Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:47

«Made in Azerbaijan» brendinin təşviqi, ölkədə biznes mühiti və Azərbaycan Xalq Cəbhəsi Partiyası fəallarının tez-tez inzibati qaydada həbs edilmələri bu gün medianın aparıcı mövzusudur...

MADE IN AZERBAIJAN

«Azərbaycan» qəzetində ««Made in Azerbaijan» brendi xarici bazarlarda uğurla təşviq olunur» sərlövhəli məqalə dərc edilib.

Məqalədə deyilir ki, bu ilin əvvəllərindən etibarən həyata keçirilən yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Müəllifə görə, bu sahədə yoxlamaların iki il müddətinə dayandırılması, lisenziya tələb edən fəaliyyət növlərinin sayının azaldılması və sahibkarların hüquqlarının qorunması ilə bağlı apellyasiya şuralarının yaradılması həyata keçirilən islahatların tərkib hissəsidir.

Məqalədə vurğulanır ki, bu yöndə islahatların hədəflərindən biri də ixracın genişləndirilməsi, «Made in Azerbaijan» brendi altında qeyri-neft məhsullarının istehsalı və xarici ölkələrə satışının təşviqidir.

Müəllif həmin məqsədlə dövlət başçısı İlham Əliyevin 2016-cı ildə imzaladığı fərmanları xatırladır: «Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönlü yerli məhsulların xarici bazarlarda «Made in Azerbaijan» brendi altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülməkdədir».

Müəllif vurğulayır ki, artıq şərab istehsalı və ixracı sahəsində ilkin uğurlar var. Çində və Honkonqda keçirilən sərgilərdə «Savalan» şərabı qızıl medal alıb.

Müəllif hesab edir ki, son illərdə özəl sahənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsulların istehsalının artmasına və ixrac imkanlarının genişlənməsinə səbəb olub.

Əsabəli Mustafayev

Əsabəli Mustafayev

CƏBHƏÇİ HƏBSLƏRİNDƏN DAD DEYƏN VƏKİLLƏR

Azadliq.info-da dərc edilən «Hər cümə günü bir cəbhəçi tutulur» sərlövhəli məqalədə vəkil Əsabəli Mustafayevin düşüncələrinə yer verilib.

Vəkil küçədə söyüş söyməkdə günahlandırılaraq 30 sutka inzibati həbs cəzası alan AXCP Gənclər Komitəsini üzvü İslam Sahiboğlu ilə yenicə görüşdüyünü bildirib.

Ə.Mustafayev İ.Sahiboğlunun həbsini əsassız sayır və rəsmi ittihamı «köhnə hamam, köhnə tas söhbəti» adlandırır.

Vəkil deyir ki, adətən belə həbslərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlər edilir. Nəticədə də Azərbaycan hökuməti növbəti dəfə cərimələnir: «Deyəsən, hökumət indiki və gələcək büdcələrdəki bütün avroları cəbhəçilərə xərcləmək istəyir».

Vəkil qeyd edir ki, adətən siyasi motivli həbslər cümə günləri həyata keçirilir. O, bunu heç də təsadüf saymır. Vəkilin deməsinə görə, belədə müdafiə işi çətin təşkil edilir: «Hökumət cəbhəçilərin tutulması üçün qrafik tərtib edib. Son aylar hər cümə günü bir nəfəri tutur. Mən də məcbur olub şənbə günü gedirəm cəzaçəkmə müəssisinə, həbsdə olanla görüşmək üçün».

Vəkil artıq istirahət edə bilməməsindən şikayətlənir. Ə.Mustafayevin bildirməsinə görə, bu həbslərlə bağlı apellyasiya şikayətlərini hazırlamaqdan ötrü ancaq şənbə və bazar günü vaxtı olur. Çünki bazar ertəsi artıq şikayət çatdırılmalıdır: «Topladığım məlumatlar əsasında şənbə və bazar günləri apellyasiya şikayəti tərtib edirəm ki, 1-ci gün məhkəməyə təqdim edim. Onsuz da, bu həbslər və Avropa İnsan Hüquqları Məhkəməsindəki işlər son 5 ildə bayram və istirahət günlərini vəkillərin əlindən alıb. Biz istirahətdən məhrum edilmişik».

Biznes

Biznes

ƏLVERİŞSİZ BİZNES MÜHİTİ

«Exo» qəzetində «Azərbaycan xarici biznesmenləri cəlb etmir» sərlövhəli məqalə oxumaq olar.

Yazıda xarici iş adamların Azərbaycana maraq göstərməməsi ekspert Rəşad Əliyevlə dəyərləndirilir: «Hətta daşınmaz əmlak sahəsində belə Bakı xarici biznesmenləri maraqlandırmır. Odur ki, regionlara maraq məsələsində danışmağa belə dəyməz. Ölkədə normal şərait yaradılmayınca və biznes mühiti dəyişməyincə, Azərbaycanın mənzil bazarına ancaq yerli tələb olacaq»,-deyə ekspert qeyd edib.

Rəşad Əliyev deyib ki, Azərbaycanın regionlarında biznesin inkişafına şərait yaradılmayıb. Onun fikrincə, xarici iş adamları kapitalın çox olduğu, normal iqtisadi və hüquqi şərait olan ölkələrdə biznes qururlar.

Amma bununla belə, müəllif qeyd edir ki, son illər Azərbaycana səfərləri sıxlaşan ərəb turistlərin mənzil bazarında qiymətlərlə maraqlandıqları müşahidə olunur. Məqalədə vurğulanır ki, ərəb turistləri daha çox Bakının mərkəzindəki evlər maraqlandırır və, əsasən, mənzillərin icarəyə götürülməsinə üstünlük verilir.

Müəllif yazır ki, əslində Azərbaycan coğrafi baxımdan turizmdən ötrü əlverişli mövqedə yerləşir. Ancaq ölkədə nə biznes mühiti əlverişlidir, nə də xarici kapitala ciddi qarantiya var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG