Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:45

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksəkçinli sabiq əməkdaşlarının istintaqının yekunlaşdığı bildirilir.

Bunlar Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi Natəvan Mürvətova və başqalarıdır.

«Report»un əldə etdiyi məlumata görə, həmin şəxslərin vəkilləri cinayət işinin materialları ilə tanış olmağa başlayıblar.

Bundan başqa, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və bir neçə şəxsin cinayət işinin ayrıca icraata verildiyi qeyd edilir.

Onlar bütünlükdə Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə -mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.1, 181.3.2 (Quldurluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham edilirlər. Onlara habelə 228.4 (Qanunsuz olaraq silahı əldə etmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (hədələmə ilə rüşvət alma ) maddələri ilə ittihamlar irəli sürülüb.

MTN-in başqa bir sabiq idarə rəisi Akif Çovdarov və daha bir neçə nəfərin ayrılıqda məhkəməsi gedir.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksəkçinli əməkdaşı həbs olunub. Ötən ilin dekabrında bu nazirlik ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Həmin vaxt bu hadisələr ölkə mətbuatında ən müxtəlif şəkildə dəyərləndirilib. Ancaq, əsasən, iki versiya daha çox səslənib. Bir qisim yazarlar bunu sərvət uğrunda mübarizə, başqa yazarlar isə ölkənin rəhbər şəxslərinin telefon danışıqlarının gizlin dinlənməsinin üzə çıxması kimi dəyərləndirirdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG