Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:05

Azərbaycanca ilk məktəb, ilk teatr, ilk universitetin yaranmasında o iştrak edib


Sultan Məcid Qənizadə.
Sultan Məcid Qənizadə.

Elnur Musayev Bədəl

Azərbaycanca ilk məktəb, ilk teatr, ilk universitetin yaranmasında Sultan Məcid Qənizadənin rolu

Azərbaycan mədəniyyətinin tarixinə görkəmli maarif xadimi, müəllim, yazıçı, metodist və bir sıra lüğətlər, dərsliklər və istilahlar müəllifi kimi daxil olan Sultan Məcid Hacı Murtuzəli oğlu Qənizadə (bəzi mənbələrdə Soltan, son mənbələrdə isə Sultanməcid kimi göstərilib-Elnur Badalov) 1866-cı ilin aprelində Şamaxı şəhərində ziyalı tacir ailəsində doğulub. Atası Hacı Murtuzəli dövrün tanınmış ziyalılarından idi. O, əslən Şamaxının sayılıb-seçilən əsilzadə, qədim soylarından olan, qəbri bu gün də ziyarət edilən Şeyx Sultan Dədəgünəşin nəslindəndir. Tarixi qaynaqlar göstərir ki, Şeyxin nəsil şəcərəsinin tarixi İslamda 4-cü xəlifə sayılan həzrəti Əli ibn Əbutalıbın zamanına gedib çıxır. Mənbələrə görə, Şeyx Sultan Dədəgünəş həzrət Əlinin ələmdarlarından olmuş, sonralar Azərbaycana köç etmiş, Şamaxıda məskunlaşmış, orada da vəfat etmiş, qəbri ziyarətgaha çevrilmişdir. XVIII əsrin görkəmli şairi Ağa Məsih Şirvani Sultan Məcidin ulu babasıdır.

Sultan Məcidin verdiyi bioqrafik məlumatda deyilir ki, "Əsil-nəsəbim (soyköküm) Şirvan türklərindəndir, ulu babam "Məsih" təxəllüslü Ağa Məsih Şirvaninin Dədəgünəş şeyxlərindən olduğu qədim sənədlərlə təhqiq olunmuşdur..."

F.Köçərli bu xüsusda yazır: “Şamaxı şairlərindən Ağa Məsih Şirvani S.M.Qənizadənin üçüncü və ya dördüncü babasıdır. Ədibin bəzən özünü "Məsihzadə" adlandırması bu iddianın doğruluğuna dəlalət edir”

Sultan Məcidin atası Murtuza Əli də şair olmuşdur. Murtuza Əlinin oğluna tövsiyə olaraq yazdığı aşağıdakı şeiri bunu açıq göstərir:

Ey oğul, ittihadi-millət elə,
Səy elə, qeyrət elə, hümmət elə!
Pədərin ismi Murtuza Əlidir,
Fatimə madərindir, ismət elə.
Çün igid haqq yolunda qurbandır,
Sən də tut haqq yolun, mürüvvət elə!

Kiçik yaşında yazıb oxumağı atasından öyrənən Sultan Məcid əvvəlcə məhəllə məktəbinə davam etmiş, sonra isə üç il S.Ə.Şirvaninin üsuli-cədid məktəbində oxuyub Azərbaycan, fars və rus dillərini öyrənmişdir. Sonra o, şəhərin rus məktəbinə davam edib, bu məktəbi müvəffəqiyyətlə bitirmiş və 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur. Yeri gəlmişkən deyək ki, 1872-ci ildə Şimali və Cənubi Qafqazın əhalisi üçün açılan Aleksandrovski Müəllimlər İnstitutu 1919-cu ilədək fəaliyyət göstərmişdir. İnstitutu maddi cəhətdən təmin etmək məqsədilə 1896-cı ildən İmperatorun fərmanı ilə Bakı milyonçusu Şəmsi Əsədullayev fəxri popeçiteli (qəyyumu - Elnur B.) təyin edilmiş, milyonçu vəfat edənədək (1913-cü il) həmin məktəbə hamilik etmişdi.

Buna da bax: Həsən bəy Zərdabi Maksim Qorkinin düşüncələrinə necə təsir etmişdi...

Sultan Məcid Qənizadənin həyatı boyu dostluq etdiyi maarifçi və müəllim Həbib bəy Mahmudbəyov.
Sultan Məcid Qənizadənin həyatı boyu dostluq etdiyi maarifçi və müəllim Həbib bəy Mahmudbəyov.

Beləliklə, Aleksandrovski İnstitutu Qənizadənin bir yazıçı və maarif xadimi kimi yetişməsində mühüm rol oynamışdır. Çar maarif nazirliyinin 1887-ci ildə verdiyi sərəncama görə İslam dininə mənsub olan şəhər məktəblərində dərs demək qadağan edilmişdi. Odur ki, Qənizadə, eləcə də onun həmyerlisi və gələcək silahdaşı Həbib bəy Mahmudbəyov, Süleyman bəy Əbdürrəhmanbəyov həmin il institutu bitirdikdə şəhər məktəblərinə deyil, kənd məktəblərinə təyin edildilər. Azərbaycana dönməkdən savayı çıxış yolu olmadığını görən dostlardan biri Süleyman bəy Əbdürrəhmanbəyov doğulduğu Qutqaşena (Qəbələyə - Elnur B.), ikisi- Sultan Məcid Qənizadə və Həbib bəy Mahmudbəyov isə Bakıya gəldilər. Sultan Məcid dostu ilə Bakının hansı məktəbinə üz tutdularsa, rədd cavabı aldılar. Çünki Rusiya maarif naziri qraf Delyanovun müsəlman müəllimlərinə şəhər dövlət məktəbində işləməyə qoyduğu qadağa Bakıda da tədbiq olunurdu. Bu çıxılmaz vəziyyətdən nicat yolunu azərbaycanlı uşaqlara məxsus müasir tələblərə cavab verən dünyəvi ibtidai məktəb təsis etməkdə gördülər.1887-ci ildəöz şəxsi təşəbbüsləri və Bakı qazısı Axund Molla Cavaddan mənəvi dəstək alan gənc müəllimlər məktəbin layihəsini, tədris proqramını hazırlayıb Tiflisə-Qafqaz Təhsil Dairəsinə göndərdilər. Məktəbin açılmasına icazə verildi. Məktəb üçün bina icarəyə götürüldü, realnı məktəbdən istifadə üçün yazı taxtası, parta, stol və stul alındı. Nəhayət həmin ilin oktyabrın 20-də (bəzi mənbələrdə 1887-ci il noyabr ayının 2-i göstərilir- Elnur B.) “Rus-Tatar (Azərbaycan)” (rus-müsəlman) adlı yeni tipli bir ibtidai məktəbin binasını qoydular ki, bu da Azərbaycan maarifi tarixində yeni dövrün başlanğıcı oldu. Bu yeni tipli məktəb Rusiyada yaşayan müsəlmanlara məxsus yeganə tədris müəssisəsi idi və tezliklə İslam dünyasında böyük şöhrət qazandı.

Yeni açılmış "Rus-tatar" məktəbində ana dili əsaslı surətdə öyrədilir, rus və fars dilləri, hesab, coğrafiya, tarix fənləri tədris edilirdi. Məlumat üçün qeyd edək ki, o zaman mollaxanalarda uşaqlar Quranı çıxdıqdan sonra təhsili fars və ərəb dillərində davam etdirirdilər. Rus məktəblərində isə şəriət dərsi deyən müəllimlər, yəni mollalar həftədə uşaqlara ikicə saat "yerli dil"- tatar dili öyrədirdilər.

"Rus-tatar" məktəbi 4 il uğurla fəaliyyət göstərdikdən sonra 1891-ci ildə Bakının 150 nəfər sakini şəhər Dumasına müraciət edərək, həmin məktəbin şəhər idarəsi hesabına maliyyələşdirilməsini xahiş etdi. Şəhər Duması müraciətə müsbət cavab verdi. İlk xüsusi "Rus-tatar" məktəbi bağlandı və onun yerində şəhər idarəsi hesabına maliyyələşən iki yeni "Rus-tatar" (rus-müsəlman) məktəbi açıldı. Bununla da, iki gənc müəllimin xüsusi "Rus-tatar" məktəbi tarixi missiyasını yerinə yetirdi, yeni açılan 1-ci "Rus-tatar" məktəbinə Həbib bəy Mahmudbəyov, 2-cisinə isə Sultan Məcidmüdir təyin edildilər. Tezliklə Orta Asiyada yeni məktəb hərəkatı başlandı, həmin məktəb hərəkatına istiqamət vermək üçün Sultan Məcid Səmərqəndə dəvət olundu. 40 gün orada qalaraq həmin məktəblərin tədris plan və proqramlarını hazırlamaqda yerli maarifçilərə yaxından kömək etdi. Sultan Məcid yeni məktəb hərəkatında qazanılan uğurları daha da genişləndirmək məqsədilə "Rus-tatar" ibtidai məktəblərinin 2-ci pillə şəhər məktəbinə çevrilməsi məqsədilə Qafqaz Təhsil Dairəsinə müraciət etdi. Böyük çətinliklərdən sonra 1898-ci ilin sentyabrında Bakıda azərbaycanlılara məxsus ilk 2-ci pillə şəhər məktəbi (6 illik natamam orta təhsil müəssisəsi) fəaliyyətə başladı. Qənizadə həmin məktəbə müvəqqəti müdir təyin edildi. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev məktəbin fəxri popeçiteli seçildi. Bu məktəbdə Süleyman bəy Əbdürrəhmanbəyov, Əlisgəndər Cəfərzadə, Abdulla bəy Əfəndiyev, Bababəy Səfərəlibəyov, Abdulla bəy Sübhanverdixanov, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq və bu kimi böyük maarifçilər dərs deyirdilər. Dövrün qaydalarına görə, 2-ci pillə məktəblər ali tipli təhsil ocağı sayılır, məktəbin müdiri və müəllimləri dövlət məmuru hesab olunur, müəyyən imtiyazlardan istifadə edirdilər. Lakin bu imtiyazlar xristian dininə tapınan müəllimlər üçün nəzərdə tutulduğu üçün Qənizadənin müdirliyi Qafqaz Təhsil Dairəsi tərəfindən rəsmən təsdiq edilməmişdi. O, burada 1905-ci ilin avqustundan Qori Müəllimlər Seminariyasının tatar şöbəsinə inspektor təyin olunana qədər müvəqqəti müdir kimi çalışdı. Yeri gəlmişkən, deyək ki, həmin məktəb Bakıdakı indiki 18 saylı məktəbin yerində yerləşmişdi. Həmin məktəb köhnə bakılıların yaddaşında "Mirzə Məcid" məktəbi kimi qalmışdır.

Buna da bax: Seyid Əzim Şirvaninin ailəsinin qürbətdəki taleyi [Yeni araşdırma]

Sultan Məcid Qənizadə və Cəlil Məmməduluzadə bir qrup Azərbaycan yazıçısı ilə birlikdə.
Sultan Məcid Qənizadə və Cəlil Məmməduluzadə bir qrup Azərbaycan yazıçısı ilə birlikdə.

Böyük maarifçi Sultan Məcidin yeni tipli "Rus-tatar" məktəbləri sahəsində qazandığı uğurları, pedoqoji ictimaiyyət və xalq arasındakı böyük nüfuzu nəzərə alınaraq o, 1905-ci ilin avqustunda Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə inspektor təyin edildi. Sultan Məcid seminariyaya azərbaycanlı gənclərin qəbulunun artırılmasına nail oldu. Bu vəzifəyə müfəttiş təyin olunmuş ilk azərbaycanlı olan Sultan Məcid ilə seminariyanın direktoru Miropyev (Miropyan) arasında ədavət başladı. Sultan Məcid ona qarşı yönələn mənfi münasibətə heç vaxt dözməmiş və rəhbərliyə qarşı açıq mübarizəyə başlamışdı. Sultan Məciddən Təhsil Dairəsinə gizli donoslar yazan Miropyevin sonuncu rəsmi təqdimatı əsasında Sultan Məcid 1908-ci ildə vəzifəsindən azad edilir. Bu ədalətsizliyə dözməyən Sultan Məcid Qafqaz Təhsil Dairəsinin popoçiteli ilə görüşür. Məsələnin mahiyyəti və səbəbləri popoçitelə izah olunur. Nəticədə popeçitel öz qərarını dəyişmək məcburiyyətində qalır və Sultan Məcidə yerində qalıb işləmək təklif olunur. Lakin o, Miropyevlə aralarında yaranan narazılıq şəraitində seminariyada işləməkdən imtina edir. Bunu nəzərə alan popoçitel Sultan Məcidi öz xahişi ilə inspektorluqdan azad edərək daha böyük vəzifəyə- Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəbləri idarəsinin 2-ci rayonu üzrə inspektoru vəzifəsinə təyin edir. Bu da tarixi faktdır ki, Sultan Məcid xalq məktəblərinin inspektorluğu vəzifəsinə təyin edilən ilk azərbaycanlı idi. Deməli, bu böyük maarifçi digər vəzifələrdə olduğu kimi burada da ilkinliyini qoruyub saxlamışdır. Onu da deyək ki, Sultan Məcidin inspektor kimi nəzarət etdiyi əraziyə Bakı və onun ətrafındakı bütün məktəblər, Şamaxı, Quba və Göyçay qəzalarının təhsil ocaqları daxil idi. Maraqlıdır ki, o, Bakı Quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin inspektoru vəzifəsinə təyin olunanda (1908-ci il, avqust) Firidun bəy Köçərlini öz yerinə- tatar şöbəsinə müfəttiş, keçmiş məktəb yoldaşı Mirzə Ələkbər Sabiri isə Firidun bəyin yerinə seminariyaya ana dili və şəriət müəllimi təyin etdirmək istəsə də, Miropyev bu ideyanın gerçəkləşməsinə imkan verməmişdir. Bu hadisələr böyük maarifçinin1930-cu illərdə qələmə aldığı "Sabir haqqında kiçik bir xatirə" adlı memuar əsərində ürək ağrısı ilə qələmə alınmışdır...

Bir maraqlı faktı da qeyd eək ki, M.Ə.Sabirə “Molla Nəsrəddin” jurnalında iştirak etməsini məsləhət görən də Sultan Məcid olmuşdur.

Molla Nəsrəddin jurnalı. Sultan Məcid Qənizadə bu jurnalın fəal yazarıydı.
Molla Nəsrəddin jurnalı. Sultan Məcid Qənizadə bu jurnalın fəal yazarıydı.

Sultan Məcid xatirələrində yazır: "1905-1908-ci illərdə mən Qori şəhərində darülmüəllimin Azərbaycan şöbəsində inspektor idim. Tətil günlərində Tiflisə gedib-gəldiyim zaman müəllim Mirzə Cəlil Məmmədquluzadə ilə tanış oldum. Jurnalın nəşri hələ başlanmamışdı. Amma ideyası mənə məlum olduqda Sabirin rübai və mənzumələri ona müvafiq olacağını düşündüm. Bu barədə Sabirə Qoridən bir kağız yazıb, gələcəkdə "Molla Nəsrəddin" jurnalında iştirak etməsini məsləhət gördüm".

1917-ci il fevral çevrilişindən sonra Zaqafqaziya komissarlığının qərarı ilə Bakı Quberniyası və Dağıstan vilayəti xalq məktəbləri idarəsinin naziri (direktoru) vəzifəsinə təyin edilən, 1918-ci ildə Bakı Kommunası qurulanadək həmin vəzifədə çalışan Sultan Məcid Rusiyada baş verən siyasi proseslərdən sonra aktiv siyasi fəaliyyətə qoşulur. O,həmin ildə "İttihad- Rusiyada müsəlmanlıq" partiyasının qurucularından biri və təmsilçisi kimi əvvəlcə Zaqafqaziya seyminin, sonra Azərbaycan Milli Şurasının üzvü seçilmiş, İstiqlal Bəyannaməsinin qəbulunda iştirak etmiş, ilk milli dövlətin quruculuq işlərində və parlament iclaslarında fəal iştirak etmişdir. Sultan Məcid 1919-cu ilin avqustunda Xalq Cümhuriyyəti Parlament sədrinin müavini seçilmiş, bir sıra taleyüklü qanunların qəbulunda parlament iclaslarına sədrlik etmişdir. Qısa müddət Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi 2-ci hökumət kabinesində Dövlət nəzarəti naziri vəzifəsini də tutmuşdur. Parlamentdə müxalifətdə olan "İttihad" partiyasının təmsilçisi kimi iqtidarda olan "Müsavat" liderlərinə, xüsusən də keçmiş şağirdi Məhəmməd Əmin Rəsulzadəyə qarşı kəskin tənqidi mövqeyi ilə seçilmiş, sonralar qələmə aldığı " XIX əsrin axır illərində maarif və ədəbiyyata dair xatiratım" əsərində Xalq Cümhuriyyəti liderlərinin fəaliyyətini kəskin tənqid etmişdi.

Məhz bu dövrdə maarif və mədəniyyətimiz üçün çox əhəmiyyətli bir sıra qanunlar qəbul edilmişdi. Bu gün bir çoxları bilmir ki, Bakı Dövlət Universitetinin təsis edilməsi, 100 nəfər (hökumətin xaricdə təhsil almaq üçün göndərməyi qərarlaşdırdığı 100 tələbədən 99-u yola düşür. Onlardan biri- Miryusif Seyid Cənab oğlu Mir Abdullazadə qəflətən vəfat etdiyi üçün xaricə 99 nəfər gənc yola salınır- Elnur) azərbaycanlı gəncin xarici ölkələrdə təhsil almağa göndərilməsi, eləcə də, Azərbaycan vətəndaşlığı haqqında qanunlar onun parlament iclaslarına sədrliyi ilə qəbul edilmiş, həmin qanunlar bu böyük maarifçi və dövlət xadimi tərəfindən imzalanmışdı...

Yeri gəlmişkən, qeyd edək ki, Bakı Dövlət Universitetinin çox mürəkkəb bir tarixi olmuşdur. BDU yarananda Azərbaycanın milli kadrları az idi, demək olar ki, yox idi. On görə də təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti Bakıda dövlət universitetinin təşkili üçün Rusiya alimlərini dəvət etmiş və onların xidmətləri ilə Bakıda dövlət universiteti yaranmışdır. Dövlət universitetinin ilk rektoru Razumovski, ondan sonra Devidenko, daha sonra Qulyayev olmuşdur. Ancaq 1926-cı ildə BDU-nun rektoru, həmvətənimiz Tağı Şahbazi təyin edilmişdir. BDU yaranan vaxt qəbul olunan tələbələrin əksəriyyəti azərbaycanlı olmamışdır.

Professor V.İ.Razumovskinin 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı məqaləsində məlum olur ki, Bakı Dövlət Universitetinin yaranması təşəbbüsü Fətəli xan Xoyskiyə məxsusdur.

1920-ci ildə 27 Aprel çevrilişi zamanı bolşeviklərin tərəfinə keçən Sultan Məcid Qənizadə "Kommunist" qəzetinin 5 may 1920-ci il tarixli nömrəsində sovet hökumətinin platformasını qəbul etdiyini bildirən bəyanatla çıxış etmişdi. Yeni hökumətin başçısı Nəriman Nərimanovla dostluğu bu böyük maarifçini bolşeviklərin sovet hakimiyyətinin ilk illərində "İttihad" partiyasının üzvlərinə qarşı yönələn dəhşətli repressiyalardan xilas etmişdi. Yeri gəlmişkən, bir tarixi məqamı yada salmaq faydalı olardı. Bəllidir ki, Sultan Məcid Tiflisdə təhsil aldığı illərdə Nərimanovla tanış olmuş, bu tanışlıq əbədi dostluğa çevrilmişdi. 1891-ci ildə Bakıya gələn Sultan Məcid və Həbib bəyin qayğısı ilə əhatə olunmuş, xüsusi "Rus-tatar" məktəbinin bir otağı onun üçün mənzil kimi ayrılmış, məktəbdə işlə təmin olunmuşdu. Bu qayğı sonrakı illərdə Nərimanın ailəsi Bakıya köçdükdən sonra da davam etmişdi. Sonralar Sultan Məcid Nərimanovun rəhbərliyi ilə Bakıda ziyalılar özəyi, kitabxana və qiraətxana da təşkil edilmişdi. Onların dostluq və əməkdaşlığı Nərimanovun ölümünə qədər davam etmişdi.

Buna da bax: Ermənilər Sabirin kitabını necə çıxartdılar?

Bu münasibəti unutmayan Nərimanovun köməkliyi və himayəsi ilə 1920-25-ci illərdə Azərbaycan Xalq Maarifi Komissarlığında dərslik və sinifdənkənar oxu materialı hazırlayan şöbənin müdiri vəzifəsində çalışan Sultan Məcid bu illərdə aparılan dərslik islahatına rəhbərlik etmişdir. Nərimanovun ölümündən sonra Maarif Komissarlığından uzaqlaşdırılan Sultan Məcid bir müddət Bakı şəhər Xalq Maarifi İdarəsində inspektor, bir sıra texnikumlarda pedaqoji təcrübə rəhbəri kimi çalışmış, ömrünün son illərində Azərbaycan Sənaye İnstitutunda (indiki Neft Akademiyası) dərs demişdir.

Sultan Məcid öz ömrünün yarım əsrdən artığını (57 ilini) müəllimliyə və məktəb işinə həsr etmişdir.

Qeyd etdiyimiz kimi Nəriman Nərimanov tərəfindən himayə edilərək repressiyadan yayınan Sultan Məcid dostunun ölümündən sonra uzun müddət köhnə "Cümhuriyyətçi" kimi mənəvi təzyiqlərə və təhdidlərə məruz qalmış, nəhayət, 1937-ci ildə, 72 yaşında ikən repressiya qurbanı olmuşdur

Kommunist rejimi tərəfindən görkəmli maarif xadiminə qarşı törədilən bu qanlı cinayət sovet hakimiyyəti illərində uzun müddət millətdən gizli saxlanılmış, ölüm tarixi saxtalaşdırılmış, elmi ədəbiyyatda 1937-ci ildə güllələnən böyük maarifçinin guya 1942-ci ildə "vəfat etdiyi" barədə uydurma məlumat verilmişdir. 1956-cı ildə ona bəraət verilmişdir.

Şamaxı şəhər 1 nömrəli orta məktəb Sultan Məcid Qənizadənin adını daşıyır.

Sultan Məcid ədəbi yaradıcılığa Bakıda müəllimlik etdiyi XIX əsrin doxsanıncı illərindən başlamışdır. Onun xalq nağılları əsasında uşaqlar üçün yazdığı "Tülkü və Çaq-çaqbəy" mənzum hekayəsi (1894), "Məktubati- Şeyda bəy Şirvani" ümumi başlığı altında nəşr etdirdiyi "Müəllimlər iftixarı" (1898), "Gəlinlər həmayili" (1900) və rus yazıçısı A.F.Poqosskinin (1816-1874) eyniadlı hekayəsindən qismən təbdil etdiyi "Allah divanı" (1896) kimi əsərləri həmin illərdə yaradılmışdır. Onun 1891-ci ildə yazdığı "Qönçə xanım" adlı əsəri Azərbaycan dilində ilk tarixi dramdır. Təəssüf ki, əsərin əlyazması itmişdir. Onun tamaşasına icazə almaq üçün təqdim olunan variantı haqqında senzor rəyi qalmışdır. Senzor əsəri qadağan edərkən onun "yararsızlığını" əsaslandırmağa çalışmış və əsərin məzmununu pərdə-pərdə nəql etmişdir.

Sultan Məcidin ədəbi-pedaqoji fəaliyyəti də getdikcə daha da genişlənirdi. XX əsrin əvvəllərində bir-birinin ardınca onun "Lüğəti-rusi və müsəlmani" (1902), "Самоучитель татарского языка" (1902), "İstilahi-Azərbaycan" (1904) və müəllim Əliskəndər Cəfərzadə (1875-1941) ilə birlikdə fars dilində yazdığı "Kəlidi-ədəbiyyat" (1901) kimi elmi-pedaqoji əsərləri və dərslikləri nəşr edilir

Həbib bəy Mahmudbəyov yaratdığı teatrın aktyorları ilə birgə, 1888.
Həbib bəy Mahmudbəyov yaratdığı teatrın aktyorları ilə birgə, 1888.

Doxsanıncı illərdə Sultan Məcid Azərbaycan teatrının inkişafı sahəsində az əmək sərf etməmişdir. N.Nərimanov və H.Mahmudbəyovla birlikdə həmin illərdə o, Azərbaycan teatr truppasının fəaliyyətinə istiqamət vermiş, səhnəyə yeni həvəskarlar cəlb etmişdir. Məsələn, Azərbaycan teatrının böyük ustadı Hüseyn Ərəblinski səhnəyə Sultan Məcidintəşviqi ilə gəlmişdir. Ərəblinski 1898-ci ildə S.M.Qənizadənin rejissorluğu ilə "Sərgüzəşti-vəziri-xani- Sərab" komediyasının tamaşasında ilk dəfə səhnədə çıxış edib, mehtər Kərim rolunu oynamışdır. Rus dramaturgiyasını ilk dəfə səhnəmizə gətirmək şərəfi də Sultan Məcidə müyəssər olmuşdur. 1894-cü ildə o, L.Tolstoyun "Əvvəlinci şərabçı" pyesini tərcümə edib, həmin ilin may ayında Bakıda tamaşaya qoymuşdur ki, bu da Azərbaycan səhnəsi tarixinə rus dramaturgiyasının ilk tamaşası kimi daxil olmuşdur. "Əvvəlinci şərabçı"nın tamaşası səhnədə müvəffəqiyyətlə getmiş, tamaşaçılar mütərcimdən əsərin nəşr olunmasını xahiş etmişlər. Odur ki, Sultan Məcid xüsusi məktubla L.Tolstoydan icazə alıb, pyesi 1896-cı ildə nəşr etdirdi.

Tədqiqatçı Elnur M. Badalov.
Tədqiqatçı Elnur M. Badalov.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG