki bunu hamı bilirdi. Ancaq hadisənin doğru olub-olmadığını dəqiqləşdirmək üçün bir xeyli qurbağa yığışıb İlanın ölüsünü görmək üçün yola düzəldi.

Qurbağalar quyruğunun ucu yuvasında qalıb tərpənməyən İlanın ətrafında toplaşdılar. İlan həqiqətən də ölənə bənzəyirdi.

– Ölüb. Nə yaxşı oldu, canımız qurtardı.

Nənəş qurbağa idi, Gölməçədəki qurbağaların ən yaşlısı.

Qurbağalar əminliklə dağılışmaq istəyirdilər ki, İlan asta səslə dilləndi:

– Ölməmişəm. Ancaq mən daha İlan da deyiləm.

Diksinmiş qurbağaların hərəsi bir qırağa hoppandı. Nənəş qurbağa acıqla quruldadı: – Ölməmisən, neynək, az qalıb, onsuz da elə ölü kimisən! Ta gözümüzün içinə yalan niyə danışırsan, İlan deyilsən bəs nəsən?!

İlan qəsdən cavabı yubatdı. İndi qurbağalar İlanın ölməsini deyil, nə olmasını düşünürdülər. Şübhəli məsələ idi, axı harada görünüb ki, bir ilan bu qədər qurbağanı görə-görə sakitcə tərpənməz dayansın.

Cavabı bundan artıq ləngitmək olmazdı: – Mən öldüm və yenidən dirildim. İndi daha mən İlan deyiləm.

Qurbağalar az qala xorla soruşdular:

– Bəs nəsən?!

– Mən Yolam. İnananlar burda qalsın, inanmayanlar çıxıb getsin.

Qurbağalar çaşmış və qərarsız halda bir-birinin üzünə baxdılar. Bir saatın içində bir-birinin ziddi olan xəbərləri başlarında fırladırdılar, “İlan ölüb”, “İlan ölməyib”, “İlan daha İlan deyil, Yoldur”.

– Əşşi, hoqqabazlıq eləyir də, görmürsünüz? Gəlin, gedək Gölməçəmizə, buna baş qoşanın ağlı yoxdu.

– Hələ bir dayanın görək. Qurbağalardan hansısa dedi.

– Nəyə dayanaq e. Bu bizi quyruğuna dolayıb, görmürsünüz? “Daha ilan deyiləm, yolam”. Yox bir karvansan.

Qurbağalar arasında ikitirəlik yarandı: inanmayanlar və şübhələnənlər. Di gəl, hamısının bir ortaq nöqtəsi vardı, heç bir qurbağanın məsələni çözmədən Gölməçəyə qayıtmaq fikri yox idi.

İlan tox və asta səslə dedi:

– Sabah bu vaxt gəlin bura. Sizin xeyrinizə sizə deyəcəyim çoxlu həqiqətlərim var. İnananlar gəlsin, inanmayanlar qalsın.

***

Qurbağalar yol boyu qızğın müzakirə edə-edə bir neçə dəstəyə bölündülər: İlanın yalan danışdığını deyənlər, İlanın doğru deyə biləcəyini ehtimal edənlər, İlanın ağlını itirdiyini deyənlər. Bir-iki qurbağa isə bunun başdan-ayağa tələ olduğunu dedi, amma qurultudan və gurultudan onların fikrini eşidən olmadı.

Bir gün sonra deyilən vaxtda İlanın qarşısında xeyli qurbağa toplaşmışdı. Gələnlərin çoxu İlanın yol olduğuna inandığı üçün deyil, adicə maraqdan və işin sonunu bilmək üçün gəlmişdilər.

Gölməçədə yalnız İlanın onlara tələ qurduğunu düşünənlər, qocaldığına görə ərinib getməyənlər və çömçəquyruqlar qalmışdı. Onlar da həyəcanla o biri qurbağaların gətirəcəyi xəbəri gözləyirdilər.

Aradan bir az vaxt ötdü, qurbağalar Gölməçəyə elə dəhşətli qurultu və gurultuyla qayıtdılar ki, Gölməçədəki qurbağalar uzun müddət bir şey anlaya bilmədilər. Hannan-hana eşitdiklərini bir yerə yığıb, məsələnin nə yerdə olduğunu öyrəndilər. Sən demə, bir neçə gün qabaq ölən İlan yenidən dirilibmiş. Ancaq o, bu dəfə dünyaya İlan cildində Yol kimi gəlibmiş. İlanın yenidən Yol kimi doğulmaqdakı məqsədi aclıq çəkən qurbağaları xilas etmək üçünmüş. İlanın ağzı – İlanın dediyinə görə onun ağzı ağız kimi görünsə də əslində Yolun qapısıdır – hə, İlanın ağzı, ya da qapısı, mığmığalar, kəpənəklər, böcəklər, balıq kürüləriylə dolu olan cənnətəbənzər başqa bir Gölməçəyə aparırmış. Yolun o tayındakı o Gölməçə elə bolluq imiş ki, ora gedən bir daha qayıtmaq istəməyəcəkmiş. Və ən nəhayət, İlana – Yola inanmayanlar qurbağaların düşməni, onların pisliyini arzulayan, xəbis, murdar qurbağalarmış.

***

Daha bir neçə gün ötdü. Qurbağaların yarısı özünü İlanın qoyduğu adla “yolçu” adlandırmağa başladı. İlana inanmayanlar isə “yolsuz” sayılırdılar və “yolçu”ların birinci vəzifəsi onları “Yola gətirmək” idi. “Yolçu” qurbağalar onları tutub zorla “qapı”dan “Yol”a salırdılar. Qayıtmamalı idilər, çünki “yolçu”ların dediyinə görə o biri tərəfdə şirin sulu, xoş qoxulu, üstü gözəl çiçəklərlə örtülü, bol mığmığalı, çəyirtkəli, cücülü, içi dadlı kürülü, soxulcanlı, həmçinin, yenicə çömçəquyruqluqla vidalaşmış cazibədar, təzə-tər, əl dəyməmiş dişi qurbağalarla dolu olan Gölməçəni görüb, bu üfunətli, aclıq və əzab dolu Gölməçəyə geri dönmək qeyri-mümkün idi. “Yolçu”lar yer üzünün bütün qurbağalarına “Yol” göstərməli və beləcə, bütün qurbağalar Yolun o tayındakı Gölməçədə xoşbəxt və firavan yaşamalı idilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG