Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:29

Amerika şairlərinin yaratdığı nöqtə-vergülsüz, vizual şeirlər (Məqalə)


Babi Badalovun "Brancusi" adlı şeiri.
Babi Badalovun "Brancusi" adlı şeiri.

AZƏR ƏHMƏDOV

O qədər şey asılıdır sadəcə demək istədiklərimdən

(məqalə)

e.e.cummings, T.S.Eliot, William Carlos Williams və başqaları (Modernist Amerika şeiri)

1900-cu ildə, altı yaşlı e.e.cummings atasıına məktub yazır:

Ata əziz. Ol, sənin ata-yaxşı və yaxşı,
O indi yaxşı, yağış yağır görmək yaxşı deyil,
Ata əziz ol, o, əziz, yox ata əziz,
Sevgi, sən əziz,
Estlin

Amerikada yaşayan Azərbaycanlı şair və tədqiqatçı Azər Əhmədov.
Amerikada yaşayan Azərbaycanlı şair və tədqiqatçı Azər Əhmədov.

Harvard professoru ata oğlunun talantını həmən duyur, yazmağa həvəsləndirir balaca Estlini. Deyilənlərə görə 8 və 22 yaşları arasında e.e.cummings hər gün şeir yazır. Onun bu illərdə nə yazdığıını bilmirəm, amma 28 yaşıındaykən çap etdirdiyi “Zambaqlar və bacalar” adlı ilk şeir kitabından məlum olur ki, e.e.cummings özündən cəmisi 10-20 yaş böyük olan Amerika modernist şeirinin yaradıcıları Ezra Pound (1885-1972), Gertrude Stein (1874-1946), William Carlos Williams (1883-1963), Amy Lowell (1874-1925), H.D (1886-1961) kimi müəlliflərin çox güclü təsiri altında olub. Modern şeirin yaradıcılarıından söz düşmüşkən bu siyahıya bir nəfərin də adını mütləq əlavə etmək lazıımdır – T. S. Eliot (1888-1965), amma Eliot’un e.e.cummings’ə birbaşa təsiri barədə danışmaq çətindir. T. S.Eliot kimi e.e.cummings də keyfiyyətli məktəb təhsili görüb sonra da Harvardda oxumuşdu. Hər ikisi yaxşı təmin olunmuş ailədən çıxmışdılar; hər iksinin ailəsi unitarian kilsəyə mənsub idi; hər ikisi uşaq yaşlarından şeir yazırdı; hər iksinin inkişafinda və karyerasında Ezra Poundun təmənnasız mentorluğu və köməyi olub… Bütün bu oxşarlıqlara rəğmən poeziyaya baxışlarında və həyat tərzlərində tam əks qütblərdə dayanırdılar – T. S. Eliot şeirində də elitar və akademik idi; davranışlarında kübar və (başında həmişə Avropanın havası) bir qədər də Amerika mədəniyyətinə yuxarıdan aşağı baxan birisiydi. e.e.cummings isə tam əksinə, universitetdə oxuduğu illərdən üsyankar və vulqar təbiəti ilə seçilirdi, çoxlu içki içir, tez-tez strip klublara gedirdi. Deyilənə görə ingilis dilində “party” sözünü fel kimi ilk dəfə e.e.cummings işlədib. Şeirləri də erotik təsvirlərlə zəngin idi, bu səbəbdən redaktorlarla və ailə üzvləri ilə tez-tez konflikt yaranırdı...

Biz bu yazı boyu e.e.cummings şeirlərinin əsas cəhətlərindən bəhs edəcəyik, amma ilk kitabındaca bu cəhətlərdən ikisi artıq çox qabarıq biruzə veriridi özünü: 1) durğu işarələrindən imtina və 2) sintaksisi pozma.

Buna da bax: Müasir Amerika şeirində qafiyələr, sənsiz və mənsiz şeirlər (Məqalə)

Nöqtə-vergülün yazıda nə işi var?

Bu keyfiyyətlərin hər ikisini Amerika şeirinə (əsaslı şəkildə) Gertrude Stein gətirib. Artıq 60 yaşı keçdiyində, öz estetik prinsiplərinin xülasəsi olan məşhur “Yazıda durğu işarləri üzərinə” essesində (1935) Stein durğu işarələrinin hamısını – vergülü, qoşa nöqtəni, nöqtə-vergülü, nida və sual işarələrini, apostrofu və hətta nöqtəni bir-bir müzakirə edir;iddia edir ki, bu işarələr yazı üçün gərəksiz və zərərlidir. Qısa bir çıxarış vərək essedən: ”Mən ilk vaxtlar yazmağa başlayanda düşünürdüm ki yazı gərək davam edə, mən indi də düşünürəm ki yazı gərək davam davam davam edə və əgər yazı davam edəcəksə onda vergülün yazıda nə işi var, nöqtənin nə işi var hərfləri niyə balaca və böyük yazaq bir halda ki yazı gərək davam edə hiss edirdim və bu hiss mənim o vaxtlar yazıya ən dərin bağlılığım idi”. Sual işarəsi barədə deyir ki, yazıya mane olur o, çox eybəcərdir, elə bil ayrıca isimdir – “sual sualdır hamı başa düşür ki sual sualdır onda neynirik işarəni bir halda ki hamı bilir sual ordadır yazıda”. Nöqtənimüzakirə edib deyir ki, mən axı hələ yazmaq istəyirəm, niyə nöqtə qoyum? Yazmaqdan yorulanda qoyaram…

Amerika şairi E. E. Cummings.
Amerika şairi E. E. Cummings.

e.e.cummings’in məşhur şeirlərinin bir çoxunda durğu işarələri ilə bağlı yaxud hansısa başqa tipoqrafik novatorluqdan daha çox diqqət çəkən sintaksislə yaradıcı şəkildə davranmasıdır. Uşaqkən yazdığı məktubdan da göründüyü kimi e.e.cummings dil ilə iç-içə, sərbəst ünsiyyəti sevib. Amma yenə də məhz Stein’in təsirilə e.e.cummings bu sahədə daha yüksək bir artistik keyfiyyətə nail olur. Bir örnək: G.Stein 1913-cü ildə yazdığı şeirində işlətdiyi provokativ “qızıl gül qızıl güldür, qızıl güldür, qızıl güldür” misrasına (“Rose is a rose is a rose is a rose” – “rose” sözü həm addır, həm “qızılgül” deməkdir, həm “çəhrayı” deməkdir, həm də “qalxmaq” sözünün keçmiş zamanı “qalxdı” mənasını verir) özü belə şərh verirdi: “mən bilirəm ki, heç kim dəli kimi qızıl güldür, qızıl güldür, qızıl güldür demir, amma ingilis dilində mənim bu cümləmdən sonra ilk dəfə anlaşıldı ki, qızıl gül qırmızıdır!” Başqaları daha çox Stein’ı tənqid etməyə məsğul ikən e.e.cummings onun nə demək istədiyini “göydə tutur”, “qrammatikanı unudub kartofu düşünür”!

Vacibdir qeyd edək ki, durğu işarələrindən imtina etməsi və sintaksislə pozucu davranışı e.e.cummings’in yazıya və dilə diqqətsizliyi deyil. Tam tərsinə, e.e.cummings sözlərə, onların iç strukturuna, bir-birilə münasibətlərinə, dilin semantik ve praqmatik aspektlərinə o qədər fokuslanır ki, sanki bu fokuslanmada durğu işarələri və sintaksis ona mane olur, və məhz bununçün işarələri silib atır yazıdan, sintaksisi unudur, diqqətini sözlərə bütünlüklə verə bilməsi üçün. Bütün diqqətini verə bilməsi üçün! Bütün diqqətini! BŰTŰN DIQQƏTINI! BŰTŰN DIQQƏTINI!

“Hiss ki hər şeydən əvvəldir” adlı çox məşhur şeiri belə başlayır:

hiss ki hər şeydən əvvəldir

kim sintaksisə diqqət edirsə

səni tam öpə bilməz

Tərcüməmiz dəqiq deyil, ingiliscə variantı veririk:

since feeling is first

who pays any attention

to the syntax of things

will never wholly kiss you

Orijinalın tərcümədən əsas fərqi odur ki, yazılan cümlənin özündə də maraqlı bir sintaksis pozğunluğu var. Müəllif təkcə “sintaksisə diqqət edirsənsə mahiyyətə diqqətini tam verə bilmirsən” demir, həm də bunu göstərir; sintaksisi özü də pozur - diqqəti öpüşdəydi çünki, cümlədə yox! Amma işin başqa bir maraqlı tərəfi də var: e.e.cummings haqqında “sintaksisi pozur” demək azdır (və azdırıcıdır) – e.e.cummings əslində sintaksisi bəzən çox xəfif şəkildə pozmanın çox böyük ustasıdır! Bu mənada onun şeirləri həm də elə dilin sintaksis aspektlərini də tədqiq edir deyə bilərik.

Şeirin sonluğu da maraqlıdır:

həyat abzas deyil

ölüm də mötərizə.

Mötərizədən söz düşmüşkən: durğu işarlərindən imtinasına baxmayaraq mötərizələrdən bol-bol istifadə edir e.e.cummings, mötərizələri onun şeirlərində çox vacib bir artistik komponent kimi görürük. Mötərizə ilə jonqlyorluq etməsi müasir oxucunun yadına bir az da fransız romançısı Claude Simon’u salır. e.e.cummings’in şeirlərində başqa bir maraqlı cəhət böyük hərflərdən əsasən imtina etməsidir ki, burda da yenə G.Stein’in artistisizmindən təsirlər görürük. Hərfləri yalnız (daha çox) o halda böyük yazır ki, buna hansısa vacib bir fonetik yaxud başqa növ artistik səbəb olsun - bu barədə biz aşağıda ətraflı bəhs edəcəyik. Kiçik hərflərlə yazmasına rəğmən maraqlıdır ki, e.e.cummings öz adını hər zaman normalara uyğun, “E.E.Cummings” kimi yazıb; görünür ki, onun stilinə rəğbətlərindən naşirlər baş hərfləri kiçildiblər…

Fikir əcdadları

Pablo Picassonun Fransadaykən çəkdiyi amerika romançısı Gertrude Stein, 1905.
Pablo Picassonun Fransadaykən çəkdiyi amerika romançısı Gertrude Stein, 1905.

e.e.cummings’ə təsirindən danışarkən G.Stein’in özünün də təsirləndiyi mənbələri qısaca yada salaq: Gertrude hələ 1890-ci illərdə, Harvardda, psixoloq William James’in tələbəsi olur, onun təcrubələrində iştirak edir, hətta elmi məqalələr də yazır. James idrak problemi ilə məşğul olurdu və bununla əlaqəli dilin psixologiyasını tədqiq edirdi. Məsələn, James’in ideyalarından biri buydu ki, sözləri təkrar edəndə onların mənası dəyişir. Stein bu ideyanı ədəbiyyat müstəvisinə gətirib ondan bolluca bəhrələnir; ümumiyyətlə, Stein öz bədii yaradıcılığının ən azı ilk illərində həm də James’in psixologiyadkı ideyalarını tətbiq edib genişləndirməklə məşğul olur. (James funksional psixologiyanın banisi kimi tanınır, o, funksionallıq tərəfdarıydı, ona görə hər bir elementin öz funksiyası var; Gertrude, ehtimal ki, James’in bu ideyasindan təsirlənərək böyük-kiçik hərf məsələsində də funksionallıq arayırdı.)

Daha sonrakı illərdə düşüncənin dilə təsiri haqda Sapir-Whorf fərziyyəsi ilə dərindən maraqlanır Stein. Dilimiz düşüncəmizə necə təsir edir? Sapir-Whorf fərziyyəsi deyir ki, düşüncəmiz dilimizdən asılıdır, dildə bax bu sözlər (yaxud söz birləşmələri) var deyə biz də bax bu cür düşünürük, həmin o sözlər (söz birləşmələri) olmasaydı, biz də elə düşünməzdik. Fərziyyənin güclü versiyası (dilin düşüncəni təyin etməsi) müasir linqvistikada əsasən inkar olunur, zəif versiyası isə (dilin düşüncəyə sadəcə təsir etməsi) çoxları tərəfindən qəbul ounur. Stein da fərziyyəni ehkam kimi qəbul etmirdi, onu poetik müstəvidə bir şair kimi tədqiq edirdi. Bir fraqment: Stein’in 1914-cü ildə çap etdirdiyi (sayca üçüncü) kitabı “Yumşaq düymələr” adlanırdı. Biz “yumşaq” və “düymə” sözləri ilə tanışıq, bəs “yumşaq düymə” nə deməkdir? Normalda biz düşünərdik ki, bu sözlər bir yerdə işlənə bilməz, amma budur, gözlərimizin qarşındaca işlənib. Çaşdırır bizi bu, dilimizi heç tanımırmışıq ki. Bir anda hər şeyin əvvəlki mənasına şübhə eləməyə başlayırıq, “sanki zaman dayanır”! Stein anlayırdı ki, bir halda ki, dilimizdüşüncəmizə bu qədər təsir edir, onda dilimizin sərhədlərini genişləndirməklə biz dünyanı tamam yenidən dərk edə bilərik. “Əşyalar”, “Yemək” və “Otaqlar” adlı üç hissədən ibarət olan bu kitabda toplanmış şeirlərində Gertrude Stein “sozlərlə şeylər arasında yeni münasibətlər yaradırdı”.

Və nəhayət, Stein’in bəhrələndiyi üçüncü böyük mənbə rəssamlıqdaki kubizm cərəyanı idi – Gertrude xanım Picasso ilə yaxın dost idi. Picasso’nun sintetik kubizminə anoloji olaraq, Stein’a görə necə düşünürüksə (kəsik-kəsik) elə də yazmalıyıq! Məşhur “Necə yazmalı” kitabından (1931) bır çıxarış verək (kobud tərcümədir, amma qeyd edək ki, orijinal daha oynaq və daha “mənasız”dır): ”Rahatca və indicə. Necə yoxsa mənim. Cümlədir. Mənanı yaradıb yoxsa etmək. Indi yavaşca cümləyə başla. Necə tələsib o. O bir abzasdır çünki mənani hələ. Necə tələsib o.”

Bir tək Gertrude Stein deyildi, yuxarıda adlarını çəkdiyim Ezra Pound, William Carlos Williams, Amy Lowell, H.D də təsviri sənətlə yaxından maraqlanırdılar, məhz imagist (təsvirçi) şeirlər yazmaqla Amerika modern şeir məktəbinin fundamentini qoyurdular. e.e.cummings bu müəlliflərin arxasınca addımlayırdı, amma daha itiydi artistik baxışları. Bəlkə daha dərindən anlayırdı ki, şeir ədəbiyyatın başqa sahələrindən daha çox musiqi və rəssamlığa qohum olan bir sənətdir. Cəmisi bir neçə il əvvəl yaranmış sənət istiqamətlərini həmən mənmsəyib daha sistemli və abstrakt səviyyədə işləyirdi.

Göz-söz şeirləri*

Biz aşağıda imagist şeirlərdən geniş bəhs edəcəyik, amma e.e.cummings’in öz sələflərindən bir pillə irəli getməsinə örnək olaraq“şəkil şeir” janrında yazdığı məşhur bir nümunəyə diqqət edək.

l(a
le
af
fa
ll
s)
one
l
iness

Şeiri üfüqi formada yazaq: l(a leaf falls)onliness. Dörd söz var şeirdə! Mötərizə içərisindəki üç sözlü cümlə “yarpaq düşür” deməkdir, mötərizədən kənarda “tənhalıq” mənasını verən “loneliness” sözünü isə müəllif iki yerə parçalayıb. Bu dörd sözü yazmağın çox güclü vizual effekt verən yolunu tapıb. Yarpaq düşməsi tənhalığı xatırlatmırmı bizə?

Qayıdaq bir də oxuyaq. Bütün şeir görünüşcə “1” rəqəmini xatırladır, bu rəqəm də tənhalığın bir ayrı simvolu. Qoşa “l” hərfi də birhərfli “I” sözünə bənzəyir, “mən” sözünə. “le” fransız dilində kişi cins artiklidir, yenə də “bir” mənasını verir. Ilk sətirdəki “la” da fransız (və italyan, ispan) dillərində qadın cinsi artiklidir, o da “bir” mənasını verir. Ilk sətirdəki “a” da ingiliscədə artikldir, və yenə də “bir” mənasını verir. Şeiri aşağı-yuxarı, aşağı-yuxarı oxuyuruq, sanki təkrar-təkrar o düşən yarpağı izləyirik. Yarpaq düşür,mən tənha, tək yarpaq, tənha, mən bir, düşür, tək, mən, yarpaq, tənha düşür, bir, düşür, mən təkəm, yarpaq… aman Allah, ürək parçalayır bu şeir!

Qayıdaq bir də oxuyaq. Arda-arda sətirlərdə gələn bir-birinin tərsi “af” və “fa” nə deməkdir? Qadın və kişi cinsli artikllər “le” və “la”… Qadın və kişi varmiş bu şeirin içində! Ömrün payızı varmış. Yarpaq düşür.“Hər gün bir yarpaq düşür, bəzən də ikisi” – yox, bu deyəsən sonuncu yarpaqdır. Ölüm var bu şeirdə! Ölümdən söhbət gedir!!!

Mən “l(a” şeirilə bağlı yuxarıda bir az çəkinə-çəkinə “şəkil şeir” terminini işlətdim. Bu janrın başqa bir adı da “konkret poeziya”dır. Tarixi antik dövrlərdən başlasa da oturuşmuş bir janr kimi daha çox 1950-ci illərdə Latın Amerikası şairlərinin şeirlərində meydana çıxıb. Kobud desək, bu şeirlərdə görünüş həm də mənanı çatdırır. Deyəlim, alma haqqında bir şeir yazırsan və şeir özü də görünüşcə alma formasındadır.

Elə 50-ci illərdən gözəl bir nümunə verək:

Eugen Gomringerin şeiri.
Eugen Gomringerin şeiri.

Amma qeyd edək ki, konkret poeziya nümunələrinin bir çoxu “əldəqayırma” şeirlərdir, bəzən yaxşı, bəzən də pis mənada. Movzuya uyğun şəkil tapırsan, və buyur, oturub həvəslə üzərində işlə. Gözəl istirahətdir. “l(a” şeirini bu cür sadə (sadəlövh) konkret şeir (şəkil şeir) nümunələrindən fərqləndirmək lazimdır.

Qayıdaq bir də oxuyaq. Biz həm vizual, həm də verbal təsvirlərdən bəhs etdik. Şeirə ilk baxdığımızda vizual effektin təsiri altındayıq. Şeiri oxuduqca verbal effektlərin təsiri başlayır. “Aha, verbal və vizual effektlər bir-birlərini tamamlayır, eləmi?” soruşa biləsiniz -tam elə deyil; oxumağa başladığımız andan vizual effektlər əriyib yox olur. Şeirin çox kövrək bir struktura malik olduğu ortaya çixir. Şeiri oxuyanda çox vacib “bir”, “tək” konsepti diqqətimizdən yayınır, şeirə baxanda isə “yarpaq” və “tənhalıq” konseptlərini görmürük.e.e.cummings anlayırdı bunları, yetkin, özündən çox sonrakı 20-ci əsr filosoflarıni qabaqlayıb təkcə dili deyil, həm də təqdim (reprezentasiya) ilə məna arasındakı mürəkkəb münasibətləri poetik müstəvidə tədqiq edirdi! (məs. reprezentasiyanın interpretasiayalara açıq olub hansısa konkret bir mənani fiksə edə bilməməsi)

T.S.Eliot klassikləri oxuyanda W.C.Williams şəkillərə baxırdı

Amerikalı şair T. S. Eliot
Amerikalı şair T. S. Eliot

e.e.cummings’lə qısaca səyahətdən sonra müasir dövrümüzə gəlib çıxdıq. Qayıdaq bir də 100 il əvvələ. Amerikada modernist (xüsusi halda, imagist) şeirin ilkin yaranış dövrlərinə. Yazının əvvəlində T.S.Eliotla e.e.cummings arasinda apardığımız müqayisə daha çox söhbətə giriş üçün maraqlıydı bizə – 1910-cu illərdən başlayaraq çox dərin və kəskin sənət konflikti əslində T.S.Eliotla William Carlos Williams arasındaydı. “O məni iyirmi il geri saldı” – T.S.Eliot barədə şikayətlənirdi Williams, “o, oxucuları sinif otağına yığdı, şeiri onlara mühazirə kimi oxudu, mənsə oxucuları həyata çağırırdım, gündəlik danışıq tərzində danışmaq istəyirdim onlarla”. 1920-ci illərdə T.S.Eliot o dərəcədə ağırçəkili bir şairə çevrilmişdi ki, onun məsələn “The Wasteland” şeiri (1922) o dərəcədə beyinlərə hakim olmuşdu ki, Williams ədalətsiz olaraq kölgədə qalmışdı. Başqa müasirləri Avropanı - Parisi, Londonu dolaşmaqdaykən o, Amerikada qalib həkimliklə məşğul olmağı seçir. Təsviri sənətə dərin marağı vardı. Ədəbiyyatşünas Bonnie Costello’nun (Professor, Boston University) yazdığı kimi, Ezra Pound və T.S.Eliot klassikləri oxuyan zaman William Carlos Williams şəkillərə baxırdı… Williams’in poeziyasına giriş olaraq “Qırmızı əl arabası” adlı aşağıdakı şeirə diqqət edək:

o qədər şey

asılıdır

.

qırmızı əl

arabasından

.

yağış suyuyla

yağlanmış

.

yanında ağ

toyuqların

Bu şeir ABŞda əksər poeziya dərsliklərinə salınıb, barəsində bəlkə yüzdən artıq elmi-ədəbi konfrans çağrılıb. 100 ilə yaxın müzakirələrdən sonra hələ də öz sirlərinin hamısını açmayıb… Tərcümə şeirin onlarla maraqli keyfiyyətlərindən çoxunu qoruyub saxlasa da çoxunu da itirir. Dəqiqlik xatirinə şeirin ingiliscə variantını da veririk:

so much depends
upon
.
a red wheel
barrow
.
glazed with rain
water
.
beside the white
chickens

.

Nə şeirdir bu belə? Cəmisi on dörd sözlük və səkkiz sətirlik. Bircə cümlədən ibarətdir: ”ağ toyuqların yanındakı yağış suyuyla yağlanmış qırmızı əl arabasından o qədər şey asılıdr”. Müəllif bu bircə cümlədəki sözlərin yerini dəyişdirib, bir sətirdə yazmaq əvəzinə səkkiz sətirdə yazaraq şeirə çevirib cümləni. Şeirlə nəsrin arasında fərq nədir? – Mary Oliver’ə görə nəsr odur ki, sətri yazıb doldurursan, şeirsə odur ki, sətirləri qırıb alt-alta düzürsən. Bu qədər bəsit və kobud bir tərif bəlkə də ən dəqiq tərifidir şeirin. Şeir, ən azi texniki cəhətdən, sətirləri qırmaq sənətidir!

Yaxından diqqət edək: dörd bənddə verilib şeir! Ikinci bənddə “wheelbarrow” (əl arabası – kənd yerlərində “daşqa” deyilir bəzən) və üçüncü bənddə “rainwater” (yağış suyu) sözlərini bölüb iki sətirdə yazıb müəllif. Niyə belə edib? Sözləri parçalamaqla o sözlərin mənasınımı açmaq istəyir? - biz ki bu sözlərin mənasını bilirik! Bəlkə o əşyaları daha yaxından görməmizi istəyir?

Hanı bu şeirdə durğu işarələri, onlardan imtina etməkdə müəlllifin məqsədi nədir? Başqa bir sual: şeir niyə belə qısadır? Williams’a görə (imagist) şeir müzakirə və yaxud mühazirə deyil, hansısa bir anın üzərində konsentrasiyadır. Bu şeir bəlkə ona görə qısadır ki, əgər uzansaydı onda bir an yox çoxlu anlardan ibarət olacaqdı. Şeiri mümkün qədər tez oxuyub bitirməmizi istəyir müəllif – o qədər şey asılıdır bundan!

Sətirləri qırmaq bəzən pauza üçün lazımdır, bəzən də tam tərsinə, sürəti artırmaq üçün – oxucu növbəti sətirdə oxuyacağına tez çatmaq istəyir, buna məcbur, sövq edilir. Bəzənsə sətirlər hansısa bir sözün ortasında qırılır, oxucunu ayıq saxlamaq üçün, müəllifin təsvirləri oxucunun beynində daha da canlı qalsın deyə.

Williams məşhur “şeirdə yox şeydə ideya” (“no idea but in things”) tezisinin müəllifidir. Biz bu şeiri oxuduqca sətirdən sətirə təsəvvürümüzdə canlanır o səhnə. Bir rəssam ustalığıyla seçilmiş “qırmızı” və “ağ” rənglər, əl arabasının yağışla yağlanmış olması şeirdə deyilməyənləri də düşünməyə sövq edir bizi - həmin o həyəti, səmanın rəngini, havanın temperaturunu, həyətdəki ağacları düşünürəm mən (bir başqa oxucu başqa şeylər düşünür). Ən sonda beynimizdə yaranan təsvir bizə nə deyirsə, hansı duyğuları yaşadırsa şeirin mənası da odur! Ideya əşyalardadır, onların içində basdırılıb! O qədər şey asılıdır bizim şeiri qavrayışımızda o əşyaların doğurduğu assosiasiyalardan.

O qədər şey asılıdır bu şeirin metrik strukturundan. Yaxından diqqət edək: hər bənd iki sətirdən ibarətdir – hər bəndin birinci sətrində üç söz, ikincisindəsə bir söz var. Ikinci sətirlərdəki həmin o tək sözlərin hamisi ikihecalidir. Birinci sətirlərsə birinci və dördüncü bəndlərdə dördhecali, ikinci və üçüncü sətirlərdə üçhecali olub şeirə xüsusi bir simmetriya verir. Biz şeiri oxuyanda bu bəndləri yalnız görürük, eşitmirik, çünki bütün şeir bircə cümlədən ibarətdir. Müəllif heç nə demir şeirdə. Demək yox göstərməkdir məqsədi. Ikinci, üçüncü və dördüncü bəndlər təsvirdir, yalnız birinci bənddə nəsə deməyə başlayır kimi görünür, “o qədər şey asılıdır”, aha, nə? – amma çox ustalıqla yayınır nəsə deməkdən!

Şeirdəki iki əşyaya diqqət edək - əl arabası və toyuq. Niyə məhz əl arabası və toyuq? Nə asılıdır onlardan?Bəşər sivilizasiyası asılıdır deyə bilərsiniz, ən qədim dövrlərdən bizimlədir bunların ikisi də. Hər kəndçinin həyətində var bunlar. Amma hansı kəndçi nə vaxtsa Williams’ın bu xırdacıq cümləsini dilinə gətirib?

Imagist şeirin bir maraqlı cəhəti də odur ki, təsvrin doğurduğu (zəngin) fikirlərin, duyğuların hamısından sonra biz bəzən sanki o təsviri unudaraq da şeiri analiz edirik. Məsələn, bu şeirdə, qırmızı rəngi, ağ rəngi, yagışı unudub da, ən sonda, “axı nə asılıdır əl arabasından?” soruşa bilərik. Deyilənə görə həkim Williams kritik durumda olan kiçikyaşlı bir qızı müayinə edərkən pəncərədən bayıra baxıb, bayırda əl arabasını, toyuqları görüb. Bəlkə bir ümid arayırmış Williams bayırda? əl arabasından, toyuqlardan asılıymış qızcığazın həyatı? Məsələn, əgər o toyuqlardan biri sağa qaçsa sağalacaqmış, sola qaçsa solacaqmış qızcığaz – ümid bunamı qalıbmış? Yaxud mümkündürmü ki, heç toyuqların da məsələyə dəxli yoxmuş. Elə bir tək əl arabasından asılıymış hər şey. Bir tək əl arabasından! Gözlərini zilləmişmiş bu cansız əşyaya. Nə asılıymış axı ondan, nəymiş Williams’in düşündüyü? İndi adını dəqiqləşidrə bilmədiyim bir tənqidçinin dediyi kimi, bu şeirdən sonra Amerikada əl arabası artıq əl arabası deyil!

Mən özüm də təsvirçi şeirlər yazmışam və (o şeirlərə aldığım azsaylı reaksiyalardan da gördüyüm kimi) təsvirin gücünü yaxşı anlayıram. Uzun izahat vermədən bir şeirimi nümunə vermək istərdim:

Əlaqə

arvadım

nədir, indi boşanaqmı deyirsən

soruşur

və yadıma sən düşürsən

qonşumuzun evinin dalındakı

həyətin küncündə

dağdağanların

arxasında gizlənən

bəlkə məndən başqa

heç kimin toxunmadığı

yerə sürtülə-sürtülə

ağır-ağır açılan

taxta qapı

“Yadıma sən düşürsən qadın” gözlədiyi halda oxucu “yadıma sən düşürsən …. qapı” ilə qarşılaşır. Hamının (çoxlarının) həyatında, xatirələrində var belə qapı, çoxları üçün əzizdir. Mən Williams kimi hansısa sözü iki yerə bölmə, rəng kontrastları kimi priyomlardan istifadə etməmişəm, daha çox “qadın-qapı” psixoloji momentinə söykənib təsviri oxucunun beynində canlı saxlamagha çalışmışam; əlbəttə, təsvirdəki digər elementlərin də bu işə yardımçı olduğu ümidindəyəm. Qapı həm də metaforadır. (Williams’ın şeirində də metafora var, ”yağlanmış” sözü metaforadır.) Hara açılır o qapı? Boşanmadan sonrakı həyatamı? Məhkəmə, hakim, vəkil və s. barədə düşünməli olmalıykən bizi qapı barədə düşündürən, özümüzün də anlamadığımız daxili dünyamızamı? Amma metafora olduğunu bilə-bilə, duya-duya, oxucu həm də bir fiziki qapı düşünür, o qapının arxasında bəlkə bir balaca küçə, yol düşünür, o yolu təsəvvüründə canlandırır, o qapını özü açır o yola.

Sonra birdən anlayır ki, yazdığı əslində şeirdir

Qayıdıram Williamsa (ayrılmaq çətindir bu şairdən – hətta bir yazının sonuna qədər). Aşağıda, onun əvvəlki ilə müqayisədə çox sadə amma yenə də xeyli populyar olan şeirinə baxaq:

Sadəcə demək istədim ki

Mən

buzlu qabdakı

gavalıları

yedim

.

onları

ehtimal ki

sabah səhər yeməyinə

saxlamışdın

.

Bağışla məni

çox dadlıydılar

çox şirin

və soyuq

.

Nədir bu şeir? Adi bir not – çoxumuz mətbəxdə evdəkilərə belə notlar qoyuruq. Müəllif çox adi görünən bu notu niyə şeir kimi çap etdirib? Rəvayətə görə Williams bu notu yazıb arvadına qoyur, yatmağa gedir. Sonra birdən anlayır ki, yazdığı əslində şeirdir, tez mətbəxə qayıdıb yazdığını köçürür… Gavalını yeyib, yoxdu artıq, geri qaytara bilməz artıq baş vermiş olanı. Günah hissi keçirir. Şirin və soyuq gavalılar. Şirin və soyuq gavalılar. Şirin və soyuq… Kimdir şirin və soyuq? arvadımı?! Nədir keçirdiyi günah hissi?

Amerika şairi Ezra Pound.
Amerika şairi Ezra Pound.

Haşiyə: Mən bu yazını yaza-yaza yuxarıda adlarını xatırlatdığım Amerika modernistlərinin bioqrafiyaları barədə də çox düşündüm, oxudum. Təsəvvürümdə canlandırmağa çalışdım 100 il bundan əvvəli - gənc, sənət eşqiylə yaşayan, bir-birini axtarıb tapan, bir-birinə ədəbiyyatda və məişətdə hayan olan bu azadruhlu amerikalıları. Hamısı bir-birilə yaxın dostluq, yoldaşlıq münasibətindəydilər. Ezra Pound T.S.Eliot’u özüylə hər yerə aparırdı, naşirlərə təqdim edirdi, öz nüfuzunu onunçün xərcləyirdi. Eliotun (indi çox məşhur) şeirlərini redaktə edib gözəlləşdirməyə vaxtını xərcləyirdi. Amy Lowell pulunu xərcləyirdi dostlarına, öz hesabına imagist şairlərin şeirlərini toplayıb bir neçə antologiya çap etdirmişdi. Ezra H.D.-nin şeirlərini yaxşı jurnalların redaktorlarına izah edirdi, qoymurdu şeirlər geri qayıtsın, e.e.cummings’ə məsləhətlərini heç vaxt əsirgəmirdi, onilliklər ərzində yazışıblar Pound və e.e.cummings. Aralarında incikliklər də olurdu modernistlərin. Ezra ilə H.D. (Hilda Dolittle’dir adı) bir müddət sevgili də oldular, sonra Hilda atasının təkidi ilə ondan ayrılır. Amy Lowell bir az imagistlərin liderliyi uğrunda rəqabətə, bir az da Ezranın kobudluğuna görə küsüb ayrılır ondan. Dayanmadan siqar çəkən, bədəncə şişman, qəlbcə çox zərif bu xanım 51 yaşında vəfat edir. Ezra imagism’dən ayrılır, bir müddət vorticism cərəyanına qoşulur. Sonra deyəsən lap başını itirir - faşizmə güclü rəğbət bəsləyir, 1945-ci ildə, II Dünya Savaşından sonra həbs olunub ABŞa verilir. 1958-ci ildə həbsdən çıxır, amma təəssüf ki, yenə də ultrasag irqçi-faşist qruplara rəğbətini kəsmir. T.S.Eliot ailə münasibətlərini nəzərə almasaq nisbətən sabit və sakit bir həyat yaşayır. William Carlos Williams da normal bir həyat sürür, digər yoldaşlarından fərqli olaraq həm sənət mənasında, həm də fiziki olaraq Avropadan uzaq durur.e.e.cummings özü gənc yaşlarından kommunizmə rəğbət bəsləyir. 1930-cü illərdə SSRI-yə altı həftəlik səfər edir və bu səfərdən sonra öz mövqeyini dəyişir, qatı bir sağçıya çevrilir. Hətta ömrünün sonlarında McCarthyism’i müdafiə edir… Ezra Pound qrupdakıların hamısından sonra ölur. Qeyd edim ki, Ezra təkcə bu qrupdakılarla deyil, həm də başqa məşhur yazarlalra da yaxın ünsiyyətdə olub. Məsələn, E. Hemingway’in və J.Joyce’un taleyində də müsbət rolu olub (birinci Gertrude Stein’la da çox yaxın dost olub). Həm də qeyd edim ki, o dövr modernist şeiri bir tək imagistlərdən (və Gertrude Stein’dan, T.S.Eliotdan) ibarət deyildi. Ən azı (sərbəst janrda yazan) Carl Sandburg’i yada salmaq lazımdır hərçənd ki, sonuncu “modernist” terminini qəbul etmirdi. Haşiyənin sonu.

Musiqiyə şeirlə yaxınlaşmaq

e.e.cummings’in şeirlərinə qayıdaq. Onu müasiri olan digər modernistlərdən fərqləndirən əsas cəhət oydu ki, e.e.cummings təkcə yeni bir janr (məs. imagizm) yox, ümumiyyətlə yeni bir sənət yaratdığını düşünürdü, adına da elə “Yeni Sənət” (“New Art”) deyirdi. e.e.cummings’ə görə poeziya, təsviri sənət və musiqi bir idi, və o çalışırdı ki, çox yaxşı baş çıxartdığı bu sahələrin hər üçünü əhatə edən ümumi ifadə vasitələri tapsın.

Şeir musiqili düşüncədir – bu fikrin tarixi qədimdir, ən azı Leonardo da Vinci’yə, və hətta daha əvvələ, antik dovrlərə gedib çıxır. Bu fikrə zahirən çox bənzəyən amma daha modern və dərin bir fikir də var ki, e.e.cummings üçün əsl yaradıcılıq loqosuna çevrilmişdi: “şeir musiqinin aproksimasiyasıdır”. e.e.cummings’ə (və o dövrün, bir az daha əvvəlin bəzi Avropada şairlərinə) görə şeir səsdir, söz yox; sözlər səs çıxartmaq üçündür, sözlər işarələrdir! Amma e.e.cummings’in başqa artistlərdən fərqi də oydu ki, təkcə tezislər, artistik manifestlər irəli sürmürdü, həm də bir alim kimi yanaşırdı məsələyə; onunçün şeir təkcə elə musiqililik demək deyildi, özünə həm də sual verirdi ki, əgər beləysə onda şeirlə nə qədər yaxınlaşa bilər musiqiyə, bunun bir limiti varmı? Limitlərə, sərhədlərə çatmaq, onları yaxından görə bilmək, əllə toxunacaq qədər yaxın olmaq – həqiqi artistin vəzifəsi bu deyilmi?

Musiqini şeirlə daha və daha çox aproksimasiya etmək problemi üzərində düşünərək e.e.cummings “jest” konseptini irəli sürmüşdü. Yazırdi: “Danişilan söz adli bir şey yoxdur. Sözlər oxumaqdır. Biz jestlərlə danışırıq”. Mənim e.e.cummings’in bu tədqiqatlarının detallarına varmağa imkanım və bilgim yetərli deyil, amma yenə də bir neçə maraqlı cəhətə diqqət etməmizi istərdim: məsələn “təmiz jest” anlayışını daxil edirdi e.e.cummings. Bura musiqini, heç bir aydın forma nümayiş etdirməyən rəsmi, heç anlaşılmayan xarici dili aid edirdi. Jestin mürəkkəbliyi anlayışını verirdi, və buna əsasən də sənət əsərlərini (poeziyada, müsiqidə və təsviri sənətdə) Melodiya, Harmoniya və Orkestr olmaqla sadədən mürəkkəbə doğru üç qrupa bölürdü. Onunçün məsələn T.S.Eliotun bir çox əsas şeirləri orkestr idi.

Bundan başqa, e.e.cummings hecaları notlar saymaqla (musiqidəki notları poeziyadakı hecalarla əvəz etməklə) approksimasiya problemini həll etməyə çalışırdı, uzun müddət bunun üzərində işləyəndən sonra qərara gəlmişdi ki, (notlarınin sayının 12, ingiliscədə sait səslərin sayının isə 19 olduğuna görə) bu yanaşma çox da uğurlu deyil, problemi tam həll edə bilmir. Qeyd etmək vacibdir ki, e.e.cummings təkcə nəzəri cəhdlər etmirdi, nəzəri ideyalarına əsaslanan çoxlu şeirlər də yazırdı.

Ayrıca olaraq, e.e.cummings caz şeir janrının ən əsas yaradıcılarından biriydi. (Digər yaradıcıları arasında Lungston Hughes, Mina Loy, Vachel Lindsay kimi müəllifləri göstərmək olar; Ezra Pound və T.S.Eliotun da bu janrda şeirləri var. Caz şeiri ABŞda son illərdə Yusef Komunyakaa, Amiri Baraka kimi məşhur şairlərin sayəsində yeni bir mərhələ yaşayır.)

Buna da bax: Leyla Nənə. Vizual şeir

e.e.cummings əsas priyomlardan biri kimi tipoqrafik ritmlərdən istifadə edirdi – məsələn (normalda böyük hərfləri işlətməsə də) hərfləri tez-tez böyükdən kiçiyə, kiçikdən böyüyə dəyişə-dəyişə bir növ səsi artırıb-azaldırdı. Sətirlər üzərində göz gəzdirdikcə sözlərin sanki çırpınması effekti verir bu. Yararlandığı başqa bir vasitə isə onomatopoeia sözləriydi (bizim dildə cırıltı, xışıltı, xırçıltı, vızıltı və s. kimi səsləri ifadə edən sözlər – ingilis dili bu cür sözlərlə olduqca zəngindir). Daha başqa bir priyom kimi dialektlərə müraciət edirdi; hansisa bir dialekt sözü bizim şüurumuzda bəzən səslə birgə qalir, bu psixoloji momentdən yararlanırdi. e.e.cummings’in caz şeirlərindən bir nümunə veririk aşağida. Ümid edirik ki, ingiliscəni yaxşı hiss etməyən yaxud Afrika mənşəli amerikalıların dialekti ilə tanış olmayan oxucular da, elə bu şeirin görünüşündən, kifayət qədər zəngin təəssürat alacaq. Digər oxuculara isə şeiri bir neçə dəfə ürəklərində oxuyub sonra (bir dəfə dərindən nəfəs alaraq) səslə oxumağı tövsiyyə edirik (alçaldıcı söz olan “n sözünü” pozub “nixxxxs” kimi yazırıq; müəllif olduğu kimi vermişdi, bu barədə ictimaiyyətin anlaşılan təpkisi ilə də üzləşmişdi – William Carlos Williams bu məsələdə e.e.cummings’i müdafiə etmişdi):

Biz bu yazıda Amerika modernist şeirinin yaranma dövründən, iştirakçılarından qısaca bəhs etdik, bu modernist hərəkatın sütunlarından biri olan e.e.cummings üzərində dayandıq (adını bir dəfə də tam yazım: Edward Estlin Cummings). Qeyd edək ki, e.e.cummings olduqca məhsuldar bir yazar olub. Ilk kitabı(“Zambaqlar və bacalar” kitabından bir il əvvəl çap olunan kitabi) avtobioqrafik roman olub. Başqa nəsr əsərləri də var, amma poeziya sahəsindəki işlərinin sayı 2900-ə qədərdir! Imagist, avantgarde, eksperimental şair kimi taninsa da yazdığı şeirlərin çoxu ənənəvi (bir az modern ştrixlər qatılmış) şeirlərdir. Hər cürə metrik ölçülərə riayət edən sonnetləri, sevgi movzularında yazdiği lətif şeirləri var (“i carry your heart” şeiri xalq arasinda çox populyardir, məsələn). Bundan əlavə, e.e.cummings çoxlu erotik şeirlər də yazıb, bunlardan seçmələr “Erotic Poems” adli kitabda toplanaraq 2010-cü ildə nəşr olunub. Kitabda e.e.cummings’in özünün çəkdiyi erotik illistrasiyalar da toplanib.“may i feel said he” (“toxuna bilərəmmi dedi kişi”) şeiri şəxsən mənim ən çox sevdiyim şeirlərdəndir.

Şeirə xeyli müddət diqqətlə baxandan sonra

Bu yazını e.e.cummings’in başqa bir möcüzə şeiri ilə bitirmək istərdim. William Carlos Williams’ın “Qırmızı əl arabasi” qədər olmasa da bu şeir də çoxsaylı ədəbiyyatşünasların tədqiqat movzusu olub, kifayət qədər populyardır; hətta orta məktəblərdə (high schools) də tədris olunur:

Adını (“r-p-o-p-h-e-s-s-a-g-r”) saymasaq 14 sətirdən ibarətdir şeir – belə çixir ki, biz buna bir sonnet kimi baxmaliyiq… Şeirin sonuncu sətrində “grasshopper” aydınca yazılıb (“çəyirtkə” deməkdir). “grass”-“ot” və “hopper”-“hoppanan” sözlərindən düzəlib bu söz. Bundan əlavə, mənə maraqlı gəldi müşahidə edəndə ki, “grasshopper” deyilişdə “grasper” sözünə bənzəyir, “anlayan” mənasini verir.

Anlamağa çalışaq! Şeirə bir xeyli müddət diqqətlə baxandan sonra yavaş-yavaş gizlindəkilər üzə çıxır. Ilk sətirdə “grasshopper” sözü az qala tərsinə yazılib, sanki çəyirtkə arxası üstədir. Şeir boyu 4 yerdə yazılıb “çəyirtkə” sözü, elə bil ki, çəyirtkə yavaş-yavaş düzəlib formasını alır, və yalnız sonuncu sətirdə biz çəyirtkə yazılışını aydın görürük.

Yenə də bütün şeir bircə cümlədən ibarətdir: “grasshopper, who, as we look, now upgathering into himself, leaps, arriving to become, rearrangingly, a grasshopper" (kobud tərcümədə: “çəyirtkə, biz ona baxdığımız müddətdə, özünü yığıb-yığısdırır, tullanır, və təzədən düzələrək çəyirtkə formasını alır”). 3-cü sətir “a)s w(ə loo)k” çəyirtkəyə bir az bənzəyir deyəsən (“a” başı, “k” quyruğu – hələ tərsinə durub), amma 7-12-ci sətirlərdə biz çəyirtkəni çox aydın görürük:

Şəkildə “a” antennaya işarədir, “S” isə “sting”ə (quyruqdakı iti çıxıntı). Ortadakı “r” hərfi “rub” (“sürtmək”) sözünə işarədir, “leap” sözü həm “tullanmaq” mənasını verir, həm də çəyirtkəni tullandıran ayağı göstərir (şəkil və çəyirtkənin “anatomiyası” barədəki bu müşahidələr e.e.cummings’in araşdırmaçısı Max Nänny’nin məqaləsinə əsaslanır; həmçinin şeirin sonnet olması fikri də ona məxsusdur – bax: Max Nänny, "Iconic Dimensions in Poetry". In Richard Waswo (ed.) On Poetry and Poetics. © Gunter Narr Verlag, 1985.) “S” və “a” şeirin kənarlarına çıxıb, demək ki, uzun bir tullanış edir çəyirtkə.

Buna da bax: Rəssamlığın Orxan Pamuka öyrətdiyi 5 şey

Sonuncu sətirdəki yeganə “grasshopper” sözündən əvvəl vergül qoyulub, çəyirtkənin tullanışdan sonra üstünə qonduğu hansısa bir ota işarədir bu. Və də pauzaya. Həmin bu sonuncu sözdən sonra isə nöqtə-vergül qoyulub, şeirin sonunda. Demək hələ davam edir hərəkət, çəyrtkə bir də tullanacaq. Ilk sətirdə çəyirtkə hələ çəyirtkə deyil! Sətirdən-sətirə hoppana-hoppana gəlib axırıncı sətrə çıxıb, bir dəfə də şeirin içində uzun hoppanıb. Artıq özünü tamam yığıb-yığışdırıb, ayağanı yerə dirəyib, yenidən uzun bir tullanış etməyə hazırdır. Bu dəfə şeirdən kənara hoppanacaq! Təsəvvürümüzdə canlandırırıq bunu. Budur, çıxır artıq şeirdən. Qanadlarını açır. Havaya qalxır. Uçur. Biz arxasınca baxırıq. Və “çəyirtkə” sözünün mənasını başa düşürük.

-----------------------------

* Göz-söz şeirləri termini Nərmin Kamal tərəfindən təklif edilib.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG