Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Qarabağ savaşında öldürülmüş pilotun yarımçıq eşq hekayəti...


Azerbaijan -- crash of helicopter - Anspress.com, November 20, 2013.

Azerbaijan -- crash of helicopter - Anspress.com, November 20, 2013.

"...Bir neçə il urusetdə yaşadıq. Qarabağ savaşını eşidər eşitməz Sahib gəlib könüllülərə yazıldı.
Axırıncı dəfə evdən çıxanda baxışlarım üzünə zilləmişdi. Elə bil nitqim tutulmuşdu. Baxışımdan tutdu: -Hə, bilirəm, həmin günə özümü çatdıracam -dedi".

Qalib Şəfahət

SEVGİ GÜNÜ (hekayə)

Azerbaijan - Azeri poet Galib Shefahet, undated

Azerbaijan - Azeri poet Galib Shefahet, undated

Darxırdı, çox darxırdı. Darıxanda portretin qarşısında dayanır, əllərini stola dirəyib diqqətlə gözlərin portretə zilləyirdi. Ötüb keçənlər bir anlıq kino lenti kimi gözünün qarşısında canlanırdı. Bir vaxtlar bu baxşlardan həzz aldığı çağlar indi necə də çox-çox uzaqlarda görünürdü. Ona elə gəlirdi daha hər şey onun üçün portretləşıb. Stolu cəkib oturdu. Gözünü portretdən çəkmirdi. Dərindən köks ötürdü. Ələrini sifətinə dirəyib dərin düşüncələrə dalmışdı:

-O vaxtdan çox illər keçib, özüylə nə qədər yaxşı və pis günləri yuyub aparıb. Elə bilirsən olub keçənlər dünən baş verib. Oturub fikirləşirsən, görürsən, aradan böyük bir zaman kəsiyi keçib. O illəri vərəqlədikcə vərəqləyirsən, kimləri görmürsən orda? Ən yaxın, dost-doğma adamlarını...

Buna da bax: Qalib Şəfahət. Hamilə (novella)

Hərdən elə olur ki, olub-keçənlər gözlərinin qarşısnda canlanır. Özünü o günlərin içərisində elə xoşbəxt, elə xoşbəxt hiss edirsən ki, bir anlıq uşaqlaşırsan, özünü totuq, bapbalaca bacı-qardaşlarının, tay-tuşlarının, doğmalarının, qəlbinə ən yaxın buraxdığın adamın əhatəsində hiss edirsən. Ata-ananın səniı necə şirin-şirin əzizlədiklərini, özünü körpə sevinci ilə onların qucaqlarına necə atıldığını görürsən... Qəflətən, elə bil, dərin yuxudan ayılırsan, görürsən ki, o xoşbəxt günlər quş kimi çoxdan uçub gedib, daha bir də olmayacaq, heç zaman qayıtmayacaq.Hər şey daha həmişəlik sönərək uzaq keçmişdə qalıb. Bax onda ötən günlər qəlbini öz ağrısı ilə sızım-sızım sızıldadıb göynədir. Amma o sızıltını, o göynərtini ən parlaq sevincə də belə dəyişmək istəmirsən.

...Ehhh! Özümü aldada-aldada, özümdən xəbərsiz, bir gözümdə cavanlığım öldü, o bir gözümdə ümidlərim. Amma bu vaxta qədər gəlib çıxa bildim. Zamanın gərdişi qarşısında əyilmədim Sahibim. Nə qədər sarsılsam da, ağır sınaqlarla üz-üzə qalsam da, özümdə güc tapa bildim.

Bilirsən, bircə, reallıqla barışa bilmədim, mən inanclarla yaşadım, məni inanclar yaşatdı. Daha doğrusu inanclarla özümü yola verməyə çalışırdım, inanclar məni ovundururdu.

Sənin yoxluğuna heç vaxt inanmadım ki... Hər vaxt yolunu gözlədim. Elə bilirdim uzaq səfərə çıxmısan, bu gündə, sabahda, ya o birsi gündəmütləq qayıdıb gələcəksən. Yenə bizim xoşbəxt günlərimiz başlayacaq... Bax beləcə həqiqətdən çox inancların əlindən yapışdım.

Yadındadı, onda, ilk dəfə sevgi günümüzü qeyd edirdik, qəflətən söhbətin şirin yerində dedin ki, “zamana etibar yoxdu, ola bilər, nə vaxtsa mən olmaya bilərəm, amma bilirəm bu günü heç vaxt unutmayacaqsan. Bu gün bizim üçün ən müqəddəs gün hesab olunur”. Bax onda mən tutuldum. Qəfltən dediyin sözdən elə bil beynimdə şımşək oynadı. Özümü saxlaya bilmədim, hönkür-hönkür ağladım və hirislə dedim:

-Bilirsən, mən sənsiz bircə gün də artıq yaşamaq istəmirəm! Mən sənsiz yaşamaq istəmirəm!

Məni sakitləşdirə bilmirdin. Uşaq kimi könlümü almağa çalışırdın:

-Əşi, sənə nə oldu, zarafat edirdim, -dedin. - Sən də hər şeyi ciddiyə alırsan. -Əlini əlinə vurub bərkdən güldün. Hiss elədim mənim qəlbimi almaq üçün nəsə quraşdırmaq istədin, amma alınmadı, çox şit göründü. Mən də üstünü vurmadım. Amma elə bil qəlbinə damıbmış. -Kim bilir sabah kimin başına nə gələcək. –dedin, amma, deyəndə gözlərin doluxsundu. -Mən münəcciməm ki, gələcək haqında nəsə deyə biləm? Bir söz idi, ağzımdan çıxdı.

Sonra cibindən dəsmal çıxarıb göz yaşımı sildin. Əllərini saçımda gəzdirdin, boynumu qucaqladın. Onda əllərini saçımda gəzdirdikcə bilirsən necə xumarlanırdım, əllərinin hərarətini saçlarımda hiss etdikcə özümü necə xoşbəxt hiss edirdim. Elə bilirdim bu tumar tam bambaşqadır, bu tumarı heç nə əvəz edə bilməz.

Özün də kövrəlmişdin, bax, onda dedin, “bilməzdim məni bu qədər sevirsən”. -Amma çox heyif, mən sənsiz yaşadım, özü də çox yaşadım, düz 25 il.

***

Neçə vaxt idi xəstəliklə vuruşa-vuruşa balalarının yolunu gözləyirdi:

-Nə olsun ki, xəstəyəm? Məyər, hər xəstə olanda onları narahat etməliyəm? Yox, yooox, onları niyə narahat edim? Anası ölmüşlərin heç boş vaxtları olur ki? Onsuz da yaxın günlərdə özləri gələcəklər. Yəqin işlərini-güclərini sahmana salırlar. Planlarını niyə pozum? Hər dəqiqə zəng edib narahat eləməli deyiləm ki? İş adamıdılar!

Gözləri çox uzaqlara baxırmış kimi bir nöqtəyə zillənib donmuşdu. Baxışları çox ölgün, yorğun görkəm almışdı. Xəyalları ondan çox uzaqlara gedib gəlirdi. Gözlərinin gilələri elə bil dərin çuxura düşmüşdü. Ətrafa göz gəzdirdikdə göz qapaqları asta-asta qalxıb enirdi. Bir neçə gündə sifətində köhnə qırışların yanında, təzə qırışlar peyda olmüşdü. Qar kimi dümağ saçları bir neçə gün idi daranmadığından başının ortasında pıpızlanmışdı. Sifətindəki nığarançılıq, narahatçılıq qatardaq qalmış adam görkəmini almışdı.

-Yooox, bu dəfə balalarıma hər şeyi açıb deyəcəm! Mütləq deyəcəm! Nə bilmək olar eyy, bu gündən sabaha etibar var ki...

Neçə vaxt idi ki, Sənəm xalanın gözünə yuxu getmirdi. Xəstəlik onu günü-gündən üzüb əldən salmışdı. Daha xəstəlik ona güc gəlirdi. Ayaqları günbəgün şışırdı, ürəyində tez-tez döyünmələr, ağrılar baş qaldırırdı. Gözünü yuman kimi ağrı qılınç kimi köksünə sancılırdı. Yerində ilan kimi qıvrılırdı. Həm ağrıdan, həm də yuxusuzluqdan çox əzgin, yorğun görünürdü.

Özünü pis hiss edəndə təzyiq dərmanını içirdi. Bu dərmanı qız alıb vermişdi ona. Özü də bərk-bərk tapşırmışdı.

-Ana sənin əsas dərmanın budur. Dərmanını atmağı unutma.

Sonra da bir balca gileylənmişdi.

-Neyləyim, ay ana, həkim olsam da əlim çatmır ki, vaxtlı-vaxtında qulluğunda dura bilmirəm. Sən də tərsliyinə salmısan, nə qədər yalvarırıq, dil tökürük, bizimlə gedəsən, elə dediyini deyirsən, getmirsən ki, getmirsən. Bilmirəm nə tapmısan bu evdə tək oturmaqdan? Elə bilirsən narahat olmuruq? Biz də tez-tez gələ bilmirik. Mənim də, qaqaşın da işi başından aşır. Heç əməlli-başlı ev üzü görə bilirik ki? Heç olmasa mən axşamlar evə gələ bilirəm. Onun gecəsi-gündüzü göylərdədi. Heç əməlli-başlı uşaqlarının üzünü də görə bilmir.

Evdən çıxanda anasına bərk-bərk tapşırmışdı:

-Ay ana, özün narahat hiss etsən telefon əlinin altındadı, həmin dəqiqə zəng elə, quşun qanadında da olsa özümüzü çatdıracağıq.

Dərmanını içib, kövrəldi:

-Ehh, ay qızım, daha verdiyin dərmanlar da mənə kömək eləmir.

Dərmanın üstündən bir qurtum su içib dərindən nəfəs aldı:

-Neyləyək balalarım, təki siz xoşbəxt olun. Təki başınız yaxşı işlərə qarışsın, səsiniz-sorağınız lap ucalardan gəlsın. Mənə bənd olmayın, mənə nə var eyyy, bir təhəri başımı girələyəcəm.

.

***

-Niyə belə etdin , Sahib, niyə? Niyə gözümüzü yolda, qəlbimizi intizarda qoydun. Heç bilirsən, iki balan ürəyi qırıq böyüdü?.. Atasız böyümək necə ağır dərddi! Başqaları ata deyəndə onlar boyunlarını büküb bir kənara çəkilərdi. O anda onların üzünə baxa bilmirdim. Elə bilirdim mənəm günahkar. Mən onlardan da çox həsrət, qəm-kədər içində çabalayıram. Birtəhər canımı dişimə sıxıb dözürdüm. Istəmirdim kimsə balalarıma yetim kimi baxsınlar. Ürəkləri sınıq böyüsün. Nə qədər hiss etdirməsəm də sınan qəlbə calaq vurmaq mümkün deyildi.

Şükür Allaha, birindən pis yaşadılarsa da, beşindən yaxçı yaşadılar, pis-yaxşı oxuyub əlləri bir yana çatdı.

Qorxurdum, çox qorxurdum, verdiyim vədləri yerinə yetirə bilməyəm. Tək qadın xeylağı idim, mənim üçün çox ağır idi.

Bilirdim ki, o, mənə arxayın idi, yoxsa, bu iki uşağın axırı necə olacaqdı? Kim oxudub, əlini bir yana çatdıracaqdı?

Yaman yorulurdum. Hər yorulanda onunla baş-başa qalıb dərdləşirdim. Onunla dərləşəndən sonra nə qədər yüngülləşirdim. Elə bilirdim bütün ağırlığı üstümdən götürüb. Deyirdim mən də gəlmək istəyirəm. Sənsiz mənə hər şey çətindir, ağırdır. Görürdüm üzünü turşudur, heç nə deyə bilmirdim, susurdum. Bilirdim ki, nə demək istəyir.

Amma düruşuğundan, hərəkətindən görürəm ki, məndən narazılığı yoxdur. Mən də dilimi dinc qoymuram, gileylənirəm, dinib-danışmır, günakar kimi madım-madım üzümə baxırdı. Sonra da peşıman olub deyinirdim:

-Dilim-ağzım quruyaydı, gərək heç nə deməyəydim, yoxsa, xətrinə dəydim? O, incidiləsi adam deyildi. Amma özümdə o qədər də günah görmürdüm. Zarafat deyil, gör aramızdan nə qədər vaxt keçir. Evdən bir yana da çıxmırdım, deyirdim, gələr evdə tapmaz, inciyib qayıdar. Axırıncı dəfə bu evdən çıxmışdı axı.

***

Buna da bax: Balaca itin valsı

Yerində dikəldi. Xeyli otaqda göz gəzdirib böyüdülüb divardan asılmüş portretə üzünü tutdu. Portret otağın bir tərəfinə vurulub qarşısına stol, miz qoyulmuşdu. Stolun ustü güllərlə bəzədilmişdi:

–Yox bircə an da o stolun üstünü gülsüz qoymaram. Elə bilirəm stolun üstü gülsüz qalsa Sahib məni danlayacaq. Yox, yox danlanmaqdan qoruxmuram. Təki Sahib qapıdan içəri girəydi, ürəyi istədiyi qədər məni danlayadı, ürəyi nə istəyir deyəydi, bircə, bircə onu görə biləydim ki, qapını açıb içəri girir, bax onda ölsəm də dərdim olmazdı.

...Qorxuram ki, Sahib stolun üstünü gülsüz görüb məndən inciyər. Onu incitmək nədi, mən ona baxanda da gülmsəyərək baxıram ki, qoy mən qəmli-kədərli olmağımı heç sezməsin, sonra özünə dərd edər ki, mən niyə qüssəli görünürdüm.

Diqqətlə gözlərini portretə zillədi. Qarşısındakı insanla danışırmış, söhbət edirmiş kimi pıçıltı ilə danışmağa başladı:

-Səni tapandan sonra həyatın insan ömründə dəyərini anladım. Ömrümü mənalandıra bildim. Səni itirdim, səndən sonra öz gəncliyim, təravətim günbəgün əldən sivrilib getdi. Daha indən belə nə itiriləsi nə də arzulanası, can atılası bir şeyim qalmayıb. Bircə ona sevinirəm ki, öz ömrümü şam kimi əritsəm də əvəzində övladlarımın həyatını işıqlandıra bildim.

Sahibim mənim, zaman aramızdakı məsafəni uzatdıqca sənə daha da yaxınlaşıram. Şükür Allaha, hər şey sən istəyən kimi oldu. Yadındamı, deyirdin oğlumuz, qızımız olacaq. Oğlum qoy mənim kimi “liyotcik”-təyarəçi olsun, səmalarda dolaşsın, qızım həkim olsa yaxşıdır, insanların sağlamlığının keşiyində dursun.

İkisi də keşikçidi, bir səmaların keşikçisidi, biri insanların sağlamlığının keşikçisi. Əməlli-başlı üzlərini də görə bilmirəm.

Hə, onu da deyirdin:

-Qızım həkim olacaq, xəstələnəndə dərdimizə əlac edəcək. Qiz ata-anaya daha çox bağlı olur, ürəkdən can yandırır.

Gülümsündü. Üzünə təbəssüm qondu:

- Mənim pilyot balam, atasının ən böyük arzusunu yerinə yetirdi. Atası vertalyot da uçurdu, oğlum samalyotda uçur.

Şahin doğulan günü gülümsünərək demişdin: “Mən vertalyotda uçurumsa, gərək bizim oğlumuzu daha hündürlərdə uçmalıdır. İnanıram, buna nail olacaq”.

Amma heyif, bu günü görmədin. Oğlumuz səmanın uca zirvəsində uçur. Görkəmində, duruşunda-baxışıda, təkəbbürüdə, danışığında, sözünün ötkəmidə elə bil ki, sənsən. Amma o, sən deyilsən, bizimim oğlumuzdur. Oğul elə oğuldur. Hər kəsin öz yeri var.

Hə, onu da deyim, oğlunun oğlu; nəvən də var. Eynən atasının uşaqlığıdı. Atası necəydisə oda... ağlayanda dünya-aləm qovuşur. Kiritmək olmur ki... Yaman qaş-qabaqlı uşaqdı ha. Hər adamın quçağına getməz, xoşu gəlməyən adam quçağına alsa çır-çır çığırır. Anasına qan ağladır, atasına oxşayan köpəkoğlu.

-Hə, qız balandan; Samışından danışmadım. O da həkimdi, işi-gücü başından aşır. Bir oğlu, bir qızı var. Səhər çıxır, axşam qayıdır. Bəs yazıq neyləsin? İşi belə tələb edir. Yaxşı ki, uşaqlara baxmağa adam tutub, yoxsa başını itirərdi.

Yerindən durdu. Divardan tuta-tuta, yerində səndələyə-səndələyə portretin qarşısındakı stola yaxınlaşdı. Ehmalca mizi çəkib əyləşdi. Gözləri şəkilə zilləndi. -Ehhh, Sahibim!.. Sən elə həminki kimisən. Mən dəyişmişəm. Saçlarım ağarım. Daha taqətim qalmayıb. Əvvəlki şüxluğum itib, daha doğrusu, ilər sovrub hər şeyimi aparıb. Yerində təkcə sənin yolunu gözləyən mən qalmışam.

O gündən dilimə qıfıl vurub getmisən. Səninlə danışan dilim tutulub, səni görən gözüm kor olub. Daha ürəyimlə danışıram səninlə. Bəlkə də o gündən əbədi olaraq ürəyimə çəkilmisən? Nə bilim? Sən demə ürəyin də gözü var imiş, görə bilirmiş, dili varmiş danışa bilirmiş. Amma elə danışır, elə dinir ki, özündən başqa heç kəs onu duyub eşıtmir. Dərd-sərini özündən başqa heç kəslə bölüşə bilmir. Özün eşıdırsən, özün duyursan, bax, bu yaman ağır olur. Nə var ki, başqası ilə danışmağa, heç olmas bir az dərdini bölüşürsən səbrin genişlənir.

Hərdən onun səsi qulağımda səslənir. O səsi tapıntı kimi qulağımdan yaddaşıma köçürürəm ki, nişanə kimi qəlbimdə əbədi qalsın...

***

Həə, yadımdadır o günlər! Yel qanadlı illər gör nə tez gəlib kecir. Bir məktəbdə oxumuşduq. Mən 5-ci sinifdə oxuyanda, o, 10-cu sinifi bitirib müəllimlərin xeyr-düası ilə Tula şəhərində Aviyasiya Akademiyasına qəbul olundu. O gündən kənddə-kəsəkdə az-az görünsə də adı həmişə yaxşılığa hallanırdı. Məktəbtə müəllimlər oxumayan uşaqları utandırıb tənbeh edəndə həmişə Sahibin adını çəkirdi: -Sahib kimi oxuyun! Sahib kimi oxumaq lazımdır! –deyirdilər. Görürdün, şagirdlər Sahibin adı çəkiləndə sifətləri allanırdı, qızarıb-bozarırdılar. Onun adını çəkmək onala o qədər də xoş gəlmirdi. Hiss edirdim xiffətini çəkirdilər. Düzü, bu mənə çox xoş gəlirdi. Sevinirdim.

Bütün qızlar öz aləmində xəyallar qururdu. Sahib o xəyyallarını ağatlı oğlanı olurdu. Eşidib-biləndə cinlənirdim. Səsim də çıxara bilmirdim. Nə adla çıxarmalı idim? Bütün istək və arzularımı onunla qururdum. Amma mənə əlçatmaz kimi görünürdü.

Sahiblə küçədə qarşılaşdığım gün günahkar adam kimi özünü itirmişdim. Elə bilirdim keçirdiyim hisslərdən xəbərdardı. İçərimdə elə bil, nəsə qaynayıb aşıb-daşırdı. Bu həyacan, bu təlş nəyə görə idi özüm də dərk edə bilmirdim. Başını yerə dikib salam verib uzaqlaşmışdım.

Eh, Sahib səndən ötrü nə təlaşlar keçrdim, nə arzularda olmuşam xəbərin olmadı. Utandığımdan da heç nəyi sənə deyə bilmədim.

Biləndə Sahib mənə elçi göndərir, mənə xəyal kimi gəlirdi. Sevincimdən yerə-göyə sığışmırdım. Həmin axşam güzgünün qənşərinə keçib xeylı özünə tamaşa etmişdim. Gerçəkdən mən Sahibə yaraşırammı? –onda mən özüm-özümə suallar verirdim. Sonra da sualımın cavabı belə olurdu: -Yox, özünə yaraşdırmasaydı nə çoxdu qız, mənə niyə elçi göndərirdi? -düşünürdüm. -Demək hələ mən özüm-özümün qiymətimi bilməmişəm?! Sonra da altdan-altdan bicbicinə qımışmışdım. -Düz deyiblər alıcı hansı malın yaxşı olduğunu satandan yaxşı dəyərləndirir. Həm də axı onda, mən o dərəcə də özümü dərk etmək, qiymətləndirmək gücündə deyildim.

Sonra Sahıb bir neçə il qabaq məni göz altıladığını dedi. Heç kəsə bu haqda bir söz deməyib. Bir azda qapalı adamı idi. Bəlkə də ondan irəli gəlirdi, orasını bilmirəm.

...Bir neçə il urusetdə yaşadıq. Qarabağ savaşını eşidər eşitməz Sahib gəlib könüllülərə yazıldı.

Axırıncı dəfə evdən çıxanda baxışlarım üzünə zilləmişdi. Elə bil nitqim tutulmuşdu. Baxışımdan tutdu: -Hə, bilirəm, həmin günə özümü çatdıracam -dedi.

Fikirləşirdi, -bu gün harda olsa özünü çatdıracaq. O, nə vaxt söz verdisə mütləq yerinə yetirir. Mən əməlli-başlı hazırlıq görməliyəm. Yaxşı bir süfrə açmalıyam. Bu gün bayram-bayrama qarşacaq. Sahib gələcək, bəs necə olmalıdır? Yəqin eşidən, bilən də gələcək. Elədi də, onu süfrəsi nə vaxt qonaq-qarasız olub?! Elə Sahibin gəlişi bir bayram deyilmi? Heç əməlli-başlı bir üzünü görə bilirik? Evinə gəlib bir doyunca dincələ bilir ki? Yazığın günü-güzaranı elə çöldə-biyabanda keçir.

Televizorun səsi onu şirin xəyaldan ayırdı:

–Diqqət, diqqət!

-Hörmətli tamaşaçılar, bu günləri Sərsəng su anbarı ərazisində, təxminən saat 12 radələrində bir vertalyotumuz düşmən tərəfin açdığı sərrast atəş nəticəsində vurulmuşdur. İgid əsgərlərmizin sayıqlığı nəticəsində vurulmuş vertalyot düşmən tərəfindən götürülə bilməmişdir. Çox təssüf ki, iki pilyotumuz, Sahib Camalov, Bəşir Əsədov və içərisində olan digər şəksi heyyət qəhrəmancasına həlak olmuşdur.

Sonrasını bilmədi. Xəstəxanadan qayıdanda gördü ki, evdə dərin bir sükut höküm sürür. Onu da sonra bildi ki, özünü pəncərədən atıb. Nə qədər fikirləşdi, heç nə yadında deyildi. Təssüflənirdi: -Kaş, sağ qalmayaydım!

***

Buna da bax: Mənim babam sevgi qatili olub...

Birtəhər divardan tuta-tuta portiretin qarşısındakı stola yaxınlaşdı. Əlini portretin üzərində xeyli gəzdirdi:

-Xəbərin var, səhər uşaqların gələcəklər!.. Səni ziyarət edəcəklər. Aradan bir il də ötdü. Amma yox, ömrə etibarmı var, bu il sevgi günümüzü qeyd etməsək də, heç olmasa, yad edəcəm. Düz iyrimi beş ildir yasaq olunmuş gün.

Ehh, bu gün necə yasaq olundu. Elə bil, bu dərd öz ağrı-acısını bu günün sevincınə qatmaq üçün qəsdnən özünü bu günün içərisinə pərçimlədi. Bəlkə də bu günün sevincidən intiqam almaq üçün etmişdi?

Bu dəfə uşaqlara da deyəcəm ki, bu gün, həm də, atanızla mənim sevgi günümüzdür. Hər şey bu gündən pöhrələnib qol-budaq atdı, böyüdü. Heyif ki, bu günü 10-ca il birgə yaşaya bildik.

Onu da atanız ilk dəfə məndən xəbərsiz təşkil etmişdi. Onda axşam idi. Səbirsizliklə Sahibin yolunu gözləyirdim. Əlində qərənfil dəstəsi evə girəndə duruxdum. Dinmirdim, bir gül dəstəsinə, bir Sahibin üzünə baxırdım. Deyəndə ki, -təbrik edirəm! -Açığı çaşıb qaldım. Onda gülümsünərək: -Nə tez unutdun bu günü, bizim bir-birimizi sevməyimizin bir ilidir, -dedi. -Düzü sevincimdən bilmirdim nə edim. Əməlli-başlı çaş-baş qalmışdım. Sonra, hazırlaş, -dedi, -gedək bu günü qeyd edək.

Hazırlaşdım, gedib bir yerdə oturduq, atanla birlikdə ikimiz qeyd etdik. Gülə-gülə dedi ki, “bu gün tək bizə aiddir”. Şampanskı partlatdı. Mənim də qədəhimə süzdü. Birinci dəfə idi, əlmə badə almışdım. Bircə qurtum aldım, oda o günün şərəfinə. Həm də, onda, Şahinimə hamilə idim axı. Indi mənim liyotçik balama. Həm uşaq məni narahat edirdi, həmdə uşağı çox qoruyurduq. Hər yemək yemirdim ki, uşağa ziyan edər.

Sonrakı illər də qeyd etdik. Amma çox heyif, atanızı da həmin günü itirdik. O gün daha yasaq olundu. Düzdü, qəlbimdən heç vaxt çıxmamışam, amma o gündən Sevgi günü qara gün kimi yad edildi. Atası, anası, yaxın doğmalarımızla birgə bu günü Sahibin qəbrini yad edirdik, qəbrinin üstünə əklil qoyurduq. Get-gedə adamlar seyrəkləşdi. Atası-anası haq dünyasına qovuşdu. Sonra balalarımla hər il gedib özümüz yad edirdik. Indi onlar uzaqda olsalar da hər il gəlib atalarını yad edirlər.

***

Başı hərlənirdi, özü öz ürəynin döyüntüsünü eşıdırdı. Elə bilirdi, bu andaca ürəyi quş kimi sinəsindən qanad çalb uzaqlara, lap uzaqlara uçüb gedəcək. Gözlər qaralırdı. Qarşısındakı hər şeyi iki görürdü. Yatağına tərəf gəldi. Özünə toxtaqlıq verməyə çalışırdı. -Döz, döz, bir az da, döz!

Divara söykənib dərindən nəfəs aldı:

-Görüm özümü yatağa çatdıra bilirəmmi? -fikirləşdi. -Yerə yıxılaram,.. uşaqlar gəlib məni belə görməsinlər! Dərindən nəfəs alıb verirdi: -Bir balaca dözümüm olaydı... əcəl imkan verəydi uşaqları son dəfə görə biləydim....

Həyətin qapsı açıq idi. həyət-bacada sakitlik höküm sürürdü. Uşaqlar qapıdan içəri keçib bir-birinin üzünə baxdılar. Dinmədilər. Tələsik içəri keçdilər.

Başını yasdığın üzərindən dikəltmək istədi. Başı boynundan sürüşürmüş kimi yasdığın üstünə düşdü.

-Samirə deyəsən anamın ... Kövrəldi, sanki kədər gözlərinə dolmuşdü, gözləri yaşarmışdı. Qəhəri içində boğurmuş kimi boğazını artladı. Bir necə dəfə öskürümüş kimi dərindən nəfəs aldı.-Bəlkə xəstəxanaya...

Diqqətlə uşaqların üzünə baxırdı.Dərindən nəfəsini dərib, qırıq-qırıq səslə:

-Sizz gəlldinizz? -Gülmsünmək istədi. -Heç narahat olmayın, mən gedəcəm!

Qızı doluxsunub: -Hara gedirsən, ay ana?

-Atanız içazə verdi...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG