Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:22

Tarif Şurasının qərarı ləğv edilə bilərmi?


"Varlı və kasıb evi". Karikatura. Gündüz Ağayev
"Varlı və kasıb evi". Karikatura. Gündüz Ağayev

Sosial şəbəkələrdə Tarif Şurasının qazın, elektrikin qiymətinin qaldırılması haqda qərarının ləğvi barədə məlumatlar dolaşmaqdadır. Bunu deyənlərin söykənəcəyi odur ki, qiymətlər prezidentin xəbəri olmadan artırılıb, indi də o, narazılıqları görərək Şuranın qərarını, necə deyərlər, “geri oxuyacaq”.

Mümkündürmü? Yada düşür ki, elə də uzaq olmayan keçmişdə, 2015-ci ilin yanvarında dövlət başçısı Tarif Şurasının benzinin, dizel yanacağı və maye qazın qiymətinin artırılması haqda qərarını ləğv etmişdi. Özü də Şuranın toplantısından iki gün sonra.

Buna da bax:​ Hökumət 5 qəpiklik qazı 20 qəpiyə satacaq

Amma bu dəfə qaz və elektrikin qiymətinin artırılmasından 10 gündən çox keçir. Tarif Şurası qiymətləri noyabrın 28-də artırıb.

Üstəlik də, prezident İlham Əliyev qiymət artımından az sonra – dekabrın 2-də Zərdab rayonuna səfərində buna birbaşa münasibətini də sərgiləyib: “Yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır”.

Bundan sonra prezident Azərbaycanın bazar iqtisadiyyatı prinsipi əsasında yaşadığını, eyni zamanda, vətəndaşların sosial təminatının da daim diqqət mərkəzində olduğunu demişdi.

Buna da bax: Qaz və elektrik tarifləri qaldırıldı

TARİF ŞURASI ÖZBAŞINA QƏRAR VERƏ BİLƏRMİ?

Məsələnin başqa tərəfi, Tarif Şurası prezidenti fakt qarşısında qoyaraq özbaşına qərar qəbul edə bilərdimi?

Tarif Şurası rəsmi qurumdur. O, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin, xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini gerçəkləşdirən kollegial icra hakimiyyəti orqanıdır.

Qurum nazir və nazir müavinlərindən ibarətdir. Daha dəqiq desək, prezidentin fərmanına görə, Şuraya iqtisadiyyat naziri başçılıq edir. Üzvləri isə maliyyə, vergilər, ədliyyə, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri, eləcə də Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrlərinin müavinləridir.

Buna da bax:​ İsrafçılıq var, yoxsa Tarif Şurası şər atır?

Hazırda Tarif Şurasının sədri iqtisadiyyat naziri Şahin Mustafayevdir, ona 2008-ci ildən başçılıq edir. Onun sədrliyi dövründə yalnız bircə dəfə çıxarılan qərar ləğv edilib.

“LƏĞV ETMƏYƏ DAHA ÇOX ƏSAS VAR”

“Tarif Şurası özbaşına orqan deyil, sosial şəbəkələrdə də deyildiyi kimi, Tarif Şurasıdır. Verilən tapşırıqları yerinə yetirən buyruq orqanıdır”. İqtisadçı ekspert Nemət Əliyev AzadlıqRadiosu-na belə deyir. O, rəsmi qurumun verilən qərarı “yuxarılarla” razılaşdırdığına əmindir. Ancaq qərarın ləğvini də istisna etmir:

“Hər şey mümkündür. Sadəcə, əhali başa düşəcək ki, hökumətin verdiyi qərarlar əsaslandırılmış deyil və hökumət əhalinin sosial durumunun çətinliyi haqda gerçək təsəvvürü olmadığından belə qərar vermişdi, indi də kəskin reaksiyalardan sonra qərar ləğv edilir. Doğrusu, mümkündür”.

Buna da bax:​ Tarif dəyişikliyi büdcədə gəlir və xərcləri artırıb

Nemət Əliyev Tarif Şurasının qərarının yerinə düşmədiyi fikrindədir. İqtisadçı hesab edir ki, Tarif Şurasının qərarını ləğv etməyə əsas daha çoxdur, nəinki onun gerçəkləşdirməyə bəhanə tapmaq.

XATIRLATMA

Noyabrın 28-də Tarif Şurası bəzi kommunal xidmət haqlarının «şaxələndirilmiş ödəmə sistemi»nin tətbiqi haqqında qərar qəbul edib.

Əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödəniş edəcək. Bu dəyişiklik yanvarın 1-dən qüvvəyə minəcək.

Buna da bax:​ Tarif Şurası dərmanların da qiymətini artırıb

Aylıq məsrəf 250 kwt/saat elektrikə görə qiymət 7 qəpikdir. Dekabrın 1-dən bundan artıq isə 11 qəpikdən hesablanır.

Bu qərar bəzi deputatlar tərəfindən də narazılıqla qarşılanıb. Onlardan biri Vahid Əhmədov AzadlıqRadiosu-na demişdi ki, bu artım əlavə problemlər yaradacaq və başqa məhsullar da bahalanacaq.

Deputat Yevda Abramov dekabrın 6-da parlamentdə növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib: “Tarif Şurası qərar qəbul edərkən hansı arqumentləri əsas götürür? Deyirlər, bu qərar aztəminatlı ailələrə təsir etməyəcək, mən buna inanmıram. Azərbaycanda əhalinin yoxsulluq səviyyəsi yüksəkdir, ona görə də elektrikdən, təbii qazdan az istifadə edirlər. Belə bir vaxtda xalqın boğazından tutub çətinliyə sürükləmək doğru deyil. Bilmirəm, məmurlar, bəzi insanlar qərar qəbul edəndə xalqı düşünürlərmi?”

Buna da bax:​ Tarif Şurasının qərarına iki deputatdan fərqli baxış

AzadlıqRadiosu deyilənlərlə bağlı Tarif Şurasına zəng vursa da, cavab ala bilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG