Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:05

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks "Üçüncü tərəf" hüququndan istifadə edərək, Avropa İnsan Hüquqları Məhkəməsinə (AIHM) müraciət göndərib.

Bu barədə Avropa Komissarı katibliyindən “Turan” Agentliyinə göndərilmiş məlumatında deyilir.

Buna da bax:​ Komissar: “Gənclərdən çox narahatam”

Xalid Bağırovun təqibinin səbəbi...

Müraciət AİHM-də vəkil Xalid Bağırovun səlahiyyətlərindən məhrum edilməsi ilə bağlı Azərbaycandan şikayətinə baxılması ilə bağlıdır.

“Vəkilin təqib olunmasına səbəb insan hüquqlarının müdafiəsində fəal iştirakıdır. Bilavasitə səbəb isə vəkilin 2014-cü ilin sentyabrında Şəki Apelyasiya Məhkəməsində İlqar Məmmədovun işi üzrə prosesdə iradları olub”.

Avropa Komissarı qeyd edib ki, Xalid Bağırov məşhur hüquq müdafiəçiləri, ictimai xadimlər Leyla və Arif Yunusun, Rəsul Cəfərovun, Hilal Məmmədovun hüquqlarını müdafiə edirdi. O, həmçinin jurnalist Xədicə İsmayılı müdafiə etməyə hazırlaşırdı. Amma lisenziyadan məhrum edildi.

Buna da bax: 'İlqar Məmmədova ittihamlar qaldırılmalıdır'

Tənqidi səslərin repressiyaları...

Avropa Komissarı qeyd edir ki, Azərbaycanda insan hüquqları sahəsində vəziyyət ciddi narahatlıq doğurur.

“Tənqidi səslərin repressiyaları, məhkəmə təqibləri Azərbaycanda geniş yayılmış haldır. Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində öz öhdəliklərini yerinə yetirmək iqtidarında deyil”, deyə Avropa Komissarının müraciətində bildirilir.

Avropa Komissarı həmçinin, rəsmi Bakının AİHM-nin qərarlarına məhəl qoymaması faktını qeyd edir.

“Vəkillərin öz öhdəliklərinin icrasından kənarlaşdırılması siyasəti hakimiyyətin onların peşə öhdəliklərinin qarşısını almaq üçün alətidir. Bunda ən çox insan hüquqları və görkəmli hüquq müdafiəçilərinin hüquqlarının müdafiəsi sahəsində işləyən hüquqşünaslar əziyyət çəkir”, deyə komissar qeyd edir.

Buna da bax:​ Avropa Məhkəməsi hökuməti 91 min avro cərimələdi

2015-ci il iyulun 10-da Nizami Rayon Məhkəməsi vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasından xaric olunması haqda qərar çıxarıb.

Məhkəmə Vəkillər Kollegiyasının iddiası əsasında belə bir qərar verib.

Qurum 2014-cü ilin dekabrında Xalid Bağırovun vəkillik fəaliyyətimə xitam vermişdi. Səbəb kimi onun Şəki Apelyasiya Məhkəməsindəki çıxışı göstərilmişdi. Vəkil özü o zaman mətbuata demişdi: “İlqar Məmmədovun vəkili olaraq Şəki Apelyasiya Məhkəməsindəki çıxışımda “Azərbaycanda ədalət yoxdur, ədalət olsaydı, məhkəmə ədalətsiz hökm çıxarmazdı” demişdim. Kollegiya bu hissəni dövlətçiliyə qarşı çıxış, vəkilliyi nüfuzdan salmaq kimi qiymətləndirib”.

Buna da bax:​ Avropa Məhkəməsinə gedən məktublar qeybə çəkilir

Son illər Azərbaycanda müxalifət və müstəqil jurnalistləri müdafiə edən bir neçə vəkil kollegiyadan çıxarılıb. Xalid Bağırovdan başqa Aslan İsmayılov, Elçin Namazov və Əlaif Həsənov da eyni aqibətlə üzləşiblər. Ancaq Azərbaycan Vəkillər Kollegiyası onların sifariş nəticəsində səlahiyyətlərinin alınması fikrini qəbul etmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG