Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

«Kanal-13» internet televiziyasının əməkdaşı Teymur Kərimov noyabrın 24-də Bərdədəki qaçqın şəhərciyində su problemi ilə bağlı çəkiliş apararkən saxlanıb. Bunu AzadlıqRadiosuna kanalın icraçı direktoru Əziz Orucov bildirib.

Onun bildirməsinə görə, qaçqın şəhərciyində T.Kərimov bəzi öyrədilmiş şəxslərin fiziki zorakılığına məruz qalıb: «Məsələ bununla da bitməyib. T.Kərimov polis şöbəsinə aparılıb. Burada T.Kərimova zorakılıq edənlər guya jurnalistin onlara fiziki zorakılıq etdiyini bildiriblər. Düzdür, hələ ki, bu informasiya dəqiq deyil, amma T.Kərimova xuliqanlıq maddəsi ilə ittiham irəli sürülməsi barədə xəbərlər alırıq».

Ə.Orucov hesab edir ki, T.Kərimov qaçqın şəhərciyində hər hansı qanunsuzluğa yol verməyib: «Jurnalist kimi peşə borcunu yerinə yetirib və bu təzyiqlər faktiki jurnalistin peşə fəaliyyətinə qarşı yönəlib. Hesab edirəm ki, bu, bütünlükdə «Kanal-13»ə yönələn təzyiqlərdir, bəzilərinə sərf etməyən həqiqətləri ortaya qoymağımızın nəticəsidir. Amma biz də sadəcə seyrçi olmayacaq, qanunun bütün gücü ilə əməkdaşımızın haqlarını qoruyacağıq».

Ə.Orucov bildirib ki, noyabrın 24-ü axşam T.Kərimov sərbəst buraxılıb, hazırda Tərtərdə ailəsinin yanındadır.

CİNAYƏT İŞİ AÇILIB?

Hazırda Tərtər rayonunda olan Teymur Kərimov bildirib ki, Bərdə rayonunda reportaj hazırlayarkən bir şəxs onu təhqir edərək itələyib: «Sonra məni polis şöbəsinə gətirdilər. Həmin şəxs polisdə məni yenə söydü, guya mən onu vurmuşam. Həmin ərazinin Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbəri, qaçqınlar idarəsinin nümayəndəsi şahid durdular və mənə qarşı döymə maddəsi ilə iş açdılar. İzahatımı aldılar, çəkdiyim bütün materialları videokameramın yaddaşından sildilər, yaddaş kartımı götürdülər. İzahatımda da yazdım ki, bunlar mənim jurnalist fəaliyyətimə qarşı yönəlib, təhqir olunmuşam, mənə qarşı zor tətbiq ediblər», - Teymur Kərimov qeyd edib.

Bərdə rayon polis şöbəsinin növbətçi hissəsindən «Amerikanın Səsi»nə bildiriblər ki, noyabrın 24-də hər iki şəxs saxlanıb və qısa zamanda buraxılıb. «Jurnalistə qarşı təhqirdən, fiziki güc işlətməkdən söhbət gedə bilməz. O qanunvericiliyə uyğun olaraq polis şöbəsinə gətirilib və izahatı alınaraq azad buraxılıb», - növbətçi deyib.

Bununla yanaşı, növbətçi hissədə jurnalistə cinayət işinin qaldırılıb-qaldırılmamasına aydınlıq gətirilməyib.

«Kanal 13» internet TV 2008-ci ilin 10 oktyabrından yayımlanır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG