Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:00

Neftlə, qazla zəngin ölkədə aşağı əməkhaqqı


Alyaksandr Lukashenka və İlham Əliyev

Alyaksandr Lukashenka və İlham Əliyev

Belarusla münasibətlər, büdcə gəlirlərindəki problemlər, daşınmaz əmlak bazarındakı durum və Azərbaycanda orta aylıq əməkhaqqının bir çox ölkələrdən aşağı olması bu gün medianın aparıcı mövzusudur...

ETİBARLI TƏRƏFDAŞ

«Azərbaycan» qəzetində «Belarus Azərbaycanın təcrübəsindən istifadə edəcək» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, iki ölkə arasında əlaqələr 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələr üzrə inkişaf edib. Məqalədə qeyd edilir ki, Azərbaycan və Belarus aparıcı Avropa strukturlarında yaxından əməkdaşlıq edir, müxtəlif məsələlərdə bir-birinə dəstək verirlər.

Müəllifə görə, Belarus prezidenti Alyaksandr Lukashenka-nın bu günlərdə Azərbaycana səfəri də əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyini göstərir: «Bu səfər bir daha təsdiqlədi ki, iki dövlətin mövqeyi bir çox regional və beynəlxalq məsələlərdə üst-üstə düşür».

Məqalədə bildirilir ki, 2017-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi həcminin 700 milyon dollara çatdırılması əsas hədəflərdən biridir.

Müəllif iki ölkə arasında münasibətlərə dair dəyərləndirmədə prezident İlham Əliyevdən də sitat gətirilir: «Ölkələrimiz arasında çox yaxın, etimada əsaslanan münasibətlər formalaşıb. Biz həmişə bir-birimizi dəstəkləyirik, bizi maraqlandıran, narahat edən məsələləri səmimi müzakirə edirik. Biz bir-birimizi, necə deyərlər, dəfələrlə sınamışıq. Biz bir-birimiz, həmçinin bütün ölkələr üçün də etibarlı tərəfdaşlarıq».

Müəllif hesab edir ki, son illər Azərbaycan böyük inkişaf yolu keçib. Bu inkişaf modeli dünyanın bir çox ölkələrindən ötrü təcrübə ola bilər.

Nemət Əliyev

Nemət Əliyev

BÜDCƏNİ NECƏ DOLDURMALI

Azadliq.info «Gələn ilin büdcəsi maliyyə problemlərinin fonunda necə formalaşdırılacaq?» sualına iqtisadçı - ekspert Nemət Əliyevlə cavab axtarılıb.

Müəllif yazır ki, Azərbaycan hökuməti hazırda ciddi maliyyə böhranı yaşayır. Bu da növbəti ilin büdcəsinin reallaşmasında ciddi çətinliklər yaradır.

N.Əliyev də rəsmi açıqlamalara istinadən problemlərə toxunur: «Hətta 4 milyard manat kəsir tam real görünür. Bu kəsirin yaranmasında hökumət məsuliyyətsizliyinin payı çox böyükdür. Kənardan baxanda ilkin olaraq o təəssürat yaranır ki, Neft Fondu, Maliyyə Nazirliyi sanki əlbir olaraq rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşması əvəzinə, dollar alveri ilə məşğul olurlar».

Ekspertin fikrincə, ölkə iqtisadiyyatı böhran içində olduğundan hakimiyyət büdcəni əhalinin hesabına formalaşdırmağa çalışır: «Neft Fondunun büdcə qarşısında öhdəliklərinin yerinə yetirilməsində çətinlik yaranıb. Təxminən 1500-ə yaxın fiziki və hüquqi şəxsin vergi öhdəliklərini yerinə yetirməməsi üzündən xaricə çıxışı qadağan edilib. Bütün bunlar onu göstərir ki, iqtisadiyyat gəlirli fəaliyyət göstərmək imkanlarından məhrum olub».

N.Əliyev bu vəziyyətin davam edəcəyini proqnozlaşdırır: «Dövlət büdcəsinə gələn il daxilolmalar kəskin şəkildə azalacaq. Hətta mütəxəssis proqnozları bundan ibarətdir ki, neftin qiyməti bir qədər də aşağı düşəcək. Deməli, büdcənin formalaşmasında əsas rol oynayan neft gəlirləri azalacaq. Bu isə o deməkdir ki, növbəti il büdcənin tərtib olunan həcmini yığmaq asan olmayacaq».

Bina

Bina

BOŞ MƏNZILLƏR...

«Exo» qəzetində «Bakıda mənzillər boşdur, qiyməti isə artmaqda davam edir» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, ölkədə iqtisadi problemlər əhalinin alıcılıq qabiliyyətini aşağı salıb. Bununla belə, qiymətlərin ucuzlaşması çox da uzun çəkməyib. Yazıda qeyd edilir ki, mənzillərin qiymətində yenidən artım müşahidə edilir. Ekspert Nüsrət İbrahimli də qəzetə bunları deyib: «Bakının ilkin mənzil bazarında avqust ayı ilə müqayisədə sentyabr ayında dollar ekvivalentində qiymətlər 4.43 faiz bahalaşıb».

N.İbrahimli hesab edir ki, bu artım daha çox psixoloji faktorla bağlıdır. O qeyd edir ki, keçən il birinci və ikinci mənzil bazarında qiymətlər 50 faizə qədər azaldı. İndi həmin o itirilmiş mövqelər tədricən qaytarılır.

Daşınmaz əmlak bazarı üzrə başqa bir ekspert Ramil Osmanov da yeni binalarda firmaların kvadratmetrə görə qiymətləri qaldırdığını deyir. Onun bildirməsinə görə, qiymətlər öncə 70 faizə qədər bahalaşdırılır, sonra «50 faiz endirim kampaniyası» başlanır: «Bu tikinti firmalarının marketinq siyasəti olduqca zəif təşkil edilib. Qiymətlərin əsassız qaldırılması tikinti şirkətlərinə də, vətəndaşlara da zərbədir. Bunun nəticəsidir ki, hazırda Bakıda 2 mindən çox binada mənzillərin 30 faizi boşdur».

Bakıda neft buruqları

Bakıda neft buruqları

BƏZİ AFRİKA ÖLKƏLƏRİNDƏN DƏ GERİDƏ QALMAQ

«Novoye Vremya» qəzetində isə «Yaşamaq istəyirik, sürünmək yox» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda ölkədə maaşların orta aylıq həcmi və insanların yaşayışı səviyyəsi təhlil edilir.

Müəllif əvvəlcə Azərbaycanı qaz istehsal edən bir sıra ölkələrlə müqayisə edir. Yazıda qeyd edilir ki, Azərbaycanda həmin ölkələrlə müqayisədə enerjinin qiyməti bahadır.

«Hər halda Azərbaycan neft-qaz ölkəsidir və bunu unutmaq olmaz. Enerji resursları ilə zəngin ölkələrdə yüksək maaş olmalıdır».

Müəllif yazır ki, Azərbaycanda maaşlar nəinki bir çox enerji ilə zəngin, hətta nefti, qazı olmayan ölkələrdən də geri qalır: «Lüksemburqda aylıq orta əmək haqqı 3722, Gürcüstanda 430, Azərbaycanda isə 303 dollardır. Azərbaycanın göstəricisi bir çox Afrika və Asiya ölkələrindən də aşağı olub».

Yazıda vurğulanır ki, ötən il Azərbaycanda iki kəskin devalvasiya baş verdiyindən, maaş və pensiyaları dollara çevriləndə çox kiçik görünür.

Müəllif yazır ki, neft-qaz ölkəsində enerjidaşıyıcıların, ərzağın qiyməti qalxır, reallıqda inflyasiya yüksəlir, ancaq maaş və pensiyalar artırılmır.

Yazıda qeyd edilir ki, Gürcüstanda ərzaq və geyimin qiymətləri Azərbaycanla müqayisədə aşağıdır. Amma orda orta aylıq əməkhaqqı yüksəkdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG