Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:11

"Əzilənlərin teatrı" cəmiyyətdə nələri dəyişdirirdi...


Augusto Boal-ın Brazilyada qoyduğu tamaşa.

Augusto Boal-ın Brazilyada qoyduğu tamaşa.

Emin Əliyev

"Əzilənlərin teatrı" və Augusto Boal

Dünya teatr dahilərindən biri, Bertolt Brecht sonra siyasi teatrın ən tanınnan nümayəndəsi, bəşəri sülh yolunda öz addımlarını atan, insanlığın ayaq üstə qalması, istismarın, zülmün məhv olması üçün teatr sahəsində islahatlar etmiş şəxsdən – Augusto Boal-dan yazacağam. Nəzəriyyəsi dünyəvi kontekstdə qəbul olunan və yayılan, müasir teatrın qollarından birinə çevrilən “Əzilənlərin Teatrı” və onun yaradıcısı Boal 1931-ci ildə Brazilyada, Rio şəhərində doğulmuşdur. Teatrdakı fəaliyyətinə 1956-cı ildə Arena Teatrında başladı. Onun fəaliyyəti 1971-ci ilə kimi davam edir. Çünki, o rejissor olduğu müddətcə siyasi fəaliyyətlə də məşğul olur, Braziliyada teatrla siyasətin ortaq nöqtəsini tapır və bu yolda işinə davam edirdi. 1964-cü ildə isə Braziliyada hərbi rejimin hakimiyyətə gəlməsi ona və ətrafındakı dostlara böyük təhlükə yaradır. 1971-ci ildə o küçədə gəzərkən qaçırılır, həbs edilir və ona işgəncələr verilir.

Braziliya teatrşünası, yazıçı və siyasətçi Augusto Boal.

Braziliya teatrşünası, yazıçı və siyasətçi Augusto Boal.

Beləliklə, ölüm təhlükəsi ilə üz-üzə qalan Boal ölkədən qaçmağa məcbur olur. O, 1971-ci ildə əvvəlcə Peruya, sonra isə Argentinaya köçür və 5 il müddətində orada yaşayır. Bu müddətdə Boal iki kitab çap etdirir: “Torquemada” və “ƏzilənlərinTeatrı”. “Torquemada” Braziliya hərbi rejiminin sistematik olaraq həbsxanada verdiyi işgəncələrdən bəhs edirdi.

“Əzilənlərin Teatrı” isə onun başlıca konsepsiyası idi. O bu konsepsiyanı yaradarkən Braziliyalı filosof, tənqidi pedaqogikanın qurucularından biri Paulo Freiredən və onun məşhur nəzəri kitabı olan “Əzilənlərin pedaqogikası” əsərindən təsirlənmişdir. Onlar uzun illər yoldaşlıq etmişdilər və Freire vəfat edəndə Boal demişdi: “Mən son atamı itirdim. İndi mənim yalnız bacı və qardaşlarım qalıb.”

“Hamımız bu həyatın fəal aktyoruyuq və vətəndaş ölkədə yaşayan yox, o ölkəni dəyişdirməyə çalışan insandır” – deyirdi Boal.

Boal 1979-cu ildə “Əzilənlərin Teatrı” adı altında içində nəzəri tezisləri olan kitabını çap etdirir. Uzun zaman sonra – 1992-ci ildə isə artıq yaranmış və kifayət qədər populyarlaşmış teatr formasının praktiki nəticələri haqqında “Aktyor olanlar və olmayanlar üçün oyunlar” adlı kitabını çap etdirir.

Augusto Boalın “Əzilənlərin Teatrı” başlığı altında təklif etdiyi teatr formaları bunlardır: Qəzet Teatrı, İmaj Teatrı, Forum Teatrı, Görünməz Teatr, Arzunun Göyqurşağı (Rəngləri) və Qanuverici Teatr.

1. Qəzet Teatrı (Newspaper Theatre) – Bu forma izləyicilər üçün gündəlik xəbər yazılarını və non-dramatik parçaları teatr səhnəsinə gətirməyi planlaşdırır. Qəzet, qanun, deklarasiya, bəyənnamə və bunun kimi bütün yazılı mətnləri tamaşaya döndərməyi məqsədini qarşısına qoyur. Ümumilikdə 10-a yaxın üslubdan ibarətdir. Ələ alınan mətnləri bu üslublar vasitəsilə problematikaya çevirib, tənqid etməyi, həllinə çatmağı planlaşdırmışdır.

Augusto Boal-ın Əzilənlər teatrı.

Augusto Boal-ın Əzilənlər teatrı.

Məsələn, “Sadə Oxuma” - Burada mübahisəli və ya yanlış olan xəbər hissəsi oxunur və ümumi konketsdən çıxarılır. “Çarpaz Oxuma” – İki xəbər ard-arda oxunur, onlar yeni ölçülərdə əlaqələndirilir və bir-birilərini tamamlayırlar. “Tamamlayıcı Oxuma” – İqtidar sinfi tərəfindən xüsusilə kəsilmiş məlumatlar xəbərə əlavə olunur. “Ritmik Oxuma” – Məqalə bir ritmlə oxunur, beləliklə xəbərin gizlənmiş, əsl məzmununu ortaya çıxaran tənqidi filtr rolunu oynayır. “Paralel fəaliyyət” – Aktyorlar xəbər oxunarkən mimik reaksiya verirlər. İzləyici xəbərləri eşidir və vizual şərhini görür. “İmprovizə” – xəbəri səhnədə improvizə etmək üçün bütün variant və mümkün yollardan faydalanılır. “Tarixi” – tarixi anlardan, digər ölkələrdəki hadisələrdən və ya sosial sistemlərdən xatırlanan faktlar xəbərə əlavə olunur. “Gücləndirmə” – məqalə musiqilər, slaydlar və ya tanıtım vəsaitləri müşayiəti ilə oxunur. “Mücərrədin Konkretləşməsi” – xəbərin mücərrəd məzmunu səhnədə konkretləşir.(məsələn: aclıq, işsizlik və s.). “Məzmundan kənar mətn” – xəbər ilk yayımındakı kontekstdən kənarda təqdim olunur.

2. İmaj Teatrı (Image Theatre) – Teatrın bu formasında sözdən istifadə olunmur. Bədən sənəti ön plana keçir. İzləyici-Aktyorlar (Spect-Actors) öz bədənlərini və iştirakçıların bədənlərindən istifadə edərək tamaşa qurmağa çalışırlar. Bu teatrda spect-actorlar, mövzusu bütün qrup tərəfindən təyin olunan, hər kəsin bölüşdüyü, narahat olduğu problemləri seçərək öz praktikalarına istinadən insanların bədənlərindən oyun qurarlar. Necə deyərlər, “heykəl yaratmış olurlar”. Burada spect-actorun vəzifəsi iştirakçılardan bir forma, heykəl düzəltməkdir. Onun düşüncələri, təcrübəsi, şahid olduğu hadisələr “imaja” dönüşür. Bu imaj həyatda yaşanmış hadisələri olduğu kimi əks etdirir. Bu forma da ümumi mahiyyətdən kənara çıxmır – burada insanlar problemləri bölüşür və onun həllini tapmağa can atırlar.

3. Forum Teatrı (Forum Theatre) – A. Boal karyerasının əvvəllərində Cənubi Amerikadakı praktika ərəfəsində “sinxron dramatrugiya” üsulundan istifadə edir. Bu prosesdə aktyorlar və ya tamaşaçılar bir xarakterin məzlum vəziyyətinə düşdüyü bir hadisəni dayandıra bilərlər (misal olaraq qadına haqsızlıq edən bir kişi və ya işçini alçaldan bir sahibkar səhnəsini göstərmək olar). “Sinxron dramaturgiya”da ilk əvvəl tamaşaçılar səhnədə improvizə edən aktyorları saxlayıb, onlara öz təkliflərini, məsələnin həll yollarını təqdim edə bilərlər. Bu ənənəvi aktyor-tamaşaçı əlaqələrini pozmağa, tamaşaçının da oyuna qoşulmasına, izlədikləri dramatik situasiyanın içinə daxil olmağına planlaşdırılmış bir təşəbbüs idi. Boalın Forum Teatrında spect-actor anlayışı hakim qüvvəyə çevriləndə, bu teatr forması “sinxron dramaturgiya” anlayışında yenidən doğulmağa başladı. Tamaşaçılara sadəcə düşünməyə deyil həmçinin, qəhrəmanın yerini alması, vəziyyətə qarşı mübarizə etmək, spect-actor kimi səhnəyə çıxıb hadisəni dəyişdirmək üçün cəsarət verildi. Bu vaxt ərzində iştirakçı düşdüyü vəziyəti yaşaya, onu öz timsalında daha yaxından anlaya bilər. Beləliklə, Boalın Forum Teatrının qısa məzmunu budur: aktyorlar (peşəkar və ya cəmiyyətin aşağı təbəqəsindən toplanan qeyri-peşəkarlar) tamaşaçı ilə birgə təzyiq əks olunan bir sujetdə bərabər oynayırlar. Əzilən xarakterlərin iştirak etdiyi belə tamaşalarda zülmün dəf edilməsində uğursuzluqla nəticələnən ssenarilərin sonunda aktyorlar yorğun olsa da onlar yenidən özlərini toplayır və növbəti sujetə hazırlaşırlar. Növbəti səhnə getdiyi müddətdə hər hansısa bir spect-actor “stop” deyir və əzilən insanı oynayan aktyorun yerinə keçir. Çəkilən aktyor isə öz yerində durur səhnədə və bu spect-actor-a bəzi məsləhətlər verir. Zülmün spect-actorlar tərəfindən qarşısı alındıqdan sonra və sujet yenidən hazırlandıqda bu dəfə yerlər dəyişir. Bu dəfə onlar zülm edənin yerinə keçirlər və əzilən insana əzab verməyin yeni yollarını tapırlar. Bu yolla onlar əziyyəti daha real təsvir edə, situasiyanı canlı yaşada bilirlər. Bütün proses dialektik qurulmuşdur.

Augusto Boalın "Əzilmişlər teatrı" Nyu-yorkda.

4. Görünməz Teatr (İnvisible Theatre) – Bu teatr yeri daha öncədən təyin olunmuş, teatrdan kənar bir yerdə, məsələn, restoranda, bazarda, ictimai yerlərdə təşkil olunan və tamaşaçı olduğunu bilməyən, təsadüfən orada var olan insanlar arasında tamaşanın qurulması prosesidir. Bunun tamaşa olduğu gerçəyi sirr olaraq qalmalıdır. Diqqətlə hazırlanmış oyunun əsas məqsədi orada spontan olaraq iştirak edən insanları mövzu ilə bağlı məlumatlandırmaq, xəbərdar etmək, diqqətlərini problemin üzərinə çəkməkdir.

5. Arzunun Göyqurşağı (Rainbow of Desire) -“Arzunun Göyqurşağı” Boalın eyniadlı kitabında açıqlanan texnika və texnikalar ailəsidir. Bu forma antoqonist və protoqonistin oynadığı zülm oyunlarını mənimsəmiş və İmaj Teatrından təsirlənmişdir. İlk işlərində Boal “Əzilənlərin Teatrı”nı dramaterapiya kimi işlətməkdə çəkinirdi, lakin daha sonralar bu daxili, introspektiv texnikanı “teatr və terapiya” olaraq qəbul etdi.Bu texnika digərlərinin arasında psixoterapiyaya yer verən və daxilində psixo-dramaya bənzər meyllərin olduğu bir teatr formasıdır. Quruluşu və realizəsi çox qəliz olan bu sistemdə insanın daxilindəki, şüuraltındakı ifadə edə bilmədiyi iç-içə olan hissləri, daxili ziddiyyətləri fərqli üsullarla ələ alınmağa çalışılır. Bu teatrın qurulması lazım olan alışdırma və oyunların hər biri 2-3 saat müddətində davam edən qarışıq prosesdir. Bir nəfərin problemindən bəhs edən proses getdikcə bütün kollektivi o oyuna daxil edən bir işə çevrilir. İştirakçılar daxillərində var olan, lakin fərqində olmadıqları, mənəviyyatlarında yaratdıqları rəngləri “çölə vururlar”.

6. Qanunverici Teatr (Legislative theatre) – Augusto Boal Rio de Janeyroda Vereador – yəni, şəhər vəkili olan zaman öz seçicilərinə fikirlərini ifadə etmək üçün teatrın yeni bir növünü “Qanunverici Teatr” növünü yaratdı. Məqsəd vətəndaşlar və qurumlar arasında bir dialoq açmaq, onların arasında bir güc axımı yaratmaq idi. Qurulma prosesində teatral qruplarla birgə kəndlərdə, məhəllələrdə səhnələr yaradılır, problemlər aydınlaşdırılır. Daha sonra fərqli yerlərdə qurulmuş qrupların, fərqli problemləri ortaya qoyulur, problemə həll yolları axtarılır. Bir başqa səhnələşirmə növündə qanunların gətirdiyi şərait, oxşar səhnə qurulur və onun nəticələri müzakirə olunur. Ən sonda hər kəsin ortaq düşüncə ilə təklif etdiyi yollar, daha doğrusu yeni qanunlar aidiyyatı şəxslərə təklif olunur və xalqın istəyinin yerinə yetirilməsi üçün bu əlaqədar şəxslər iş görməyə məcbur edilir. O, bu prosesi “keçici demokratiya” adlandırır. Boal vəkil olduğu müddətdə bu yolla xalqın istəklərindən 13-nü qanun halına salmış, məclisdə qəbul etdirmişdir və bu qanunlar hələ də qüvvədədir.

Boalın dediyinə görə “Teatr təzyiqin ən yaxşı sənətsəl formasıdır”. Onun nəzəri fəaliyyətində də bunu açıq-aşkar görmək olardı.

Augusto Boal uzun sürən yaşamı, vicdanlı fəaliyyəti sonunda 2009-cu ildə mayın 2-sində 78 yaşında Rioda vəfat edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG