Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:59

'Türkiyə didərgin düşmüş kürdlərə kompensasiya versin'


Diyarbəkir
Diyarbəkir

BBC radiosu Türkiyənin cənub-şərqindən minlərlə kürdün döyüşlər ucbatından köçüb getdiyini yazır.

Əsasən kürdlərin məskunlaşdığı Diyarbəkir vilayəti son zamanlar türk əsgərləriylə PKK terror təşkilatı yaraqlılarının döyüş zonasına çevrilib. Qərb mətbuatı təhlükəsizlik əməliyyatları aparan türk silahlı qüvvələrinin son bir ildə 500 minə yaxın adamı ev-eşiyindən çıxardığını xəbər verir. Fövqəladə vəziyyət elan olunduğundan bu adamlar evlərinə qayıda bilmədiklərini, repressiv rejimin yaratdığı çətinliklərlə yaşamaq məcburiyyətində qaldıqlarını söyləyirlər.

«KOLLEKTİV CƏZA»

Beynəlxalq insan haqları təşkilatı «Amnesty International» Türkiyə hökumətini təcili tədbir görməyə, bölgədə fövqəladə vəziyyəti aradan qaldırmağa, vətənlərindən didərgin düşmüş kürdlərə kompensasiya verməyə çağırıb. Təşkilatın Avropa məsələləri üzrə direktoru John Dalhuisen «Reuters» agentliyinə müsahibəsində mətbuatın məsələni gərəyincə işıqlandırmamasından gileylənib: «Türkiyənin cənub-şərqində vətəndaş cəmiyyətinə basqılar barədə geniş məlumat verilsə də, əhalinin zorla, təhlükəsizlik bəhanəsiylə evlərindən çıxarılması haqda çox az yazılıb».

«Amnesty International» Türkiyə hökumətinin bu addımının kürdlərə «kollektiv cəza» kimi qiymətləndirilə biləcəyini qeyd edir.

Türkiyə rəsmilərindən biri agentliyə hazırda hökumətin məsələylə məşğul olduğunu, bir neçə layihənin planlandığını, Diyarbəkir, eləcə də bəzi başqa ərazilərin bərpasına vəsait ayrılacağını deyib.

Diyarbəkirdə komendant saatı
Diyarbəkirdə komendant saatı

Almaniyanın «Deutsche Welle» radiosu Diyarbəkirdə boş qalmış qəsəbələrin fotoşəkillərini yayımlayıb. Radiostansiya bu yerlərdə əhalinin həm evsiz, həm də işsiz qaldığını, uşaqların təhsilini davam etdirə bilmədiyini yazır. Diyarbəkir ərazisində fövqəladə vəziyyətin 2015-ci ilin dekabrından hökm sürdüyünü, bəzi ərazilərdə döyüşlər bitsə də, durumun dəyişmədiyini qeyd edir.

KOMPENSASİYA ZƏRƏRİ ÖDƏMİR

Hökumət bəzi ailələrə kompensasiya təklif etsə də, əhali, eləcə də beynəlxalq təşkilatlar verilən məbləğin zərəri ödəmədiyini söyləyir.

Evlərinə qayıda bilənlər hər şeyin yerlə-yeksan edildiyini bildirirlər.

İyulda çevriliş cəhdindən sonra baş verənlər, hökumətin vətəndaş cəmiyyətinə, mətbuata, kürd siyasətçilərinə basqısı durumu bir az da çətinləşdirib. «Deutsche Welle» Diyarbəkir qaçqınlarına kömək edən QHT-lərin qarşısının alındığını, bəzilərinin terrorçulara yardımda suçlanaraq bağlandığını yazır.

Sentyabrda Diyarbəkirə səfərində baş nazir Binali Yıldırım hökumətin bölgədə bərpa işlərinə 645 milyon dollar ayırmağı planladığını deyib. «Deutsche Welle» kürdlərin bu vədlərə inanmadığını, vəsaitin ətrafa xərclənəcəyindən, kürdlərinsə ölkənin ayrı-ayrı regionlarına köçürüləcəyindən əndişələndiyini yazır.

Yaşayış bölgələrində qarşıdurma olmasa da, dağlıq ərazilərdə PKK terrorçularıyla türk əsgərləri arasında döyüşlər davam edir. PKK ilə 1984-cü ildən başlayan mübarizə Türkiyədə 40 mindən çox adamın ölümünə səbəb olub.

XS
SM
MD
LG