Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:38

Donald Trump öz prezidentliyinin ilk 100 günündə görəcəyi işləri Youtube-da yerləşdirdiyi videoda açıqlayıb: ”...Enerji haqda. Mən Amerika enerjisinin istehsalına məhdudiyyətləri götürəcəm”.

Trump Amerikanın federal torpaqlarının və eləcə də federal sularının daha çox hissəsini neft və qaz istehsalına açmaq istəyir. Trump may ayında da deyirdi ki, “Amerikanın istifadə olunmayan inanılmaz enerji potensialı var.”

Trumpın planı reallaşsa, ABŞ ölkə daxilində böyük neft istehsalına başlasa, bu, neftin qiymətinə necə təsir göstərəcək?

Bu sual Azərbaycan kimi ölkələr üçün həyatı əhəmiyyətlidir. 2017-ci ilin büdcəsində neftin baza qiyməti 40 dollardan götürülüb. Neft 40 dollardan aşağı düşsə, və uzun müddət belə qalsa, Azərbaycan büdcə layihələrini reallaşdıra bilməyəcək.

ABŞ HAZIRDA NƏ QƏDƏR NEFT ALIR?

ABŞ daxili istehsalı nə qədər arttıra bilər? Bunun yuxarı həddi gündə 9,4 milyon barreldir. ABŞ-ın rəsmi Enerji İnformasiya Administrasiyasının məlumatına görə,ABŞ 88 ölkədən gündə məhz 9,4 milyon barrel neft alır.

ABŞ-ın aldığı neftdə Səudiyyə Ərəbistanının payı 11 faizdir.

ABŞ-a gələn neftdə ən böyük payı olan Kanadadır -40 faiz.

OPEK ökələrinin ABŞ-a neft idxalında ümumi payı 31 faizdir.

NEFT 25 DOLLARA DÜŞƏ BİLƏR

Trump planının neftin qiymətinə təsiri barədə Forbes jurnalı investor məktubunu dərc edib. Orda həmin sərmayəçi yazır ki, “...ABŞ-da neft istehsalına məhdudiyyətlər götürülsə, Trumpın bu enerji siyasəti neftin qiymətini 25 dollar civarına gətirib-çıxaracaq və neft bu qiymətdə uzun müddət qalacaq.”

Ancaq neftin yüksək qiymətində maraqlı olan Azərbaycan kimi ölkələr üçün ümid yeri də var. O da Trumpın neft planlarının gec reallaşmasıdır.

NEFT BUMU. ANCAQ NƏ VAXT?

CNBC televiziyası hesab edir ki, Trumpın vəd etdiyi enerji bumu başlayanda Trump artıq prezident olmayacaq. Yəni bu, çox-çox sonra baş verəcək.

CNNMoney başqa amili – dolları göstərir. Trumpın seçilməyi və iqtisadi planları indinin özündə dolları qaldırıb. CNN Goldman Sachs maliyyə qurumunun rəyini sitat gətirir ki, dolların qalxmağı neftin qiymətini aşağı salır, bu düzdür, ancaq gərək neft istehsal oluna ki, qiyməti də aşağı düşə. İstehsala maraq isə güclü dollar vaxtında zəif olacaq. Çünki güclü dollar ABŞ-ın şist neftini rəqabətqabiliyyətsiz edir.

Financial Times qəzeti yazır ki, Trumpın qadağaları götürməsi ilə bazara nə qədər neft çıxacaq?- bu, dəqiq bilinmir. Ekologiyanın Müdafiə Fondundan Financial Times qəzetinə deyiblər ki, neft istehsalında qaydaların dəyişdirilməsi sadə məsələ deyil. Təkcə ekolologiya ilə bağlı xeyli tənzimləyici qanunlar var. Ona görə, 2020-ci, hətta 2025-ci ilə neft istehsalı eyni səviyyədə olacaq.

Enerji eksperti Kevin Book da Financial Times qəzetinə deyib ki, yaxın dövrdə nefti daha çox bazar idarə edəcək, nəinki Trump hökuməti.

Trump neft istehsalına qadağaları həmçinin Arktik sularda götürmək istəyir. Ancaq Financial Times yazır ki, Royal Dutch Shell burda böyük neft ehtiyatı tapa bilməyəndən sonra Arktikada neft kəşfiyyatı 2015-ci ildən yerində sayır.

CNN isə hesab edir ki, neftin dünya qiymətinə təkcə Trumpın bilavasitə eneri siyasəti təsir etmir. İran, Rusiya kimi amillər də var. Məsələn, İranla nüvə sazişi ləğv olunsa, neftin qiyməti kəskin qalxacaq. Buna görə də CNN-nin fikrincə, həttaTrumpın enerji siyasəti neftin qiymətini dəyişsə belə, İran kimi amillər həmin dəyişikliyi tarazlaşdıracaq.

OPEC DAHA ÇOX TƏSİR EDƏCƏK

Göründüyü ki, Trumpın planları neftin qiymətinə necə təsir edəcək?- sualına nüfuzlu Qərb mediasının özündə də birmənalı cavab yoxdur. Amerikada yaşayan azərbaycanlı iqtisadçı Fariz Hüseynli AzadlıqRadiosuna deyir ki, “yaxın dövrdə neftin qiymətinə OPEC qərarlarının təsiri daha böyük olacaq, nəinki Trump hökumətinin.

Trump istehsalı stimullaşdırmaq istəyir, bu baxımdan neftin qiyməti düşə bilər, ancaq o biri amillərin təsiri bu düşməni tarazllaşdıra bilər.

Trumpın planlarının reallaşmasına gəlincə, Trump hökuməti köklü islahata gedəcəkmi? – Bu, sual olaraq qalır. Əgər köklü dəyişikliyə gedəcəksə, bu, əlbəttə vaxt aparacaq.

Burda ştatların da bu məsələlərdə öz muxatariyyəti var.Demək olmaz ki, prezident dərhal öz istədiyini edəcək. Hal-hazırda məsələn, Şimali Dakotada boru kəməri kiçik bir yerdə yerli qəbilələrin ərazisindən keçir və onlar etiraz nümayişi edir. Aylardır ki, nümayişlər gedir. İndi daha böyük boru kəmərinə qərar verilsə, ola bilsin ki,daha böyük nümayişlər olsun. Və yaxud ekoloqların iradları. Bundan başqa, Konqresin də razılığını alımaq lazımdır. Bir sözlə, Trump əhəmiyyətli dəyişiklik etmək istəsə, buna vaxt tələb olunacaq”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG