Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:05

Freuda görə şüurun iki sahəsi var, biri bizə məlumdur, o biri yox...


Sigmund Freud öz kabinetində.

Sigmund Freud öz kabinetində.

Oxu Zalı XX əsrdə insan şüurunun sirrlərini açan, psixoanalitikanın əsasını qoymuş Sigmund Freud və onun məşhur qeyri-şüur konsepsiyası haqda məqaləni təqdim edir.

İnsan bilgisizliyə meyllidi.

Həyatın rahat, vərdişkar axışını pozacaq həqiqətlərdən və faktlardan xəbərsiz olmaq insana daha çox sərf eləyir, daha çox ürəyinə yatır. Yox, təbii ki, bu hamıya aid deyil, istisnalar da var. Ancaq əksəriyyət, kütlə haqqında əminliklə demək mümkündü: insanlar dəyişikliyi sevmirlər. Çünki dəyişikliklər (xüsusilə də inqilab kimi kəskin dəyişikliklər) alışılmış – çoxdan mənimsənilmiş, doğmalaşmış nizamın dağılması ilə nəticələnir.

40 yaşlı Sigmund Freud 1896-cı ildə Vyana psixiatrik və neyroloji cəmiyyətində araşdırmalarının nəticələri haqqında məruzə eləyəndə, məhz, belə bir dəyişiklik qorxusu ilə üz-üzə qalmışdı.

O araşdırmaların nəticələri dinləyicilərə qəbuledilməztəsir bağışlamışdı.

Freyd sakitcə, heç bir inqilabi pafos nümayiş etdirmədən, cəsarətlə iddia eləyirdi ki, nevroloji pozuntuların kökündə həmişə seksual istəklər yatır. Daha doğrusu, reallaşmamış seksual istəklər. Özü də adi yox, insanda hələ uşaqlıq dövründə meydana çıxan seksual istəklər...

Buna da bax: Freuddan sonra psixoanalizin ən görkəmli siması

Uşaqlıq? Bu lap ağ oldu...

Bəlkə də Freudin həmkarlarından çoxu insanın ruhi vəziyyətində seksuallığın oynadığı roldan qismən xəbərdar idilər (hərçənd bu barədə ucadan danışmağa belə cəsarət eləmirdilər, nəinki elmi məruzə hazırlamağa), amma uşaq,ya da infantil seksuallıqdan həmin dövrdə söz belə gedə bilməzdi...

Uşaq, körpə rəsmi olaraq mələyə bərabər tutulurdu və onda “böyüklərə xas iyrənc duyğuların olduğu”ndan şübhələnmək ölümcül günah işləmək, ya da,ən azı, Tanrı evində küfr söyləmək kimi bir şey idi.

Müasir dünyada hər üç internet istifadəçisindən birinin uşaq seksuallığının mövcudluğundan xəbəri var, ancaq XIX əsrin sonlarında – Freyd öz psixoanalizini yaradanda bu inanılmaz bir şey idi.

Sigmund Freudun Azərbaycanca kitabı.

Sigmund Freudun Azərbaycanca kitabı.

Lakin doktor Freudin iddiaları əsassız deyildi: o kəşfini gün işığına çıxartmazdan əvvəl uzun illər israrla, fasiləsiz öz pasientlərinin xəstəliklərinin ən dərin səbəblərini araşdırmağa çalışmış, bununla həkim kimi karyerasını qurban vermişdi. Yalnız, həmin xəstəliklərin seksual xarakter daşıdığı və köklərinin uşaqlıq dövrünə qədər uzandığı barədə çoxlu təkzibolunmaz faktlar əldə eləyəndən sonra açıq məruzə eləmək qərarına gəlmişdi. Yəni o, gəldiyi nəticələrin doğruluğuna qətiyyən şübhə eləmirdi. Bəlkə də məruzəni çaşqın-çaşqın dinləyən Vyana elmi icması hər şey bitəndən sonra ona gözlənilmədən tabu mövzuya toxunan təhlükəli dəli kimi baxanda Freydin sınmamasına elə həmin inam kömək olmuşdu: “Mən başa düşdüm ki, bu andan etibarən mən Gebbelin sözləri ilə desək, “dünyanı yuxudan oyadan”ların sırasına daxil olmuşam və obyektivlik, anlayış gözləyə bilmərəm. Amma mənim müşahidələrimin və çıxardığım nəticələrin tamamilə doğru olduğuna dair arxayınlığım günü-gündən artırdı. Buna görə də öz fərziyyələrimə inamım və mənəvi gücüm qətiyyən azalmırdı, bu vəziyyətin yekununu bilirdim. Mən son dərəcə əhəmiyyətli bir halı üzə çıxartmaq xoşbəxtliyinə nail olduğumu düşünməyə başladım və bu tapıntının dəyişdiyi taleyimi qarşılamağa hazırlaşdım” (“Psixoanalitik hərəkatın tarixi” 1914).

Freud artıq başa düşülməyən, öz zamanını qabaqlamış dahi rolu ilə barışmağa hazır idi. Bu dahinin işlərini onilliklər sonra tapacaqdılar. O vaxt ki, kimsə başqa biri dünyanı indi yersiz görünən bu yeniliklərlə tanış eləyəcək, onların rəğbətini qazanacaq. Bəlkə heç olmasa, onda Freudin adını da bərpa eləyəcək...

Freud hələ bilmirdi ki, qəbul olunmamağı əslində psixoanalizin inkişafına çox məhsuldar təsir eləyəcək.

Ona görə ki, birinci, yaranmış vəziyyət imkan verəcək ki, kənar şeylərə diqqət ayırmadan öz araşdırmaları ilə daha dərindən məşğul olsun. Ikincisi isə elmi ictimaiyyətin bu müqaviməti onun “sıxışdırılma və müqavimət” nəzəriyyəsinin ən parlaq örnəklərindən biri olacaqdı.

“Hazırkı hərc-mərcliyin, təşvişin içindən həmin tənha illərə baxanda daha çox gözəl, şərəfli bir zaman görürəm; o möhtəşəm tənhalığın, ingilislərin sözü ilə desək, öz cəzbedici tərəfləri vardı”.

Buna da bax: İnsan niyə müharibə edir? Einstein və Freud'in yazışması

KATARSİS

Beləcə, tərifi də (hərçənd tərifləyən yox idi), tənqidi də eyni laqeydliklə qarşılayan Freud işləməyə davam eləyirdi. Hərçənd buna tam laqeydlik demək olmazdı, çünki eyni vaxtda vəziyyəti araşdırmış, kəşfinin müasirləri tərəfindən mənfi qarşılanmasının, ya da ümumiyyətlə, heç bir reaksiya doğurmamasının əsl səbəblərini analiz eləməyi unutmamışdı.

PSIXOANALIZ NƏ İDİ?

Sigmund Freudun xəstələrini uzadıb danışdırdığı məşhur divanı.

Sigmund Freudun xəstələrini uzadıb danışdırdığı məşhur divanı.

Burda məsələ sadəcə seksual istəklərin oynadığı vacib rol deyil (həzzə can atmaq, libido). Məsələ ondadı ki, bu istəklər şüurdan Freudin şüuraltı adlandırdığı sahəyə sıxışdırılır. Şüuraltına sıxışdırılmaq (məsələn, böyüklərin qoyduğu qadağaların təsiri ilə; ya da hansısa başqa sosial, mənəvi-etik səbəblərdən), ancaq orda yoxa çıxmamaq... Əksinə öz gücünü qorumaq və sonra artıq böyümüş, yetişkin insanda özünü xəstəlik əlamətləri şəklində büruzə vermək. Üstəlik bu əlamətlərin sıxışdırılmış arzularla əlaqəsi eyhamın, eyham olunan predmetlə əlaqəsi qədər olacaq. Yəni bu əlaqə - birbaşa olmayacaq. Və ya (Freudin məşhur misalı) heykəllərin (abidələrin) ithaf olunduqları hadisələrlə nə qədər əlaqəsi varsa, o qədər. Çünki əgər bu və ya digər abidənin nəyin şərəfinə ucaldığını bilməsək, bəzən o “nəyi” düşünərək də tapmaq mümkün deyil. Xəstəliklərin əlamətlərində də vəziyyət eyni ilə belədi...

Freud bunu isteriyadan əziyyət çəkən şəxslərin müalicəsi ilə məşğul olanda tapmışdı. Məlum olmuşdu ki, onların hamısı, obrazlı desək, xatirələrdən əziyyət çəkirlər. Daha doğrusu, özünə məxsus daxili “abidələrdən”.. Və onların niyə yarandığı haqqında təsəvvürləri belə yoxdu. Səbəblər isə bir qayda olaraq aşağıdakılardı: belə pasientlərin bu və ya digər arzusu beynin şüuraltı qatına sıxışdırılıb. Çünki həmin arzu xəstənin çevrəsində qəbul olunmuş mənəvi-əxlaqi normalara zidd idi və belə arzunun gerçəkləşməsi, hətta sadəcə onu ağıla gətirmək belə həddindən artıq ağrılı, naqolay, narahat olub, həmin xəstənin normal yaşamasına əngəl yaradıb. Buna görə də sıxışdırma baş verib. Ancaq sona qədər yox. Bəzi şeylər üzə çıxmağı bacarıb.

Freud bununla bağlı əyani nümunə də göstərir: mühazirə zamanı auditoriyada səssizliyi və nizam-intizamı pozan tələbə. Onun ucbatından mühazirəni rahat dinləyə bilməyən digər tələbələr intizamsız yoldaşlarının qolundan tutub qapıdan bayıra çıxardırlar (auditoriyadan- yəni şüurdan bayıra- yəni şüuraltı qata). Sıxıldırılmanı həyata keçirirlər. Qapının arxasına stulları dirəyirlər ki, asanlıqla açılmasın. Buna müqavimət deyilir. Ancaq intizamsız tələbə sakitləşmir, var-gücü ilə qapını döyəcləməyə, içəridəkindən daha böyük səs-küy salmağa başlayır. Nəticədə artıq mühazirəni dinləmək tamamilə imkansız olur. Bu, artıq əlamətdi. Razılaşma əldə eləmək lazımdı. Psixoanalitiklər, məhz, bununla məşğul olurlar.

Freud müqaviməti dəf eləyib əlamətlərin gerçək səbəblərini üzə çıxartmaqdan ötrü ilk vaxtlar hipnozdan istifadə eləyirdi. Hipnoz olunan pasient öz xəstəliyi ilə keçmişdə olan hadisələr – hansı ki, sıxışdırılmanın baş verməsinə və hansısa namünasib bir arzunun yerdəyişməsinə səbəb olub - arasında çox asanlıqla əlaqə qura bilirdi. (Hipnoz vacib idi, çünki müqavimətin gücü ucbatından pasient normal, ayıq vəziyyətdə heç nə xatırlaya bilmirdi).

Hipnoz altında öz gizli arzularını yaşayan pasient, qədim faciələrin tamaşaçıları kimi katarsisdən keçərək sağalırdı. Freud buna “katarsis müalicəsi” adını vermişdi.

Buna da bax: S.Freud'in son günləri və sonuncu əsəri

HIPNOZDAN YUXULARA...

Sigmund Freud, Carl Jung bir qrup Avstriya alimləri ilə birgə.

Sigmund Freud, Carl Jung bir qrup Avstriya alimləri ilə birgə.

Lakin Freud hipnozu “şıltaq və mistik üsul” hesab eləyirdi, buna görə də ondan imtina eləmək qərarına gəlmişdi. Və tədricən, yeni bir metod hazırlamağa başlamışdı. Sonralar həmin metod bütün dövrlərin və xalqların psixoanalitiklərinin fəaliyyətinin təməli olacaqdı: Sərbəst assosiasiyalar metodu.

Pasientə - öz problemi haqqında fikirləşmək, daha sonra ağlına gələn ilk şeyi gizlətmədən, tərəddüdsüz həkimə bildirmək təklif olunur. Həkim diqqətlə dinləyir, dəqiqləşdirici suallar verir, pasientin danışdıqlarını analiz eləyir və yavaş-yavaş söhbəti sıxışdırılmaya səbəb olan vəziyyətə yönləndirir.

Bir qayda olaraq, pasientin ağlına gələn ilk fikir sıxışdırılmaya eyhamdı, yəni xəstəliyin əlaməti kimi o da sıxışdırılmış arzunun əvəzləyəcisidi.

Burda ən vacibi pasientin heç nəyi gizlətməməsidi: “O, tənqidi seçimdən tamamilə imtina eləməli və ağlına gələn hər şeyi danışmalıdı – onları mənasız, yanlış hesab eləsə belə. Xüsusilə də əgər həmin təsadüfi fikir onu narahat eləyirsə.. Bu qaydaya əməl eləməklə bizi sıxışdırılmış komplekslərin izinə salacaq materialları əldə eləyirik. Müqavimətin təsiri altında olan xəstənin qiymətləndirmədiyi və özündən uzaqlaşdırdığı bu fikir materialı psixoanalitik üçün mədən rolunu oynayır. Həkim adi yozum sənətinin köməyi ilə həmin mədəndən qiymətli metal çıxarda bilər”.

Elə bu məqamdan sonra Freyd yuxuyozmalara gəlib çıxır və yuxuların açıq məzmunu ilə gizli anlamlarını bir-birindən ayırır: “Xəstəlik əlamətləri kimi yuxular da mənəvi güclərin mübarizəsi nəticəsində yaranır. Yuxuların üzdə olan məzmunu şüursuz fikirlərin təhrifolunmuş əvəzləyicisidi. Sözügedən təhrif Mən-in müdafiə güclərinin - yəni ayıq vəziyyətdə sıxışdırılmış istəkləri şüur qatına buraxmayan müqavimətin nəticəsidi. İnsan yuxuda olanda isə şüur zəifləyir, lakin müqavimət o qədər güclü olur ki, qeyri-şüuri fikirləri maskalayır. Bunun sayəsində yuxugörən də öz yuxusunun anlamını dərk eləmir. Ancaq yuxuları yozmaq mümkündü. Bu zaman sərbəst assosiasiyaların izahında tətbiq edilən üsuldan istifadə olunur.

Psixoanalizin əsasları haqqında bu qədər kifayətdi. Daha çox bilmək istəyənlər Freudin 1911-ci ildə ABŞ-da oxuduğu Psixoanaliz haqqında mühazirələri ilə tanış olsunlar.

Bircə onu qeyd eləyək ki, biz Freudin təməl fikrinə çox yaxınlaşmışıq. Məhz, bu fikir psixoanaliz haqqında təkcə nevrotiklərin müalicə üsullarından biri kimi yox, həm də bəşəriyyətin bütün sonrakı mədəniyyətinə təsir edən dünyagörüşü kimi düşünməyə imkan verir. Yalnız xəstələr yox, sağlam insanlar da yuxu görürlər.

Yuxuların yozulması – Freudin sözləri ilə desək, beynin şüuraltı qatının dərkinə gedən kral yoludu. Ki, o, təkcə nevroz xəstələrinin yox, istənilən insanın psixikasının ayrılmaz hissəsidi.

Buna da bax: Sigmund Freud: "Dostoyevsky-nin əxlaqı barbar əxlaqını xatırladır"

LAZIMSIZ ƏDƏBIYYAT VƏ ELMI KÜFR

Hə, biz Sigmund Freudi 1896-cı ildə möhtəşəm yalqızlığı ilə baş-başa qoymuşduq. O, son dərəcə vacib kəşfinin müasirləri tərəfindən niyə qəbul olunmadığı haqqında düşünürdü. Amma bu o qədər də uzun çəkmir: “Psixoanaliz nəzəriyyəsi, mənə ətrafdakıların bu münasibətini psixoanalitik mühakimələrin zəruri nəticəsi kimi qiymətləndirmək imkanı verirdi”, - deyə Freud həvəslə yazırdı: “tapdığım əlaqələrin xəstə insanların şüurunda daxili affektiv müqavimət nəticəsində təcrid olunduğu fikri doğrudursa, deməli, sağlam insanlar sıxışdırılmış materialı kənardan məlumat şəklində alanda da eyni müqavimət yaranmalıydı”.

Başqa sözlərlə, Freud həmkarlarının davranışında sıxışdırılmanın parlaq nümunəsini görmüşdü. Onun paylaşdığı informasiya həmkarlarına sərf eləmirdi, onlara lazım deyildi. Çünki dünyanın onların təsəvvüründəki mənzərəsini dağıdırdı və insanları köhnə üsullarla sakitcə müalicə etmələrinə mane olurdu. Ümumiyyətlə, onlardan öz üzərlərində daha çox işləməyi, inkişaf eləməyi tələb edirdi. Dəyişiklik tələb edirdi. Üstəlik artıq daşlaşmış ictimai fikirlərə və aktual əxlaqi dəyərlərə zidd idi.

Həmkarları olan mühafizəkar həkimləri xəstələrlə müqayisə eləyən Freud deyirdi: “Yeganə fərq ondadı ki, xəstələri dərk eləməyə, müqavimətə qalib gəlməyə zorlamaq üçün məcburiyyət vasitələrindən istifadə eləmək mümkün idi. Özünü sağlam hesab eləyənlərə isə bu yolla komək etmək imkansızdı. O sağlam insanları obyektiv elmi yanaşmaya necə məcbur eləmək olar? Bu, həllolunmaz problem idi və onu zamana buraxmaq ən doğru çarə idi. Elm tarixində bu cür nümunələr çoxdu – başlanğıcda yalnız etiraz doğuran hallar bir müddət sonraqəbul olunurdu”.

Elə indi də elmə çoxlu bu tip örnəklər məlumdu.

Daşlaşmış stereotiplər üçün təhlükəyə çevrilən, xüsusilə də inqilabdan, mədəni normaların deformasiyasından xəbər verən hər şey başlanğıcda cəmiyyət tərəfindən hər zaman rədd edilir. Lazımsız, qeyri-aktual, normal həyatla uzlaşmayan bir şey kimi.

Məsələn, mədəniyyət üçün yeni, inqilabi dəyişikliklərin sorağını gətirən sənət əsərlərinin ilk vaxtlar məşhur olmaq şansı çox azdı. Demək olar ki, heç bir şansı yoxdu. Çünki belə əsər cəmiyyətin mövcud mənəvi strukturunun müstəqilliyinə təhlükə yaradır. Ona görə də “yersiz ədəbiyyat”, yersiz elmi nəzəriyyələr (fizikaçı Freeman Dyson onları çox dəqiqliklə “elmi küfr” adlandırıb) və mövcud çərçivələrdən kənara çıxan istedadlı yaradıcı şəxsiyyətlərin intellektual və mənəvi fəaliyyətinin nəticəsi olan digər hallar meydana çıxır.

Digər tərəfdən ilk dəfədən kifayət qədər böyük kütləvi uğur qazanan ədəbi nümunələr, musiqi əsərləri vəs. hər zaman aktual mədəni stereotiplərə və publikanın tələblərinə cavab verir. Necə deyərlər, “zamanın ruhunu əks etdirir”. (Əslində bütün pop mədəniyyəti - kütləvi mədəniyyət - elə bunun üzərində qurulub).

Sigmund Freud, 1938-ci ildə.

Sigmund Freud, 1938-ci ildə.

İlk vaxtlar Freud nə elmi cəmiyyətə, nə də geniş kütlələrə lazım deyildi. Onlara sərf eləmirdi. İnsanlar şüurlarının dərinliklərinə qovduqları problemlərini üzə çıxartmaq istəmirdilər. Onlar yüz illərlə yaşadıqları kimi yaşamağa alışmışdılar.

Lakin... Xoşbəxtlikdən, bütün canlı orqanizmlər kimi sosium da başlanğıcda “çətin həzm olunan” ideyaları mənimsəmək və həzm eləmək qabiliyyətinə sahibdi (əclaf insan hər şeyə alışır).

Buna görə də Freudin tamamilə real bünövrəyə malik olan virus ideyaları, tədricən, (20-30 il ərzində) tələbat yaratdılar və elə bir meynstrimə çevrildilər ki, onları inkar eləmək daha böyük ayıb sayıldı.

Buna da bax: Z.Freyd: "Sözsüz, müalicə üçün pul götürmədim"

Və Freudi qəbul elədilər. O məşhurlaşdı.

Bütün dünyada psixoanalitika cəmiyyətləri yaradılırdı. Freud Amerikada mühazirələr oxuyurdu.

O, elə sağlığında elmi kəşfinin bəşəriyyətə lazım olduğunu, nəinki lazım olduğunu, hətta yeni mədəniyyətin və yeni sivilizasiyanın bir parçasına çevrildiyini gördü. Axır ki, zaman ona çata bilmişdi.

Kütlələrin istəkləri, dövrün ab-havası və psixoanalizin əsasları üst-üstə düşmüşdü.

Dahi rəssam Salvador Dali ona təzim eləməyə gəlirdi, salfet üzərində portretini çəkirdi. Dahi pop-rəssam, pop-artın əsasını qoymuş Endi Uorholl onun portretini özünün məşhur “XX əsr yəhudilərinin on portreti” silsiləsinə daxil eləyirdi. Dahi pop-musiqiçi Jim Morrison məşhur “The end” mahnısında Edip kompleksinin əsaslarından danışır və bəyan eləyirdi ki, şüurla qeyri-şüur arasındakı bütün sərhədləri yox eləmək istəyir. (Çox güman ki, psixoanalizin nə olduğunu anlamayıb)...

Aparıcı elmi ideyaların necə kütləvi mədəniyyətin bir parçasına çevrildiyini izləmək çox maraqlıdı. Bu labüd və kifayət qədər təbii hal əyləncəli olduğu qədər də, faciəlidi. Çünki o ideyaların müəllifləri ya həmin anda artıq dünyalarını dəyişmiş olurlar, ya da hələ sağdılarsa, kütlənin onların ideyalarını necə təhrif elədiyinə baxıb dəhşətə gəlirlər...

Ya təhrif eləyirlər, ya da ən yaxşı halda anlamırlar. İnqilabi, avanqard ideyaları assimiliyasiya eləyəndə, onları özünün bir hissəsinə çevirəndə mədəniyyət (xüsusilə də kütləvi mədəniyyət)həmişə onları qabalaşdırır, sadələşdirir, hətta bəzən bayağı parodiyalarını yaradır.

Öz ixtirasının gələcəyini təxmin eləyən Freud deyirdi ki, o, təkcə tibdə lazım olmayacaq, həm də insanın azad olmasına kömək eləyəcək. Ancaq o, yalnız qismən haqlı idi. Əksər insanlar indi də şüuraltı qat, sıxışdırılma və müqavimət mexanizmləri haqqında müəyyən təsəvvürlərə sahibdilər. Hər şeyin şüurun nəzarəti altında olduğunu düşünmək insanlara hələ də sərf eləyir. Belə daha rahatdı çünki... Və psixoanalizin əsasları, mahiyyəti hələ də geniş publikaya yaxşı məlum deyil.

Müqavimət mexanizmi sadəcə güclü deyilmiş. O, insan təbiətinin elə bir parçasıymış ki, ondan qopmaq mümkün deyilmiş. Istənilən cəhd insanı öz quyruğunu dişləyən ilanın vəziyyətinə salır. İnsan öz Mən-ini nə qədər azad eləməyə çalışsa da, beynin şüuraltı qatı bu və ya digər dərəcədə dərkolunmamış qalacaq və qəflətən özünü göstərmək üçün bir yol tapacaq.

Əlbəttə, Tomas Mannın sözləri ilə desək, “analitik bilgi dünyanı dəyişir; ona ruhun tələlərini ifşa eləyən əyləncəli güvənsizlik, şübhə gətirir. Elə bir şübhə ki, bir dəfə oyansa, daha heç vaxt yoxa çıxmayacaq”.

Ancaq bu dəyişikliklər çox yavaş, hiss olunmadan baş verir. Və Freudin nəzərdə tutduğu nəticəyə çatıb-çatmayacaqları məlum deyil. Ümumiyyətlə, bu, bəşəriyyətə lazımdımı?

Müəllif: Gleb Davıdov

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG