Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:10

"Atamın qanadları" filmi - "Türk fəhlələri necə ölürlər" sualına cavabdır...


"Atamın qanadları" filminin posteri.

"Atamın qanadları" filminin posteri.

Dekabrın 2-si Türkiyədə "Atamın qanadları" filminin ölkə üzrə göstərilməsinə başlanılıb. 2016-cı ildə Türkiyədə çəkilmiş filmlər arasında ən çox önə çıxan, rejissor Kıvanç Sezer-in ssenarisini yazıb çəkdiyi “Atamın qanadları” filmidir. Filmin dünya premyerası 2016-cı ildə 51-ci Karlovy Vary film festivalında baş tutmuşdu, ancaq filmə əsas şöhrəti oktyabr ayında Antalya Film Festivalında qazandığı möhtəşəm qələbə gətirdi. Belə ki, film festivalın altı mükafatını birdən qazandı. Filmə əsas tamaşaçı marağı qazandıran baş rol ifaçısı Menderes Samancılar isə ən yaxşı kişi roluna görə aldığı mükafatını Türkiyədəki suriyalı qaçqınlara həsr etdiyini dedi.

Buna da bax: Antalya film festivalının qalibi "Mavi velosiped" olub

Filmin yaranması Türkiyədə uzun müddətdir mövcud olan işçi sinifindən insanların iş qəzalarında ölümləri ilə bağlı artan xəbərlərdən doğub. Demək olar hər il Türkiyədə bir neçə mədən qəzasında və hər gün inşaat sahəsindəki qəzalarda onlarla bəzən yüzlərlə işçi ölür. Rejissor Kıvanç Sezerin də bir qəzetdə qarşılaşdığı xəbərdən sonra çəkməyə qərar verdiyi filmin əsas qayəsi “İş qəzalar tale deyil”dir. Məqsəd Türkiyədəki inşaatlarda fəhlələrə inşaat sahibləri tərəfindən dəyər verilməməsi, iş şəraitinin get-gedə çətinləşməsi, işçilərin maaşlarının kəsilməsi ya da verilməməsi və onların bütün bunlar qarşısında çarəsizliyini göstərməkdir.

Filmin qəhramanı İbrahim (Menderes Samancılar) kasıb və yaşlı fəhlədir. Onun üçün dünyada yeganə dəyərli şey Vanda yaşayan ailəsidir. İbrahim xərçəng xəstliyinə tutulduğunu öyrənir və o öləcəyi təqdirdə ailəsinə kimin baxacağı haqda nigaran duyğularla işinə davam edir.

Kıvanç Sezerin "Atamın qanadları" filminin treyleri.

Filmdə digər bir obraz İbrahimin qardaşı oğlu Yusif isə hələ gəncdir və güclünün gücsüzü əzdiyi cəmiyyətdə güclünün tərəfindədir. Onun bütün xəyalları, gələcək planları nə vaxtsa öz biznesini qurub varlanmağa yönəlib. Yusifin İbrahimlə söhbətlərindən anlaşılan odur ki, Yusif bir növ xəstə və çarəsiz əmisinin gənclikdəki obrazıdır. Belə ki, İbrahim də nə zamansa ucqar dağ kəndindən böyük şəhərə gəlib işləmək, sistemin adamı olmaq, varlanmaq və güclülərin sırasına keçmək xəyallarını qurub.Digər obraz inşaat sahibi Rəsul obrazı isə işçilərin olmaq istədiyi adam və əslində onların əməyini istismar edən “güclü” obrazıdır. Rəsul deyir “Bizim işimiz təhlükəlidir, amma kimsə bunu eləməlidir, elə deyilmi? Bəs bunu kim edəcək? O sizsiniz, mənəm”. Bu sözlərdən həvəslənən Yusif daha da şövqlə işləməyə davam edir, xəyallarına doğru addımlar atır. Ancaq bir işçinin yüksək mərtəbədən yıxılıb ölməsi və inşaat sahiblərinin ölən işçinin ailəsinə “qanpulu” təklif etməsi səhnələrindən sonra filmin sonlarına doğru Yusif insan həyatının dəyərsizliyi və özünün də taleyinin əmisi İbrahiminkinə bənzəyəcəyini dərk edir.

Buna da bax: Tarık Akan: "97 yaşımda, yatağımda, qəflətən öləcəyəm"

Həmçinin qeyd etmək lazımdır ki, filmdə Yusif və İbrahimin kürd işçilər olduğu qabardılır, filmdə səslənən Bajar kürd rock qrupunun mahnıları səslənir, həmçinin Yusif Bajar qrupunun bir mahnısının sədaları altında rəqs edir. Bütün bu əlamətlərdən filmin Türkiyənin cənub şərqində yaşayan kürdlərin işsizlik, təhsilsizlik problemlərini göstərmək məqsədi də daşıdığını deyə bilərik.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG