Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:00

Cənubi Qafqazın sonuncusu


Azərbaycan ordusu
Azərbaycan ordusu

Azərbaycanda ordu quruculuğu, Tarif Şurasının enerjidaşıyıcıların qiymətlərinin artırılması ilə bağlı qərarları, iqtisadçıların əlavə gəlir əldə etməkdən ötrü hökumətə təklifləri və Azərbaycanın maaşların səviyyəsinə görə Qafqazın liderindən autsayderinə çevrilməsi bu gün medianın aparıcı mövzusudur.

AZƏRBAYCAN ORDUSU YENİLMƏZDİR

«Azərbaycan» qəzetində «Azərbaycanın hərbi potensialı güclənir» sərlövhəli məqalədə ölkədə ordu quruculuğundan bəhs edilir.

Müəllif hesab edir ki, güclü ordu Azərbaycan dövlətinin varlığının, milli təhlükəsizliyinin, dünya çapında maraq və mənafelərinin təminatıdır.

Yazıda qeyd edilir ki, ordu ilə bağlı büdcə xərclərinin dinamik inkişafı bu sahəyə diqqətin göstəricisidir: «Son 10 il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb və Silahlı Qüvvələrə ayrılmış vəsait Ermənistanın dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Müdafiə xərclərinə 2017-ci il dövlət büdcəsi xərclərinin 16.7 faizi həcmində vəsait nəzərdə tutulub. Bu da cari illə müqayisədə 2.9 faiz çoxdur».
Yazıda vurğulanır ki, əvvəllər xaricdən alınan bəzi hərbi texnika və döyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Müəllif hesab edir ki, sülh danışıqları nəticə vermədiyi halda Azərbaycan münaqişənin hərbi yolla həllinə üstünlük verəcək. Bu da orduya diqqəti artırmağı zərurətə çevirib.

Yazıda daha sonra bu ilin aprel əməliyyatları xatırlanır. Həmin hadisələrin dəyərləndirilməsi ilə bağlı prezident İlham Əliyevdən sitat gətirilir: «Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməzdir…».

Nemət Əliyev
Nemət Əliyev

TARİFLƏRİ ARTIRMAMAĞIN YOLU…

Azadliq.info-da dərc edilən «Tarif Şurasının qərarı geri oxunmalıdır» sərlövhəli yazıda təbii qazın, elektrik enerjisinin, soba mazutunun, reaktiv mühərrik yanacağının və dərman preparatlarının qiymətlərinin qaldırılması ekspert Nemət Əliyevlə dəyərləndirilir.

Ekspert deyib ki, bu qərar ilə hökumət 300 milyon manat əlavə vəsait cəlb etməyi hədəfləyib. N.Əliyev vurğulayıb ki, bu qiymət artımına getmədən də 300 milyon manat əldə etmək mümkündür.

İqtisadçı bundan ötrü hökumətə itkiləri azaltmağı təklif edir.

N.Əliyev deyib ki, elektrik istehlakı sahəsində yol verilən itki normativi 8 faizdir. Ancaq Azərbaycanda, əslində, bu hədd çox yüksəkdir: «2010-2015-ci illərdə hər il orta hesabla 3.5 milyard, 6 ildə isə 21 milyard kVt/saata yaxın elektrik enerjisi itkiyə gedib. Bu həcm, demək olar ki, Azərbaycanın bir illik tələbatı qədərdir».

İqtisadçı vurğulayıb ki, itkilər hər il orta hesabla 15.6 faiz təşkil edib. 2010 -2011-ci illərdə bu göstərici hətta 20-21 faizə qədər yüksəlib. Ekspert qeyd edib ki, itkinin bu həddə olmasına baxmayaraq, bir məmurdan belə hesab sorulmayıb.

N.Əliyev qaz istehlakı sahəsində də itkilərin müəyyən edilən normadan yüksək olduğunu bildirib. Onun deməsinə görə, burada itki normativi 6-7 faiz intervalında olsa da, gerçəkdə 10 faizi keçir.

N.Əliyev bildirib ki, 2015-ci ildə 365 min ton əlavə yanacaq sərf olunub. Halbuki, elektrik və istilik enerjisi istehsalında artım yoxdur: «Yəni, bu istiqamət milyonlar əldə etməyin növbəti mənbəyi hesab oluna bilər. Sadalanan bu istiqamət üzrə gərəkən tədbirləri həyata keçirməklə hər il 300 milyon manatdan çox maliyyə vəsaitinə qənaət etmək mümkündür. Odur ki, maliyyə axtarışları bu istiqamətlərdə aparılmalıydı».

Manat
Manat

DAVALVASİYALARIN AĞIR NƏTİCƏSİ…

«Exo» qəzetində «Azərbaycan Cənubi Qafqazın autsayderidir» sərlövhəli məqalədə ölkədə maaş azlığı mövzusu ekspertlərlə müzakirə edilir. Mövzunu qəzetə ekspert Nəriman Ağayev belə şərh edib:

«Dollara ekvivalentdə əməkhaqqının həcminə görə Azərbaycan təəssüf ki, həqiqətən aşağı düşüb. Mümkündür ki, Gürcüstan və Ermənistan bir qədər yuxarıda olsunlar. Belə ki, bu ölkələr neft istehsalçısı deyil və devalvasiya onlara o qədər də güclü təsir etməyib».

Yazıda qeyd edilir ki, hətta neftin qiymətinin bir qədər artacağı təqdirdə də böhranın aradan qalxacağını düşünmək düzgün olmazdı.

N.Ağayev deyib ki, hökumət böyük neft pullarının gəldiyi zaman gələcək nəsillər barədə düşünməli idi. O, «kölgə iqtisadiyyatı» ilə mübarizəyə başlamağı, bəzi dövlət məmurlarının «aktiv»lərinin Azərbaycana gətirilməsini təklif edir.

Yazıda vurğulanıb ki, oktyabr ayına MDB dövlətlərinin maaş reytinqinə görə, Azərbaycan bir zamanlar Cənubi Qafqazın lideri olduğu 3-cü yerdən 5-ci yerə enib. Beləliklə hazırda bölgənin autsayderinə dönüb: «Digərləri ilə müqayisədə neft və qazın qiymətinin enməsindən Azərbaycan daha çox əziyyət çəkib. Belə ki, enerji resursları ölkəyə valyuta gəlməsinin əsas mənbəyi idi».

Yazıda qeyd edilir ki, 2015-ci ildə Azərbaycanda manatın iki dəfə devalvasiyası baş verib. Nəticədə manat iki dəfə dəyər itirib. Sonrakı dövrdə də 1 dollar rəsmən 1 manat 55 qəpikdən 1 manat 73 qəpiyə qədər yüksəlib. Müəllifin fikrincə, hazırda Azərbaycanda maaşlar dollara ekvivalentdə çox aşağıdır. Azərbaycan bu göstəriciyə görə, Cənubi Qafqaz ölkələri arasında sonuncu yeri tutur.

XS
SM
MD
LG