Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:46

'Trump-ın Twitter-dən istifadə tərzi misilsizdir'


D.Trump
D.Trump

ABŞ mətbuatı yeni seçilmiş prezident Donald Trump-ın daha bir fikrini – yenə də Twitter hesabında yazdığı cümlələri şərh edir. Məsələn, «The Washington Post» qəzetinin başlığı belədir: «Donald Trump həmkarlar ittifaqının sədrini Twitter-də təhqir edib». Və prezidentin yazdıqları olduğu kimi verilir:

«Poladəritmə Sənayesi İşçiləri Birliyinin prezidenti çox pis işləyir. Şirkətlər ölkəni elə-belə tərk etmirlər!».

D.Trump-ın Twitter hesabından bu qədər aktiv istifadəsi əvvəl də müzakirə olunub. Çünki o, seçki kampaniyası zamanı Twitter-də də mübarizə aparıb, indi isə yeni təyinatları barədə məhz bu sosial şəbəkədə məlumat verir. Seçkidə saxtakarlıqlarla bağlı fikirlərini söyləyir, bir gün bayraq yandırmağı yasaqlayacağına eyham vurur, o biri gün «Boeing» şirkətini qiymətlərinə görə tənqid edir.

«QARIŞIQ MƏSƏLƏDİR»

«USA Today» qəzeti yeni prezidentin tərzi haqda Twitter-in baş direktoru Jack Dorsey ilə danışıb.

«Bu barədə hissləriniz» sualına cavabında J.Dorsey «Qarışıqdır» cavabını verib. «Onun hal-hazırda nə fikirləşdiyini bilmək nə deməkdir? Bilmirəm. Əlbəttə, informasiya və rəylərin, insanların dünyada baş verənlərlə bağlı fikirlərinin çatdırılması işində bizim payımız böyükdür… Amma bu, bir az qarışıq məsələdir».

Twitter
Twitter

J.Dorsey-nin fikrincə, D.Trump-ın Twitter-dən istifadə tərzi misilsizdir. Yeni prezident bununla həm bu sosial media xidmətini diqqət mərkəzinə çevirib, həm də özünümüşahidə mühiti yaradıb: «Bu, şirkətimizdən ötrü əhəmiyyətli dönəmdir, yeni seçilmiş prezident xidmətimizdən birbaşa ünsiyyət vasitəsi kimi yararlanaraq, beynindən keçənləri hər kəsin görməyinə imkan verir. Məncə, bu maraqlıdır».

YENİ DÜNYA

J.Dorsey əvvəllər belə şeylərin olmadığını, baş verənlərin onları da valeh etdiyini söyləyib: «Biz, doğrudan da, yeni dünyaya qədəm qoyuruq. Bu yeni dünyada hər şey üzdədir və biz hər şeyi olduğu zamanda görürük, gördüklərimizi müzakirə edirik».

«D.Trump-ın seçilməsində özünüzü məsuliyyətli hesab edirsinizmi» sualına cavabında isə J.Dorsey «D.Trump-ın prezident olmasına görə Amerika xalqı məsuliyyət daşıyır» deyib.

D.Trump Twitter-dən çoxdan, prezident seçilməmişdən çox öncə yararlanmağa başlayıb. Çıxışlarından birində o, həm Twitter, həm də Facebook-u tərifləmiş, onların mətbuatdan effektli ünsiyyət forması olduğunu söyləmişdi: «Onlar press-relizlərdən sürətlidirlər. Qərəzli müxbirlərlə söhbətdənsə, bu qərəzsiz ünsiyyətə üstünlük verirəm».

«NBC's Today»ə müsahibəsində isə D.Trump seçkidən sonra Twitter-də daha təmkinli olmağa çalışdığını, yalnız vacib məsələlərə toxunduğunu bildirib.

XS
SM
MD
LG