Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:43

Yeni ildə Avropada dincəlmək Şamaxıdan ucuzdur


Yeni ilə təxminən bir ay qalsa da, ilsonu istirahətinə gedənlər indidən çamadanlarını hazırlayır. Özəlliklə Yeni il gecəsini evdə keçirmək istəməyənlər turizm şirkətlərinin təkliflərini gözdən keçirir. Amma ölkəiçi qiymətlər xaricdəkindən daha çox cib yandırır.

Azərbaycanda son beş ilə qədər qış turizmi o qədər də məşhurlaşmayıb. Ancaq bir neçə ildir Qəbələ, Quba, Qusarda açılan qış turizm obyektləri ölkə vətəndaşlarında da turizmin bu növünə maraq yaradıb. Bir-iki gün də olsa, bu məkanlara baş çəkmək çoxunun arzusudur. Yeni il paketləri isə sıravi azərbaycanlıya həmin bölgələri əlçatmaz edir. Çünki məhz Yeni ilə görə bu istirahət yerlərində bir neçə gün dincəlmək 1000 manatdan baha başa gəlir.

ƏN BAHALISI ELƏ «ŞAHDAĞ»DAKI OTELLƏRDİR

Turizm.az şirkətinin daxili turizm üzrə meneceri Sahib Ənsarov AzadlıqRadiosuna deyir ki, ölkənin şimal zonasındakı otellərdə Yeni illə bağlı bir nəfərlik istirahət 1000 manatdan baha başa gəlir. Özü də boş yerlər yoxdur:


«Hazırda ölkə daxilindəki otellərdə yerlərin 90 faizi dolub. Qış turizmi ilə bağlı Qəbələ, Quba-Qusar bölgəsindəki otellərdə qiymətlər 1000 manatdan başlayır. Ancaq ötən illərdən fərqli olaraq, Qəbələ bu il daha sərfəli qiymət təklif edir. Məsələn, Şamaxıdakı beşulduzlu otellərdən birində, ən azı, 3 gecə qalmalısan. Bir gecənin qiyməti 272 manatdır. Azı 3 gün qalmaq 816 manat edir. Yeni illə bağlı qala gecəsinə görə adambaşına əlavə 100 manat da ödənməlidir. Qəbələdəsə bir gecə də qalmaq olar. «Şahdağ»dakı otellərin bir gecəlik qiyməti 342 manatdan başlayır. Standart nömrədən söhbət gedir. Bir gecəsi 200-420 manata otellər də var. Qala gecəsinin də qiyməti ayrıdır. Yəni, sadəcə bu otellərdə 1026 manat otağın qiymətidir. Ən bahalısı elə «Şahdağ»dakı otellərdir. Bahalığına baxmayaraq, yerlər bir ay öncədən dolub».

Qəbələ. «Tufandağ» Qış-Yay Turizm İstirahət Kompleksi

Qəbələ. «Tufandağ» Qış-Yay Turizm İstirahət Kompleksi

Turizm şirkətləri Şəki, Balakən, Zaqatala tərəflərdəki otellərin daha ucuz olduğunu bildirir.

ANCAQ SƏHƏR YEMƏYİ DAXİL 1500 MANAT

Şamaxıdakı dağ və göl mənzərəli beşulduzlu otellər də zəngin müştərilərə hesablanıb. «Online travel» şirkətinin əməkdaşı Şəhla Hüseynova deyir ki, buraları seçənlər də az deyil:


«Dekabrın 31-dən yanvar 5-ə qədər 5 gecə üçün dağ mənzərəli iki nəfərlik standart otağın qiyməti 1410 manatdır. Göl mənzərəli otağın qiyməti isə 1560 manatdır. Dörd nəfərlik ikimərtəbəli kottecdə birinci cərgədə göl yanında 2 min 720 manat, ikinci cərgədə 2 min 500 manatdır. Qiymətə 6 gün qalmaq, səhər yeməyi, Şaxta baba, Qar qızın əyləncələri də daxildir».

Bu qiymətlərdə də ancaq səhər yeməyi var.

FİNLANDİYA TURU-1100 AVRO

Bölgələrdəki çoxulduzlu otelləri Avropaya səyahətlə müqayisə edəndə görürsən ki, Parisdə, Amsterdamda Yeni ili qarşılamaq daha ucuz başa gəlir. Turizm.az şirkətinin Avropa turları üzrə meneceri Nərminə Rzayeva söyləyir ki, bu turlarda ən bahası 1100 avroluq Laplandiya (Finlandiya) turudur:


«Praqaya birhəftəlik Yeni il turu 760 avrodan başlayır. Bura aviabilet, otel, qarşılanma, səhər yeməyi daxildir. Amsterdam turu 660 avrodan, Paris 790 avrodan, Laplandiya turu 1100 avrodan başlayır. Laplandiya turuna təyyarə bileti də daxildir. Xarici valyutayla müqayisə edəndə, otellərin qiyməti eyni qalıb. Aviabiletlərin qiyməti isə manatla aldığımızdan bahalaşıb. Devalvasiyaya görə təxminən 50 faiz bahalaşma var».

Praqa

Praqa

Bakı sakinlərinin Yeni il istirahəti haqqında hansı planları var? AzadlıqRadiosunun fikrini soruşduğu sakinlər deyirlər ki, çox bahalı olmasa da, nisbətən uyğun qiymətlərə ölkənin şimal bölgələrində dincəlmək istəyirlər:

- Qusara getmək istəyərəm. Heç o tərəflərdə olmamışam.

- Quba-Qusar maraqlıdır. Oralar yaxşıdır. Həm də qar olur. Getmək istəyərəm.

- İmtahanlar var, ona hazırlaşmaq lazımdır. Ancaq Yeni ildə əsas qardır. Ona görə qar olan yerə getmək planım var, məsələn, Gədəbəyə.

- Şamaxıda, Qəbələdə yaxşı istirahət mərkəzləri var. Bir neçəsində olmuşam. Qış maraqlı keçir. Oraya getmək planım var.

- Mən yazda da, qışda da öz rayonlarımızda, kəndlərimizdə oluram.

TƏLƏB VARSA, TƏKLIF DƏ VAR

Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov da ölkəiçi Yeni il turlarını baha sayır. Ancaq deyir, tələb olmasa, bu cür təklif də olmaz:


«Azərbaycanın istirahət yerlərindəki yataq sayı azdır. Neçə illərdir biz yeni turizm məkanlarının istifadəyə verilməsini arzulayırıq. Ancaq bu qiymətlər tələbə görədir. Təklif tələbin arxasından gəlir. Otellər də buna görə qiyməti qaldırır. Bunlar daha çox yüksəkulduzlu otellərdir. Özəlliklə, ərəb ölkələrindən, İrandan, Rusiyadan gələnlər çoxdur. Bu, ancaq varlıların istirahəti üçündürmü? Müəyyən qədər elədir. Ancaq daha ucuz qiymətlər təklif edən kənd turizmi də var. Gələn illərdə daha aşağı qiymətli otellərin olacağına da ümid edirik».

Turizm şirkətləri isə hələ ki, endirimli qiymətlərin təklif olunduğunu bildirirlər. Hazırkı qiymətlərin dekabrda bahalaşacağı gözlənilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG